Ana səhifə / Cəmiyyət / Əslən Naxçıvandan olan yeniyetmə Türkiyənin 15 universitetinə qəbul olunub

Əslən Naxçıvandan olan yeniyetmə Türkiyənin 15 universitetinə qəbul olunub

Sumqayıt şəhər Fəxrəddin Piriyev adına 18 saylı məktəbin məzunu Məhəmməd Rəsulzadə Türkiyənin 15 universitetinə qəbul olunub.

TNS xəbər verir ki, yeniyetmə son 2 ayda qardaş ölkənin 9 universitetinin və Türkiyə Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda iştirak edərək 12 dövlət və 3 özəl ali məktəbə qəbul edilib.

Məhəmməd Rəsulzadənin seçimi Ege və İstanbul universitetləri olub. O, Ege Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə əyani, İstanbul Universitetində isə “Kompüter texnologiyaları” ixtisasında qiyabi təhsil alacaq.

Məhəmməd TNS-in əməkdaşına deyib ki, kompüter mühəndisi olmaq onun uşaqlıq arzusudur:

“Mən ölkəmizə faydalı ola bilmək üçün belə bir seçim etməyi qərara aldım. Hesab edirəm ki, müasir dövrdə bizim ölkəmizdə ali təhsilli, peşəkar kompüter mühəndislərinə ehtiyac var. İndi bütün sahələr rəqəmsallaşır. Rəqəmsal texnologiyaların sürətlə inkişafı yüksək tərəqqi üçün yeni yollar açır. İndi dünya Dördüncü Sənaye İnqilabına qədəm qoyub. Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılır. Azərbaycanı regionda innovasiyalar mərkəzinə çevirmək üçün Silikon Vadisi kimi, Abşeron Vadisinin yaradılması qarşıya məqsəd qoyulub.

Bütün bunları reallaşdırmaq, Azərbaycanımızı rəqəmsal inkişafın ən yüksək mərhələsinə çatdırmaq üçün ixtisaslı kadrlara ehtiyac var. Ona görə də Türkiyədə yüksək səviyyədə təhsil almağı qarşıma məqsəd qoymuşam. Qardaş ölkədən yüksəkixtisaslı mütəxəssis kimi qayıtmaq, ölkəmiz üçün faydalı işlər görə bilmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Məhəmməd Rəsulzadə bu sahədə ilk müəlliminin atası olduğunu bildirib.

“Atam Anar Rəsulov bu sahə üzrə mütəxəssisdir. Mən ilkin bilikləri ondan öyrənmişəm. Atama söz vermişəm ki, güclü mütəxəssis olmaq üçün var qüvvəmlə çalışacağam”, – yeniyetmə vurğulayıb.

Qeyd edək ki, Məhəmməd Rəsulzadə əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır. O, Naxçıvan şəhərində doğulub, orada məktəbə gedib. Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orta təhsilini paytaxtda davam etdirib.ö

Həmçinin oxuyun

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. “Unikal”ın əldə etdiyi …