Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / Müxalifət lideri Paşinyan haqda “milli fəlakət” yazdı, cinayət işi qaldırıldı

Müxalifət lideri Paşinyan haqda “milli fəlakət” yazdı, cinayət işi qaldırıldı

Ermənistanda müxalif  “Şant Bloku” partiyasının rəhbəri Şaqen Arutyunyana qarşı baş nazir Nikol Paşinyanın ünvanına “ağır təhqir” səsləndirmək ittihamı ilə cinayət işi qaldırılıb. virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, buna səbəb Şaqen Arutyunyanın yanvarın əvvəllərində Nikol Paşinyanın KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi barədə verdiyi qərarla bağlı dedikləridir.

“Vətənə qarşı növbəti xəyanət və millət üçün öldürücü fəlakət-Nikol Paşinyan tərəfindən növbəti ləyaqətsiz hərəkət”, – Arutyunyan həmin qərara münasibətini belə ifadə etmişdi.

Şaqen Arutyunyan

Ermənistanın İstintaq Komitəsi Şaqen Arutyunyanın bu dəyərləndirməsini baş nazir Paşinyanın ünvanına “ağır təhqir” kimi qiymətləndirib və cinayət işi qaldırıb. Üstəlik bu da nəzərə alınmayıb ki, “millət üçün öldürücü fəlakət” frazasının müəllifi Arutyunyan yox, Paşinyanın özünün “müəllimi”, keçmiş prezident Levon Ter-Petrosyandır. Arutyunyan isə Ter-Petrosyandan sitat gətirib və bir neçə gün sonra polisə çağırılıb.

“Seksual xarakterli heç bir təhqir olmayıb. Mən qanundan qorxmuram, amma onu tanıyıram. Ancaq bu sözlər olub-millət üçün öldürücü fəlakət, ləyaqətsiz hərəkət, vətənə xəyanət”, – Arutyunyan bildirir.

Siyasətçini polisə bu ifadələrlə bağlı ilk dəfə yanvarın 20-də çağırıblar. Bundan sonra o, özünün Facebook səhifəsində Paşinyan barədə işlətdiyi həmin ifadələrin təkrarlandığı post yazıb. Bu qeydlər də hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb və onu yenidən polisə çağırıblar. “Mən izahat verməkdən imtina etdim, polis idarəsini tərk edib üçüncü postu yazdım. Bilmirəm, ola bilsin üçüncü posta görə də məni polisə çağıracaqlar”, – Arutyunyan bildirib.

Paşinyanı “milli fəlakət” adlandıran Ter-Petrosyan idi…

Həmin üçüncü posta görə siyasətçini polisə çağırmasalar da onun haqqında İstintaq İdarəsi cinayət işi qaldırıb. Amma hələlik Arutyunyana qarşı ittiham irəli sürülməyib. Bəs bu iş üzrə zərərçəkən kimdir?

“Təhqir olunmuş tərəf kimi İstintaq Baş İdarəsi çıxış edir. Hansı ki, belə şey olmayıb. Yəni mən Nikol Paşinyanı milli fəlakət adlandırıram, amma istintaq idarəsi məndən inciyir, deyir mən Paşinyanı təhqir etmişəm və cinayət işi qaldırır”, – Şaqen Arutyunyan deyib. O, Paşinyanın qatı tənqidçilərindən biridir, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına qarşı çıxır. Hesab edir ki, cinayət işi Paşinyanın opponentlərini susmağa məcbur etməkdir.

Paşinyanın ünvanına “ağır təhqir” səsləndirməyə görə Ermənistanda çoxsaylı cinayət işləri qaldırılıb. Arutyunyanın postunda senzuradan kənar ifadələr olmasa da onu da baş naziri “ağır təhqir edənlərin” sırasına aid ediblər.

Vəkil Ruben Melikyan onlarla belə cinayət işi ilə məşğuldur. Deyir ki, Paşinyanın adı ağır təhqir olunan şəxs kimi təqdim olunur, amma cinayət işlərində o nə şahid, nə zərərçəkən qismində tanınmır. Və dindirilmir. Paşinyanın təhqir olunması ilə bağlı şikayət ərizələrini kimlərin verdiyi də məlum deyil.

“Ağır təhqir” maddəsi Ermənistanın Cinayət Məcəlləsinə hakim partiyanın təşəbbüsü ilə daxil edilib. Beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House” bunu demokratiyadan, söz azadlığından geri çəkilmə adlandırıb və dəfələrlə maddənin ləğvinə çağırıb. O cümlədən AŞPA bir neçə həftə əvvəl Ermənistana dair qəbul etdiyi qətnamədə bu maddənin ləğv edilməli olduğunu bildirib. Bu maddə cərimə və 3 ilə qədər həbs cəzası nəzərdə tutur. İndiyədək Paşinyanı təhqir etməyə görə bir məhkəmə hökmü çıxarılıb və cərimə cəzası kəsilib.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsindən sonra Paşinyanın barəsində opponentləri tez-tez “xain”, “satqın” kimi ifadələr işlədirlər. Dəfələrlə parlamentdə bu sözlərə görə hakim partiyadan və müxalifətdən olan deputatlar arasında davalar da baş verib. Amma indi Paşinyan cinayət məcəlləsinə ağır təhqirə görə həbs cəzası nəzərdə tutan maddə daxil etməklə bu tənqidləri susdurmağa çalışır.

Həmçinin oxuyun

İraqda bir günlük matəm elan edilib

İraqda bir günlük matəm elan olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq …