Şənbə , May 25 2024
Ana səhifə / Cəmiyyət / Ərəblər Azərbaycandan küsüblər – Ölkəmizə niyə gəlmirlər?

Ərəblər Azərbaycandan küsüblər – Ölkəmizə niyə gəlmirlər?

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Səudiyyə Ərəbistanından Türkiyəyə gələn ziyarətçi sayının bu il 1 milyona çatacağını deyib.

Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrinin son dərəcə əhəmiyyətli olduğunu bildirən Mehmet Nuri Ersoy “İki ölkə arasında turizm əlaqələri yaxşı gedir və bu, rəqəmlərdə də özünü göstərir. 2022-ci ildə 500 min olan Səudiyyə Ərəbistanından Türkiyəyə gələn ziyarətçilərin sayı 2023-cü ildə 820 minə yüksəlib. Ümid edirik ki, bu il bu rəqəm bir milyona yüksələcək”. 

Türkiyədən Səudiyyə Ərəbistanına 2022-ci ildə 180 min olan ziyarətçi sayının 2023-cü ildə 670 minə yüksəldiyini deyən Ersoy, Səudiyyə Ərəbistanının başlatdığı elektron viza müraciəti sayəsində bu rəqəmlərin daha da artacağını bildirib. 

Qeyd edək ki, ölkəmizə cari ildə 2 milyona yaxın turist gəlib ki, bu rəqəm pandemiyadan əvvəlki rəqəmdən də azdır. Onu da vurğulayaq ki, bir neçə il öncə ölkəmizə gələn turistlər arasında Səudiyyə Ərəbistanı, BƏƏ-dən gələn turistlər də üstünlük təşkil edirdi. 

Hazırda Səudiyyə Ərəbistanından gələn turistlərin sayında da ciddi azalma var. Belə ki, 2022-nin 8 ayında bu ölkədən Bakıya 87 min turist gəlmişdisə,

2023-ün eyni dövründə 59 min turist gəlib. Ölkəmizə ərəb turistlərin səfərlərinin azalmasını isə müxtəlif səbəblərlə izah edirlər.

Ölkə gəlirlərinin artmasında mühüm rol oynayan turizmin, o cümlədən ərəblərin səfərlərinin azalması nə ilə bağlıdır? 

“SKAL” Turizm Peşəkarlar Assosiasiyasının sədri Ceyhun Aşurov “Cebhe.info”-ya bildirdi ki, Türkiyə son dövrdə pandemiyadan əvvəlki statistikanın üzərinə çıxa bilən bir ölkədir: 

“Bu sektorda bir neçə ölkə var ki, onlardan biri də Türkiyədir. Ötən il Türkiyəyə 57 milyon turist gəldi və  56 milyard dollar da gəlir gətirdi. Növbəti hədəfləri 60 milyon turist və 60 milyard gəlirdir.

Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Belə ki, pandemiyanın ilk dövrlərində ərəb ölkələrindən daha çox turist gəlirdi. Bunun da müxtəlif səbəbləri vardı. Hətta ondan əvvəlki dövrdə də ərəb ölkələrindən vizalar asanlaşdı, Dubaya getməkdə vizalar aradan qaldırıldı, bir çox ölkələrdən təyyarə ilə uçuş nöqtələri müəyyən olundu. 

Artıq hava yolları ilə də rahat gəliş-gediş üçün imkanlar yaradıldı. Bizdə quru yolları bağlı olsa da, ancaq hava sərhədləri açıqdır. Pandemiya aradan qalxdıqca dünyada turizm hərəkətliliyi də artmağa başladı. Avropadaxili turist səfərləri daha rahat idi və bəzi, o cümlədən ərəb ölkələrindən vizaların verilməsi ilə bağlı bəzi məhdudiyyətlər vardı.

Artıq o məhdudiyyətlər aradan qalxdıqca, həm Azərbaycanın payına düşən ərəb, körfəz ölkələrindən olan turistlər Avropaya, digər ölkələrə də səfərlər etdilər. Hətta Ukrayna müharibəsindən öncə o ölkəyə də çox sayda ərəb turistləri getməyə başlamışdılar. Yəni turistlərin hərəkətliliyi elastikdir və ölkələr çalışır ki, turist axınından pay götürsünlər. 

Azərbaycan da hədəf bazarlarda nümayəndəliklər açır, sərgilərdə imkanlar nümayiş etdirirlər. Nəzərə alsaq ki, Azərbaycana ən çox turist qonşu ölkələrdən gəlir. 2023-cü ildə Azərbaycana gələn turist sayı 2 milyon ətrafında olub və 1,4 milyard dollar gəlir götürmüşük. Bu Gürcüstandan sayına, gəlirliliyinə görə 3 dəfə azdır.

Azərbaycanın strateji hədəfləri də var. Xüsusən də hədəf bazarı kimi Hindistan, Çin, eləcə də ərəb ölkələri ilə bağlı müəyyən işlər görülür ki, gələcəkdə əməkdaşlıq dərinləşsin. Eləcə də Şərqi Avropa ölkələri ilə yeni marşrutlar açılır ki, töhfə versin. Azərbaycan daha çox turist məhsullarının çeşitliliyini artırmalıdır, hava yerlərinin sayını təşviq etməlidir.

Azərbaycan beynəlxalq hava limanlarının işini daha səmərəli təşkil etməlidir. Daha münasib qiymətlərin olması üçün ucuz hava daşıyıcılarının olması turist sayına təsir edər. Turpaketlərin qiymətində bəzən yarıya qədər olan payına nəqliyyat xərcləri düşür. Bu da çox vaxt hava nəqliyyat vasitəsi ilə olur. Ucuz hava daşıyıcıları daha çox çalışarsa, digər hava limanları aktivləşə bilər, turistlərin gəlişinə stimul yarada bilər və gələcəkdə quru sərhədlərin açılması da buna öz töhfəsini verə bilər”.

Ərəb turistlərin məhz bəzi “işbazlar”ın sayəsində ölkəmizdən uzaqlaşmasına gəldikdə isə, ekspert bu fikirlə o qədər də razı deyil: 

“Turizm ölkələrində bu kimi faktlara rast gəlmək mümkündür. Ancaq ərəb ölkələrindən gələn turistlər adətən davamlı turistlər olmur.  Onlar xoşlayır ki, müxtəlif yerlərə getsinlər.

Azərbaycana gələn ərəb turistlər bir müddət sonra Gürcüstana, sonra Ukraynaya, daha sonra Avropaya, Rusiyaya axın etdilər. Yeni yerlərə getmək onlar üçün çox maraqlıdır. Bu dəyişkənlik onlarda var. Hər millətin öz vərdişləri var.

Sadəcə olaraq, məhdudiyyətlərin azalması, daha çox dünya ölkələrinin turizm üçün çalışması ərəb turistləri üçün əlavə imkanlar yaratdı ki, müxtəlif destinasiyalara getsinlər”.

Həmçinin oxuyun

Şagirdlərin ağır yükü: Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

“Məktəbli çantası nə etsin ki, bizim təhsildə proqram ağırdır”. Bu fikirləri Yenicag.az-a açıqlamasında məktəbli çantalarının ağırlığının …