Ana səhifə / Bölgələr / Qubada yol problemi: Möhüclülər böyrək daşından əziyyət çəkənləri kəndə dəvət edirlər

Qubada yol problemi: Möhüclülər böyrək daşından əziyyət çəkənləri kəndə dəvət edirlər

“Qar yağanda, yollar buz bağlayanda isə ümumiyyətlə kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilir”

Qubanın Möhüc kəndi təbiətinə görə ölkənin ən yaxşı bölgələrindən hesab olunur. Yerli sakinlər deyirlər ki, kəndə gələn turistlər buranın həm havasını, həm də mənzərəsini çox bəyənirlər. Ancaq kimsə təsadüfən yağmurlu havaya tuş gəlsə, geri qayıtmağa imkanı olmur. Çünki yollar elə vəziyyətdədir ki, hətta yük maşınlarının hərəkəti belə çətindir.

Möhüc kəndi də daxil olmaqla Qubanın Yuxarı Tüləkəran, Gültəpə, Tülər, Yenikənd və Aşağı Tüləkəran kəndlərinin yolları da eyni vəziyyətdədir.

Möhüc kənd sakini Rəsul Həsənov deyir ki, 1 ildən artıqdır yolların təmir ediləcəyini gözləyirlər. Çünki təxminən ötən ilin sentyabrında onlara kənd yollarının əsaslı təmir ediləcəyi ilə bağlı məlumat verilib.

Yay ayları bitir deyə indidən sakinlərin qayğısı artıb. Düşünürlər ki, yağmurlu payız-qış aylarında yollar yenə keçilməz olacaq.

Sakinlər istehza ilə deyir ki, böyrəyində daş olan bütün xəstələri kəndə dəvət edirlər:

“Kəndimizin yolları elə vəziyyətdədir ki, böyrəkdə daşı salar. Kəndə nəinki turist gəlir, hətta sakinlərin özləri belə gedib-gəlməkdə çətinlik çəkirlər. Yağışlı havalarda dəfələrlə avtomobillər yola ilişib qalıb. Qar yağanda, yollar buz bağlayanda isə ümumiyyətlə kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilir”.

Adıçəkilən kəndlər Tüləkəran İnzibati Ərazi Dairəsinə daxildir.

Kənd bələdiyyəsindən bildiriblər ki, 6 kənddə təxminən 6 minə yaxın sakin yaşayır.

“Kəndiçi yollar təmirsiz olduğundan bərbad vəziyyətə düşüb. Lakin bələdiyyənin yolları təmir etmək üçün vəsaiti yoxdur”, – qurumdan deyiblər.

Quba Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə deyiblər ki, rayon kəndlərinə gedən yollar mərhələ ilə təmir olunur:

“İcra başçısı şəxsən təmir işlərinə nəzarət edir”.

Həmçinin oxuyun

Qəbələdəki Nohur göldə suyun səviyyəsi artıb, ətraf ərazilərdə təhlükə yaranıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki …