Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / 103 SAYLI MƏKTƏBİN KOLLEKTİVİ İLƏ ŞAİR ƏLİ RZA XƏLƏFLİNİN GÖRÜŞÜ KEÇİRİLDİ

103 SAYLI MƏKTƏBİN KOLLEKTİVİ İLƏ ŞAİR ƏLİ RZA XƏLƏFLİNİN GÖRÜŞÜ KEÇİRİLDİ

Əli Rza Xələfli: “Bəsirət gözü açılan insan eybəcərlikləri görür, sonuncu dayaqlarını itirir və tənhalaşır…”

Şair, yazıçı, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin 70 yaşı – yubileyi münasibətilə düzənlənən bütün törənlər yaddaşlarda maraqlı hadisə kimi qalır. Hər dəfə fərqli auditoriyalar…hər dəfə fərqli nüanslar…amma sonucda Vətən-vətəndaş təəssübkeşliyinin vəhdətində birləşən duyğusal görüşlər… Çox maraqlıdır ki, onu alimlər, filoloqlar – ədəbi-bədii dünyamızda öz sözünü demiş düşüncə, fikir adamları da dəyərləndirir, onun yaradıcılığından öz kiçik baxış bucaqlarında xüsusi sevgi ilə zövq alan məktəb yaşlı şagirdlər də. Təpədən-dırnağa İNSANLIQ, AZƏRBAYCANÇILIQ dəyərlərinin tərənnümçüsü olan şair Əli Rza Xələfli ilə Bakı şəhəri Xocahəsən qəsəbəsindəki 103 saylı məktəb kontingentinin xüsusi coşqu ilə baş tutan görüşü də belə hadisə-təmaslardan birinə çevrildi. Görüşdə şagirdlərin kitaba, sözə, sənətə münasibətində müsbətə doğru böyük bir gəlişmə baş verdiyi müşahidələrimizdən yayınmadı. Bu məqam heç şübhəsiz ki, gələcəyimizə atılan körpü kimi ən yüksək səviyyədə dəyərləndiriləcək amillərdən biridir. Azərbaycan məktəblisi vətənpərvərliyə, kitaba, humanist duyğular yüklü poeziyaya üz tutur. Hər belə bir görüş xalqımızın yaşaması, dövlətimizin möhkəmlənməsi yolunda böyük cığırların təmərküzləşməsinə öz töhfəsini vermiş olur.

Detallara keçək.

Səma Həmzəyeva: “Qələbədən sonra şagirdlər belə görüşlərə həvəsləniblər”

Şair Əli Rza Xələflini və onunla təşrif buyuran qonaqları görüşün keçirildiyi, başdan-başa pedaqoji kollektiv və şagirdlərlə dolu olan akt zalında 103 saylı məktəbin direktoru Səma xanım Həziyeva salamladı. Səma xanım Əli Rza Xələflini yubileyi münasibətilə də təbrik edərək məktəb kontingentinin daima belə görüşlərə xüsusi önəm verdiyini qeyd etdi. Onu da bildirdi ki, Vətən müharibəsindəki Zəfərimiz, Qarabağ torpaqlarının işğaldan azad olunmasından sonra belə görüşlərin əhəmiyyət çərçivəsi bir qədər də artmış, şagird və müəllimlərin düşüncə, sənət adamları ilə bir araya gəlməsi xüsusi önəm kəsb etmişdir. Üstəlik, indiki görüşlər torpaqlarımızın işğalda olduğu zamanlarda keçirilən təmaslardan çox fərqli alınır. Çünki əvvəlki həvəssislik, depressiv vəziyyətlər şükürlər olsun ki, arxa plana keçmiş, uşaqlarımız xüsusi həssaslıqla həm o dövrü öyrənməyə başlamış, həm də möhtəşəm Qələbəmizdən sonrakı Azərbaycanın gələcəyinin necə qurulması və necə qorunması kimi vacib nüansları mənimsəməyə meyllənmişlər.

Şairlə qısa tanışlıq

Çıxış üçün söz alan məktəbin dil-ədəbiyyat müəllimi və tədbir-görüşün moderatoru Sevinc xanım Əhmədova 1953-cü ildə Qarabağın Cəbrayıl bölgəsinin Xələfli kəndində anadan olmuş şairin avtobioqrafiyasını və yaradıcılıq məhsullarını ardıcıllıqla sadalayaraq onu görüş iştirakçıları ilə yaxından tanış etdi. Sevinc xanım həmçinin bütün yaradıcılığını oxuduğu şairin nəsr əsərləri və şeirlərinin Qarabağ, yurd nisgili, Vətən sevgisi üzərində qurulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı, onun şeirlərinin tədbir boyu bir sıra məktəb şagirdləri tərəfindən bədii qiraətlə əzbərdən söyləniləcəyini dedi.   

Sonra söz alan şair Əli Rza Xələfli 70 illik həyat və yaradıcılıq yolunda baş vermiş önəmli hadisələr, təbəddülatlı məqamlar barədə məlumatları görüş iştirakçıları – oxucuları ilə bölüşdü. Məlum oldu ki, şair Azərbaycan tarixi üçün çox önəmli bir yerdə – tarixi Xudafərin körpülərinin arasındakı “Sınıq dərə” deyilən ərazidə o dövrün yarıtikili bir çobanlar məskənində, el arasında qarın “alaçalpo” deyilən formada yağmasının soyuq-sazağı içərisində doğulub. Yağan qar və doğulan oğlan uşağı…bu iki anlam xalqımızın yanaşmasında bərəkətli gələcək anlayışlarını möhürləyib. Qarın soyuqluğu, insanı üşütməsi belə məqamlarda təsirsizdi. Çünki insanlar yalnız uşağın, bir qədər də azərbaycansayağı yanaşsaq, oğlan doğumlu uşağın gətirdiyi istiliyin fərqində olarlar… Bu dəfəki istiliyi isə Əli Rza Xələfli ərməğan etmişdi onlara.

Söz həkimi Əli Rza Xələfli

Zəruri ekskurs: O zaman qəfildən peyda olan bir “baxıcı” qarda doğulan uşağın həkim olacağını, ancaq xəstələri sözlə sağaldan həkim olacağını iddia edir. Sözdən daşlar hörən, dəyirman quran sənətkarın fiziki və əbədi ömrü barədə bir söz deyə bilmir baxıcı. Əslində bunu söyləmək heç mümkün də deyil. Bu, zamanlara sığmayan bir hikmətdi. Azərbaycanımızın böyük şairi Musa Yaqub Xaqani Şirvani yaradıcılığını dəyərləndirərkən onun “Söz” adlı dəyirmanının əsrlərlə işlədiyini, məhv olan bütün dəyirmanlardan fərqli olaraq onun dəyirmanının heç zaman “nə şindanının, nə təknəsinin boşalmadığını” yazır. Səbəbini izah edərkən “son bərəkət paylamısan yurda-elə” deyir.  Bizim müasirimiz, dostumuz Əli Rza Xələflinin “söz həkimliyi”nin də ömrü inşallah zaman çərçivəsində məhdudlaşmayacaq, bütün dövrlərdə doğma xalqının dərdinə-sevincinə şərik olacaq. O, gözəl əməlləri ilə insanlara vəsilə, dərman olacaq müalicəsini bu xalq durduqca davam etdirəcək. Şairin özünün bir yanaşması ilə dəyərləndirsək, doğrudan da axı “ağıllı övlad hamınındır…”  

…Yaradıcılığa isə 4-cü sinifdən başladığını dedi ədibimiz. Yenə atası Zal kişinin əhatəsindəki çobanlar, doğuluşunda onu soyuqdan qoruyan alaçıqlar dadına çatır gələcəyin şairinin. “Koroğlu” dastanının “Koroğlunun Bağdad səfərinin” motivlərini çobanların həyatında və həyati obrazlarında fokuslaşdıran məktəbli “Alaçığa girib oranı dağıdan ayı”nın hekayəsini canlandırmaqla bir növ gələcək debütlərinin əsasını qoymuş olur. Və başlayır…

…Sonra tələbəlik, müəllimlik illəri, daxili çırpıntıların onu yalnız yazmaqla, ürəyindəkiləri boşaltmaqla təskinləşdirməsi həyatının çalarlarını müəyyənləşdirir. Doğma yurd yerlərinin, Qarabağın işğalı, heç yuxusuna da girməyən qaçqınçılıq həyatı isə yazar dostumuzun yaradıcılığının kulminasiya nöqtələrində qərarlaşır. Əli Rza Xələflinin şagirdlərin çoxsaylı suallarına cavab verərkən hansı kövrək anları yaşadığını isə canlı olaraq bütün tədbir iştirakçıları gördü. İkili hisslər keçirirdik görüş boyu. Onun halına acıdıq da, belə həssas qəlbli yazarımızın olduğundan sevindik də.

Görüşdə söz alan jurnalist-publisist Nəzirməmməd Zöhrablı Əli Rza Xələflinin müxtəlif səpkili yaradıcılığı ilə illər öncə tanış olduğunu, onun bir sıra əsərləri haqqında yazılar yazdığını dedi. O, şagirdlərə Ə.Xələflinin əsərlərini ədəbi aləmə Azərbaycanın, tarixini, coğrafiyasını, mədəniyyətini, ədəbiyyatını, zəngin milli-mənəvi dəyərlərini, bütün dərd-sərini, eləcə də gözəlliklərini əhatə edərək gətirməsi baxımından dəyərləndirərək oxumağı tövsiyyə etdi. 

Şairlə görüşə qatılanlar arasında ixtisasca neft mühəndisi, ədəbiyyata və Əli Rza Xələfli yaradıcılığına xüsusi önəm verən Rəsul Əhmədov da var idi. Rəsul müəllim bir neçə kəlmə ilə Əli Rza Xələfli yaradıcılığını və onu əhatə edən ədəbi mühiti yüksək dəyərləndirdiyini söylədi. Şagirdlərə səslənərək ədibin xüsusilə vətənpərvərlik nidalı əsərlərinin çox böyük mahiyyət kəsb etdiyini, onları oxuyub-öyrənməyin son dərəcə vacib olduğunu bildirdi.

Sonra tədbirin moderatoru S. Əhmədova sözü Əli Rza Xələfli şeirlərini əzbərdən söyləyən VI sinif şagirdlərinə verdi. Şagirdlər Fatimə Məmmədli,  Jalə Bayramlı, Ayan Abbaslı, Amin Məmmədzadə, Fatimə Vəliyeva ədibin şeirlərindən parçalar söylədilər. Onların çıxışları tədbirin ahənginə bir qədər də harmoniya, coşqu gətirdi. Ardınca 6d sinif şagirdi Hacırəsul Əli Rza Xələfli yaradıcılığından ruhlanıb qələmə aldığı həvəskar şeirlərini oxudu:

Qarabağ canımızdır.

Türklüyü qanımızdır

Ay-ulduzlu bayrağımız

Daima ucalacaqdır.

Başını dik tut, şəhid anası,

Tökülən qanlar qalmadı qisassız

Artıq azaddır torpaqlarımız,

Qarabağda dalğalanır bayrağımız.

Təzadlar alnıma yazılan yazı…

Görüşü başdan-başa sarmış səmimi atmosferdən ruhlanan müəllim və şagirdlər 70 yaşlı ədibimizi sual atəşinə tutdular.  Şagirdləri ən çox maraqlandıran Əli Rza Xələflinin ictimai prosesləri şəxsi dəyərləndirmələri, yaradıcılığının müxtəlif konturları və təbii ki, Qarabağ mövzuları idi. Cavablarsa əlbəttə, gözlənildiyi kimi hər şeyin zirvəsində İNSAN faktoruna söykənilməklə davam edən yaşam tərzimizin müxtəlif bucaqlarının görüş iştirakçılarına çatdırılması üzərində qurulmuşdu.

Səmimi ortamda, maraqlı tanıtım həvəsilə verilən suallar “Əli Rza Xələfli əslində kimdir” sualı ilə başladı. Şair bu suala “bütün zəhmətləri, əziyyətləri çəkməyə hazır olan sıravi Vətən övladıyam” cavabını verdi. Təbii ki, gördüyü müəyyən işlərdən, yaradıcılığından danışdı və “mən aldığım təqaüddən də bir qədər məsrəf edirəm ki, bu missiyanı daşıya, Azərbaycan cəmiyyəti, Azərbaycan ədəbiyyatı üçün “Kredo” qəzetini çap edə biləm. Çünki bunu boynuma düşən yük hesab edirəm” söylədi. Amma şagirdlər onu yaradıcılığı barədə daha geniş danışmağa və ən gözəl yazısının hansı əsər olduğunu söyləməsində israr etdilər. Cavabında şair ən gözəl əsərini vaxtilə “Neft daşları” haqqında yazdığı oçerki hesab etdiyini dilə gətirdi. İzahını isə orda insan zəhmətinin tərənnümünün əks olunması ilə şərh etdi. Tələbkarlıq nümunəsi kimi görünən şagirdlərdən “cəmiyyətin nizamı necə qorunur” sualına cavab istəməsini eşitmək daha maraqlı idi. Şair cavabında bildirdi ki, cəmiyyətin nizamı müəyyən insanların həyatını, zəkasını, savadını, fəaliyyətini insanlığın qorunmasına sərf etməsi sayəsində pozulmayıb.

Növbəti sual yaşın gətirdiyi təbəddülatlara vəsilə olduğundan, şair bir qədər kövrələrək bu sualı aşağıdakı şeir parçası ilə cavablandırdı:

-Təzadlar alnıma yazılan yazı,

Tamahı istəkdən seçə bilmirəm.

Başıma qar yağıb, ömrün payızı,

Sevdalı gənclikdən keçə bilmirəm.

“Kimləri özünə ustad hesab edirsən”. Şair bir çoxlarını, xüsusilə mərhum sənətkarlarımız – poeziyada həsrət şairi Söhrab Tahirin, nəsrdə isə görkəmli yazıçımız Əlibala Hacızadənin adlarını çəkdi.

Təbii ki, Qarabağın, Cəbrayılın işğaldan azad olunması müəllim və şagirdlərin diqqətindən yayına bilməzdi. Onlar bu mövzuda bir çox suallarla iki nəvəsi də Vətən müharibəsinin iştirakçısı olmuş şairə müraciət etdilər. Şairin ürəkləri riqqətə gətirən cavabı isə “Cəbrayılın azad olunması xəbərini necə qarşıladınız” sualına oldu. Cavabı olduğu kimi qeyd etməyə məcburuq ki, onun yaratdığı titrəyişlərə xələl gəlməsin: “Əvvəlcə hansı hissləri yaşadığımı deyə bilmirəm, yəni ehtiva eləyə bilmirəm, amma qəfildən evin tən ortasında özümü necə itirdiyimi, başımın necə dumanlandığını, xanımımın mənə sakitləşdirici dərman gətirdiyini və bəlkə də hansısa bəladan qəfil hönkürə bilməyimlə xilas olduğumu detal-detal xatırlayıram. Bu, Allahdan aşağı heç kəsin sənə verə bilməyəcəyi mükafatı, hədiyyəni almaq idi. Ona görə o hissləri sözlərlə tamamilə dəyərləndirməkdə acizəm. Cəbrayılın azadlığından sonra “Gəyən əfsanəsi” və “Yaddaş yanğısı” əsərlərini yazmışam”.

Şairə ünvanlanan sonuncu sual da insanlığın faciələrinin bütün bucaqlarını açan cavabla yekunlaşdı. Maraqlı yanaşma idi amma: İnsan nə zaman tənhalaşır?!.. Şair bir qədər fikrə daldıqdan sonra söylədi ki, “insanın dostuna olan rəğbəti, sevgisi imkan vermir ki, onun qüsurunu görsün. Onun nöqsanlarını, varlığının içəri üzündəki eybəcərlikləri görsün. Amma yaş gəlib o yerə çatır ki, bəsirət gözü tam açılır və qarşındakının necə eybəcər bir məxluq olduğunu görürsən, bununla da ondan ikrah edirsən. Beləliklə, insan sonuncu dayaqlarını da itirir və tənhalaşır…”

…70 yaşın ucalığında, ahıllıq çağınızda tükənməz enerji ilə ən sanballı əsərlərinizi gözləyirik Əli Rza Xələfli! Tənhalaşmaq barədə heç düşünməyin. Bu əsərlər, bu çəkdiyiniz zəhmətlər, daşıdınız missiya heç sizi yüz il, beş yüz il sonra da tənhalaşmağa qoymayacaq. Yaradıcılığınıza və şəxsiyyətinizə dərin hörmət hissilə

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist

P.S. Çox maraqlı görüşə, sosial şəbəkələrin tüğyan edərək gənclərin, şagird və yeniyetmələrin həyatına nüfuz etdiyi indiki dönəmdə şagirdlərdə şeirə, sənətə bu qədər həvəs oyatdıqlarına və görüşü bu qədər sanballı təşkil etdiklərinə görə 103 saylı məktəbin direktoru Səma Həmzəyevaya, dil-ədəbiyyat müəllimi Sevinc Əhmədovaya və bütün zəhməti olanlara təşəkkür edirik. Gözəl nümunə göstərdiniz. Belə nümunələri qiymətləndirmək və ictimailəşdirmək zəruridir!

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …