Ana səhifə / Siyasət / “Rusiya onun vasitəsilə ölkəni tövləsinə qaytarmaq istəyir”

“Rusiya onun vasitəsilə ölkəni tövləsinə qaytarmaq istəyir”

Qondarma “DQR”in “dövlət naziri” Ruben Vardanyanın Xankəndidə mitinq keçirməsi, yenə də baxışları onun personasına yönəldib. Bununla bərabər, sosial şəbəkələrin Azərbaycan seqmentində, habelə ictimaiyyətdə belə bir rəy var ki, Qarabağdakı son hadisələrin arxasında Rusiya dayanır.

Ehtimallara görə, R. Vardanyan Rusiyanın dəstəyi ilə Qarabağda kiçik bir uğur qazanmalı, bundan sonra Vardanyanın erməni əhalisi arasında nüfuzu artmalı və o, sələfləri kimi Ermənistanda Baş nazir Nikol Paşinyana alternativ olmalıdır.

Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə də eyni rəyi bölüşüb. O, istisna etməyib ki, Rusiyanın niyyəti məhz bundan ibarətdir:

“Ağlabatan yeganə fərziyyə bundan ibarətdir ki, Vardanyanı Qarabağdan sonra Ermənistana gətirərək ölkəni yenidən Rusiyanın tövləsinə qaytarsınlar və Qarabağ məsələsində mahmız kimi istifadə etsinlər”.

Onun sözlərinə görə, Azərbaycan bu cəhdin qarşısını hələ ki alır, Vardanyanı təmsilçi kimi tanımır və hər şey edir ki, Vardanyan ciddi fiqura çevrilməsin:

“Əslində, bu, Nikol Paşinyanın da mənafeyinə uyğundur və o da prosesi maraqla izləyir, görür ki, Azərbaycan Vardanyanı necə heçə endirir. Odur ki, Rusiyanın planının baş tutmasına ümid azdır”.

Xankəndidə keçirilən mitinqdən söz açan müsahibimiz deyib:

“Əgər dövlət möhkəmdirsə, mitinqlə nəyəsə nail olmaq olur?! Ruben Vardanyan da mitinqləriylə heç nəyə nail olmayacaq. Çünki Azərbaycan onu qəbul etmədi, belə olan halda o da mövqeyini tündləşdirdi. Amma görür ki, nə yumşaq, nə tünd mövqeyin xeyri yoxdur, Azərbaycan onu tanımır və tanımayacaq da. Biz dəfərlərlə oynanılmış oyunun bir daha oynanılmasına imkan verməyəcəyik”.

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …