Ana səhifə / Bölgələr / Naxçıvanda Nazirlər Kabineti və nazirliklər ləğv edilir?

Naxçıvanda Nazirlər Kabineti və nazirliklər ləğv edilir?

“Naxçıvanda idarəetmə sistemi sadələşdirilməli, unitar dövlətin idarəetmə sisteminə uyğunlaşdırılmalı, Nazirlər Kabineti və nazirliklər ləğv edilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında bunu hüquqşünas Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı Fazil Mustafanın Naxçıvan MR-dakı idarəetmə xaosunu aradan qaldırmaqla bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

“1995-ci il Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının idarəetmə sistemi bir qədər mürəkkəbləşdirilib. Naxçıvan Ali Sovetinin rəhbəri həm faktiki olaraq icra hakimiyyətin başçısı rolunu oynayır, həm də qanunverici orqanın spikeridir. Yəni, bir növ o, ikili status daşıyır. Naxçıvanda da mərkəzdə olduğu kimi, Nazirlər Kabineti, eyni adlı müxtəlif nazirliklər var. Onlar arasında inzibati idarəetmə sistemi tam qurulmayıb. Naxçıvan MR-nin Nazirlər Kabineti Azərbaycan Prezidenti tərəfindən təyin olunur”, deyə Qulamhüseyn Əlibəyli bildirib.

Hüquqşünas bildirib ki, muxtar respublikanın icra başçıları da həmçinin Prezident tərəfindən təyin olunur:

“Ona görə də hesab edirəm ki, Naxçıvanda Nazirlər Kabineti və nazirliklərin saxlanılmasına xüsusi bir ehtiyac yoxdur. Buradakı bütün nazirliklər mərkəzə tabe olmalıdır. Düzdür, bunun baş verməsi konstitusion dəyişiklik tələb edir. Bu bölgədə idarəetmə sistemi xeyli dərəcədə sadələşdirilməli, unitar dövlətin idarəetmə sisteminə uyğun olmalıdır. İlk dövrdə hesab edirdim ki, səlahiyyətli nümayəndə ancaq nəzarət funksiyasını icra edir”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, səlahiyyətli nümayəndə artıq faktiki olaraq Naxçıvanda idarəetməyə rəhbərlik edir:

“Onun statusunda bəzi dəqiqləşdirmələrə ehtiyac var”.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvan Muxtar Respublikasının problemlərindən danışarkən, burada hökm sürən idarəetmə xaosunu aradan qaldırmağın vacibliyini bildirib: 

“Burada, birinci növbədə, idarəetmənin sadələşdirilməsi variantına getməliyik və konkret məsuliyyət daşıyan idarəetmə mexanizmini qurmalıyıq. Çünki həm Ali Məclis, həm Nazirlər  Kabineti, həm Prezidentin səlahiyyətli nümayəndəsi, həm nazirliklər var. Baş açmaq olmur, kim hara  tabedir, kim haradan idarə olunur? Bu idarəetmə  xaosunu mütləq aradan götürmək lazımdır”. 

Həmçinin oxuyun

Qəbələdəki Nohur göldə suyun səviyyəsi artıb, ətraf ərazilərdə təhlükə yaranıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki …