Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Ermənilərin iflasa uğrayan təxribatı – Talış zonasının ziyalılarından və ləzgi deputatdan sərt reaksiya

Ermənilərin iflasa uğrayan təxribatı – Talış zonasının ziyalılarından və ləzgi deputatdan sərt reaksiya

Ermənilərin hər şeydən əli üzülüb, indi də Azərbaycanda yaşayan etnik millətləri qıcıqlandırmağa, guya milli zəmində qarşıdurma yaratmağa çalışırlar.

Hətta feysbukda bəzi erməni istifadəçiləri saxta profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edirlər.

Döyüş və diplomatiya meydanında məğlub olan düşmən elə zənn edir ki, Azərbaycanda yaşayan etnik xalqları provokasiyaya çəkə biləcəklər. Halbuki istər talışlar, istər ləzgilər, avarlar, tatlar olsun, bu gün Ordumuzda milli mənsubiyyətinə fərq qoyulmadan Azərbaycan vətəndaşı olaraq işğalçı güclərə qarşı mərdi-mərdanə mübarizə aparırlar. Ümumiyyətlə, ölkədə heç zaman etnik münaqişələr olmayıb.

Sadəcə, ermənilər əlacsız qalaraq indi də azsaylı xalqlarla bağlı uğursuz fəndlərə əl atırlar. Onlar talışlara müraciət edərək guya düşmən olmadıqlarını, ermənilərə qarşı döyüşməməyə çağırırlar.

Azərbaycanda yaşayan talışlar isə istər birinci Qarabağ müharibəsində olsun, istərsə bu gün gedən döyüşlərdə Vətən üçün canlarından keçiblər.

Odur ki, sosial mediada olan vətəndaşlarımız gərək ayıq-sayıq davransınlar, düşmənin təxribat xarakterli təbliğatına uymasınlar, bir-birini ittiham etməsinlər.

Yeri gəlmişkən, telejurnalist Xoşqədəm Hidayətqızının adından talışlarla bağlı xoşagəlməz ifadə işlətdiyi xəbəri yayılmışdı və sosial şəbəkələrdə sərt tənqid olunurdu.

Lakin sosial media fəalı, milliyyətcə talış olan Fuad Cəlilov yazıb ki, bu informasiya təxribatdır, Lerikin deputatı İqbal Məmmədov onun yanında X.Hidayətqızı ilə danışıb, talışlarla bağlı heç bir mənfi fikir söyləmədiyini and-aman edib. X.Hidayətqızı onun adından yayılan məlumatla bağlı dövlət orqanlarına müraciət etdiyini bildirib.

Göründüyü kimi, Ermənistan xüsusi xidmət orqanları, o cümlədən “5-ci kolon”un Azərbaycandakı tör-töküntüləri hər vəchlə cəhd edirlər ki, ölkədə milli azlıqlarla bağlı gərginlik, toqquşma baş versin.

Xüsusən də bu məsələdə talış faktorundan daha çox istifadə etməyə çalışırlar.

Lənkərandan olan tanınmış ziyalı, tarixçi Yadigar Sadıqlının “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər həmişə Azərbaycanın çoxmillətli ölkə olmasından öz maraqları üçün istifadə etmək niyyətində olublar.

Yadigar Sadıqlı - Benefisiar

Yadigar Sadıqlı: “Bir-iki adam vəsait qoparmışdı, erməniləri inandırmışdılar ki…”

Y.Sadıqlı hesab edir ki, son 20 il ərzində bu yöndə çox çalışıblar: “Xüsusən say baxımından ən böyük milli azlıq olan talışlarla iş görməyə ciddi şəkildə cəhd ediblər.

Burada İran amili və talışların İran kökənli olması nəzərə alınırdı. Hətta bir-iki adam vəsait qoparmışdı, guya talış bölgəsində təşkilatlanma var. Erməniləri inandırmışdılar ki, Qarabağda müharibə başlasa, talışlar onlara qarşı döyüşməyəcəklər. Ermənilər də ciddi şəkildə buna inanmışdılar”.

Y.Sadıqlı qeyd etdi ki, təbii olaraq ermənilərin istəkləri baş vermədi: “Talışlar birinci Qarabağ müharibəsində olduğu kimi yenə qəhrəmanlıqla döyüşürlər, xarüqələr yaradırlar. Yeri gəlmişkən, talış kökənli bir imkanlı vətəndaşımız Orduya 200 min manat dəstək olub. Bu mənim bildiyimdir hələ.

Talışlar şübhəsiz ki, Azərbaycan üçün belə də edəcəkdilər. Sadəcə, ermənilərin ümidləri növbəti dəfə fiaskoya uğradı”.

Sabir Rüstəmxanlı dairəsini DƏYİŞDİ - modern.az

Sabir Rüstəmxanlı: “Talışlar Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda vuruşan qəhrəman insanlardır”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sair Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, cənub bölgəsində yaşayan türkləri də, talışları da yaxşı tanıyır və onların arasında heç vaxt ayrı-seçkilik görməyib: “Bəlli sifarişləri yerinə yetirən və süni ayrı-seçkilik salmaq istəyənlər gəlib-gediblər, lakin ümumu birlik, mehribanlıq, Vətənin taleyi üçün məsuliyyət hissi heç vaxt dəyişilməyib. Hamı bir-biri ilə qohum-qardaşdır.

Ötən illər də göstərdi ki, talışlar yurduna, Vətəninə bağlı olan, zəhmətkeş, sadə, Azərbaycan türkləri ilə, yəni bizlərlə problemi olmayan xalqdır. Əvvəlki savaşlarda olduğu kimi, bu müharibədə də talışlar qəhrəmanlıq göstərir və ən çox şəhid verən bölgələrdən biri elə Talış zonasıdır. Belə olan halda ermənilərin “talış kartı”nın bir mənası qalmır”, – deyə S.Rüstəmxanlı vurğuladı.

Onun fikrincə, ermənilər zaman-zaman Azərbaycandakı digər azsaylı xalqlar arasından “zəif bənd” tapmağa, bizə ziyan vurmağa çalışıblar:

“Amma bu düşmən siyasətinin heç bir nəticəsi olmamışdır və bu xalqlar Azərbaycanda ayrı-seçkilik görmədən və ayrı-seçkilik salmadan yaşayırlar. Onların elmi-mədəni, siyasi yüksəlişinə heç bir maneə yoxdur.

Talışlar Azərbaycanın dövlət marağını hər şeydən yüksək tutan, həyatımızın bütün sahələrində yorulmadan, halallıqla və torpağa bağlılıqla çalışan, müstəqilliyimiz, bütövlüyümüz, inkişafımız, gələcəyimiz uğrunda əzmlə, igidliklə vuruşan etibarlı, dəyanətli insanlardır. Ona görə araya nifaq salmaq cəhdlərinin heç bir mənası yoxdur”.

İran səfirinə açıq məktub: "Niyə qədəmimi basdığım ölkə məni oğrudan,  nacinsdən qorumalı deyil?" - AzToday

İltifat Rəhimzadə: “Azərbaycanın ayağına dəyən daş talışın ürəyinə dəyir”

Lənkəranın tanınmış ziyalısı İltifat Rəhimzadənin fikrincə, ermənilərin bu cəhdləri gözlənilən məsələ idi: “Ermənilər Azərbaycanın çoxmillətliyindən istifadə edərək çalışıblar ki, talışları dövlətimizə və birliyimizə qarşı səfərbər etsinlər.

Bunun üçün kifayət qədər vəsait xərcləyiblər, bəzi şəxsləri maliyyələşdiriblər, Şuşada talış dilində radio açıblar, İrəvanda bizə nankor münasibət bəsləyən insanları çağırıb konfranslar təşkil ediblər, pozuculuq fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Təbii ki, bu işlər müəyyən uzaq hədəflərə hesablanmışdı və o gün gəldi, hazırda müharibə dövrüdür, ermənilər istəyir ki, pul xərclədiyi adamlar “borc”larını ödəsinlər.

Onlar istəyirlər ki, dünyanın və ermənilərin həsrətlə baxdığı bu birliyi parçalasınlar, ölkə daxilində Vətən müharibəsinin qələbə ilə başa çatmasına mane olsunlar”.

İ.Rəhimzadənin sözlərinə görə, bütün bunlar mənasız cəhdlərdir və hər şey arzudan ibarət deyil: “Tarixin bütün səhifələrini vərəqləyəndə görmək olur ki, talış xalqı Azərbaycanda yaşayan digər xalqlarla çiyin-çiyinə öz Vətənini qoruyub, onun hər qarışı uğrunda mübarizə aparıb,  həmişə sinələrini qabağa verməyə hazır olublar.

Birinci Qarabağ savaşında da belə olub, hazırkı Vətən müharibəsində də talışlar igidlik göstərirlər, şəhid, qazi olurlar. Bu ölkədə istər talış, istər ləzgi və ya kürd olsun, hamısı Azərbaycan bayrağı altında düşmənlə döyüşür.

Əlbəttə, bütün millətlərin tarixində satqınlar olub. Amma onların talış xalqına heç bir bağlılığı yoxdur. Azərbaycanın ayağına dəyən daş talışın ürəyinə dəyir. Ona görə bu müharibəmiz inşallah ki, zəfərlə bitəcək”.

Zahir Əzəmət deputatlığa namizədliyini irəli sürdü | Xəbərlər

Zahir Əzəmət: “Heç kim bu ölkəni bölə bilməz, düşmənin fitnə-fəsadları nəticə verməyəcək” 

Milliyyətcə talış olan yazar, qaynar.info-nun baş redaktoru Zahir Əzəmət də söylədi ki, talışlar Qarabağın hər qarışı uğrunda canını verməyə hazırdır. Onun sözlərinə görə, ölkədə bu günə qədər heç bir etnik problem olmayıb və bundan sonra da olmayacaq.

Z.Əzəmət bildirdi ki, talış şəhidlərimiz var və heç kim bu ölkəni bölə bilməz: “Burada hamımız azərbaycanlıyıq, qarabağlıyıq və düşmənin fitnə-fəsadları, onun əlaltılarının provokativ çırpıntıları heç bir nəticə verməyəcək. Azərbaycan xalqı birmənalı olaraq bilsin ki, talışlardan heç zaman ayrımçılıq görə bilməzlər”.

Azər Badamov: Bu, ölkəmizin ədalətli mövqedə olmasının göstəricisidir

Azər Badamov: “Buradakı ləzgilərin, talışların, yəhudilərin bir vətəni var, heç bir xarici qüvvə siyasi sabitliyi, qardaşlığı poza bilməz”

Milliyyətcə ləzgi olan deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan çoxmillətli ölkədir. Onun sözlərinə görə, burada yaşayan hər bir etnik azlığın nümayəndəsi Azərbaycan vətəndaşı olmaqla fəxr edir.

“Azərbaycanda yaşayan talışların, ləzgilərin, rusların, yəhudilərin bir vətəni var. Hamısı çiyin-çiyinə qardaş kimi düşmənə qarşı mübarizə aparırlar.

Bu gün bütün milli azlıqların üzvləri ərazi bütövlüyümüzün təmin edilməsi, erməni silahlılarının işğal edilmiş ərazilərdən çıxarılması uğrunda vuruşurlar. Bu vətənin dəyəri hər hansı ifadə ilə əvəz edilmir”, – deyə A.Badamov bildirdi.

Deputat hesab edir ki, düşmən hərb meydanında rəşadətli Ordumuza uduzur və məğlubiyyətini gizlətmək üçün daxilimizdə pozuculuq yaratmağa çalışır:

“Onlar müxtəlif saxta profillər yaradır, yalan çağırışlar ünvanlayır. Bu çağırışları kimlərin etdiyi məlumdur. Odur ki, ermənilərin bəd niyyətləri heç zaman ölkəmizin daxilində çaşqınlıq yaratmayacaq.

Bu gün hamının bir fikri var – düşməni məhv etmək. Ona görə heç bir xarici qüvvə siyasi sabitliyi, qardaşlığı, monolitliyi poza bilməz.

Azərbaycanın uğurları monolitlik üzərində qurulub. Ölkə başçısı həmişə deyir ki, ölkəmiz milli cəhətdən çoxtərkibliliyi ilə güclü olur.

Və hər bir nümayəndənin əldə edilən nailiyyətlərdə əməyi, töhfəsi var. Bu şəraitdə ermənilərin feyk xəbərləri, çağırışları yeriməyəcək”.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …