Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Cəmiyyət / “Belə çıxır ki, deputatın geyindiyi kostyumun qiyməti 2000-3000 manat arasında dəyişir?”

“Belə çıxır ki, deputatın geyindiyi kostyumun qiyməti 2000-3000 manat arasında dəyişir?”

Ötən həftənin ən yaddaqalan müzakirələrindən biri də millət vəkillərinin əməkhaqları ətrafında oldu. Əslində, bu yöndə olan müzakirələr və daha dəqiq desək, etirazlar hələ indinin özündə də səngiməyib. İnsafən demək lazımdır ki, vəziyyətin bu cür hal almasının başlıca günahkarı etiraz edənlər deyil, elə bəzi deputatların özləri oldu.
Hamımız bilirik ki, deputatlıq Azərbaycanda prestijli status sayılır. Əslində, bütün dünyada belədir, ancaq Azərbaycanla bağlı bu statusun daha maraqlı özəllikləri var. Xalqımızın mental xüsusiyyətində rəhbərə, tanınmış ziyalı adamlara, xüsusilə də sinəsində millət vəkili nişanını gəzdirənlərə hörmət bəsləmək kimi bir özəllik var. Bunu danmaq olmaz. Əminik ki, bizim hazırkı deputatlarımızın aldıqları əməkhaqlarından əlavə də gəlir yerləri var. Onların etdikləri xahiş dərhal icra olunur. İstədikləri məsələni daha asan yolla həll edə bilirlər ki, yeri gələndə bu da onlara əlavə dividendlər gətirir. Deputatların digər maliyyə qaynaqlarının haradan olduğunun dərinliyinə çox da varmaq istəmirik, ancaq hesab edirik ki, onların guya acınacaqlı durumda yaşamaları ilə bağlı qaldırdıqları səs-küy xalq arasında heç də yaxşı qarşılanmayıb. Məhz elə bunun da nəticəsidir ki, bu mövzuya etirazlar bir neçə gündür davam edir. Fikir verək, ən adi deputatın əməkhaqqı 2000 min manat civarında olub.

Son plenar iclasda həmin məbləğ bir qədər də artırılıb və nəticədə bundan sonra millət vəkilləri daha çox pul alacaqlar. Amma onların büdcədən maliyyələşməsi bununla da bitmir. Hər birinə köməkçi saxlamaq üçün əlavə ştat təhkim olunub ki, onun da pulunu dövlət ödəyir. Əlavə xərclər, xarici səfərlərin də xərcini dövlət qarşılayır. Gəlin qanunvericiliyə edilən son dəyişiklikdən sonra deputatların büdcədən nə qədər vəsait alacağına diqqət edək. Milli Məclis deputatlarının maaşları və onlara verilən əlavələri də artırandan sonra belə bir mənzərə yaranıb.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclisin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Dəyişikliyə əsasən, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Sadə azərbaycanlı, hətta deyərdik ki, alim, həkim, mühəndis üçün bu məbləğ göz qamaşdıra bilər. Ancaq gəlin görək bizim bəzi millət vəkillərimiz dövlətin onlara etdiyi yaxşılığa, jestə minnətdarlıq əvəzinə nə ilə cavab verdilər? Sadə dillə desək, 2500-3500 arası maaşa qane olmayanlar, əməkhaqlarının niyə 8-10 min arasında olmaması ilə bağlı umu-küsü belə etməkdən niyə çəkinmirlər? Əslində, onların tələbləri ilə bağlı ortaya qoyduqları əsaslandırıcı fikirləri xalqın daha çox etirazına səbəb oldu. 2500 manat aylıq əməkhaqqına qane olmayan bəzi deputatlarımız deyirlər ki, onların xərci çoxdur: ailələri, uşaqları var, onları xeyirə-şərə çox çağırırlar. İndi mövzuya onların məntiqi ilə yanaşsaq, belə çıxır ki, başqa kateqoriyadan olan azərbaycanlılar evdə uşaq yox, nəsə başqa məxluqat saxlayır və onlar xeyirə-şərə yarımırlar. Eləyə qalsa, müşahidələrimizə əsasən deyə bilərik ki, sadə azərbaycanlı ailələri xeyirə-şərə getməklə bağlı bizim millət vəkillərinin çoxundan daha punktualdırlar. Bəli, biz onu da bilirik ki, bizim sinəsinə döyən millət vəkillərinin çoxu heç qohum-əqrəbasının xeyir-şərində iştirak etməyi şəninə belə sıxışdırmır. Onlar bu istiqamətdə olan “rasxod”larının çoxluğu ilə bağlı giley-güzar edəndə, təbii ki, 100 manat salınması zəruri olan sadə məclisləri nəzərdə tutmurlar. Özlərini aid etdikləri elitar təbəqəyə xas olan məclisləri nəzərdə tuturlar ki, ora da bəlkə biraylıq maaşları həcmində nəmər salırlar. Hörmətli millət vəkillərinin can atdığı təbəqə ilə ayaqlaşa bilməməsinin günahı nə bizdədi, nə də onlara əməkhaqqını təyin edən dövlətdə. Çox yaxşı olar ki, onlar oliqarxiya ilə deyil, içindən çıxdıqları xalqla özlərini, əməkhaqlarını müqayisə etsinlər. Etmirlər! Etsəydilər, özlərini biabır edən belə bir müzakirəni ortaya qoymazdılar. Əməkhaqqının azlığına şikayət edən başqa bir deputat isə quşu lap gözündən vurub. Deyib ki, bu millət vəkilinə elə əməkhaqqı vermək lazımdır ki, heç olmasa özünə bir dəst kostyum ala bilsin. İndi gəlin bu yanaşmanı təhlil edək. Bazarda istənilən qiymətə kostyum almaq olar.

Orta səviyyəli yaxşı kostyumu 300 manata almaq olar. 2500 manat əməkhaqqı alan deputat ayda özünə bir dəst kostyum alsa, bu onun büdcəsinə elə də ciddi təsir etməz. Demək ki, bu tələbi edən deputat başqa söz demək istəyib. Yenə gəlirik təbəqə məsələsinə. Yəni belə çıxır ki, deputatın geyindiyi kostyumun qiyməti 2000-3000 manat arasında dəyişir. Buna görə də onalr biraylıq maaşlarına heç bir dəst kostyum da ala bilmirlər (?). Biz hələ parlamentdə təmsil olunan çoxlu sayda biznesmen millət vəkilinin yaşayış tərzindən danışmadıq. Əminik ki, onlara verilən əməkhaqqı olmasa belə, yaşayışlarına minimum təsiri olmaz. Bu məsələdə millət vəkillərimiz ilk növbədə başlarının üstündə Allahı görüb danışmalıdırlar. Öz maddi vəziyyətlərinə baxıb, Tanrıya şükür etməlidirlər. Əhali arasında narazılıq yaratmamaq üçün isə öz yüksək məvaciblərinin deyil, başqa təbəqələrə aid olan insanlarım əməkhaqlarının qaldırılmasını tələb etməliydilər. Bax onda indiyə qədər dövlətdən aldıqları və millət vəkili statusundan istifadə edərək qazandıqları onlara halal olardı. Artıq Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi ilə bağlı fikirlər səslənməyə başlayıb. Deyəsən, həqiqətən yeni parlamentin formalaşmasına ciddi ehtiyac yaranıb!

(“Bakı-Xəbər” qəzeti)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …