Çərşənbə , May 15 2024
Ana səhifə / İqtisadiyyat / “Gömrük Komitəsi iş adamlarının dostuna çevrilməlidir, düşməninə yox”

“Gömrük Komitəsi iş adamlarının dostuna çevrilməlidir, düşməninə yox”

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev vəzifəsindən azad edilib. Hazırda Səfər Mehdiyevin boş qalmış postunu kimin tutacağı bəlli deyil. Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsə də, Komitənin tezliklə ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi iddiaları da səngimək bilmir.

Bu iddianı hələ 2002-ci ildə ilk dəfə səsləndirmiş iqtisadçı Natiq Cəfərli hesab edir ki, ləğv etmə ən uyğun seçimdir:

“Biz 10 il öncə proqram sənədlərimizdə dünyada gedən prosesləri və dünya təcrübəsini öyrənərək bu təklifi irəli sürmüşdük. Çünki dünyada çox az ölkələr var ki, Gömrük Komitəsi ayrıca bir qurum kimi fəaliyyət göstərir. Bölgəmizdə isə təkcə Rusiyada bu qurum mövcuddur. Digər ölkələrdə komitə ümumi nəzarət funksiyalarını yerinə yetirən texniki və gömrük siyasətini bir mərkəzdən idarə edən qurumların tərkibində olur.

O zamankı təklifimizin məğzi bundan ibarət idi ki, gömrük orqanlarının nəinki idarəetməsi, həm də fəlsəfəsi dəyişdirilməlidir. Gömrük orqanları iş adamlarının dostuna çevrilməlidir, düşməninə, onları qorxudan quruma yox. Təəssüf ki, o zaman bizi dinləmədilər, indiyəcən bu problemlər artdı, şişdi, o dərəcəyə gəldi ki, köhnə rəhbərliyin demək olar ki, yarısı həbs olunub, bəziləri işdən çıxarılıb.”

Yenisabah.az-a açıqlamasında ekspert əlavə edib ki, hökümət komitə barədə qərar verməyə çətinlik çəkir:

“Mənə elə gəlir ki, hökümət seçim qarşısındadır. Çünki, əgər qəti bir qərar olsaydı, təyinat yerindəcə gerçəkləşərdi. Dəqiq qərar olmadığı üçün müvəqqəti təyinat olduğunu təxmin etmək olur. Hələ ki son qərar verilməyib, qurum yerində qalsın, ya hansısa quruma birləşdirilsin.

Mənə elə gəlir ki, bununla bağlı hələ müzakirələr gedir və ümid edirəm ki, nəhayət,o vaxtkı təkliflərimiz icra olunacaq və komitə hansısa iqtisadi blokun tərkib hissəsinə keçiriləcək“.

N. Cəfərli komitənin yerində qalacağı təqdirdə kimin seçilməsindən asılı olmayaraq idarəetmədə heç bir müsbət dəyişikliyin olacağına ümid etmir:

“ Açığı komitə qalacağı təqdirdə ora kimin təyin edilməsi mənim üçün 10-cu məsələdir. Siyasi fəaliyyətim boyu bunu dəfələrlə vurğulamışam ki, hansısa dövlət idarəsində kimin rəhbər olması önəmli deyil, önəmli olan sistemdir, dövlətin siyasətidir. Əgər sistem dəyişəcəksə o sistemə uyğun hansısa kadrın seçilməsi 2-ci dərəcəli məsələ olacaq. Düşünürəm ki, gömrük orqanlarının fəlsəfəsi və siyasəti dəyişməlidir. Bununla bağlı strateji qərarlar alınacaqsa, sistem kökündən dəyişəcəksə biz də bununla bağlı müxalif partiya olaraq bunu dəstəkləyəcəyik.”

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …