Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Azərbaycan Meksikaya nota verdi: deputatların hərəkəti araşdırılacaq

Azərbaycan Meksikaya nota verdi: deputatların hərəkəti araşdırılacaq

Meksikalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılacaq.

Virtualaz.org Azərbaycanın Meksikadakı səfirliyinə istinadən bildirir ki, bunu Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin Azərbaycanın Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkili Məmməd Talıbovla görüşü zamanı deyib.

Məlumatda qeyd olunur ki, o, görüşdə Meksikanın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.

Parlament sədri bir neçə gün əvvəl müxalif MORENA və PRD siyasi partiyalarını təmsil edən üç meksikalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunaraq, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edərək, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatası, nə də həmin deputatların aid olduqları siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil, yalnız və yalnız öz individual mövqeyini əks etdirə bildiyini vurğulayıb. O, görüşdə iştirak edən Konqresin Xarici Əlaqələr Komissiyası sədrindən məsələnin araşdırılması və bu kimi halların gələcəkdə baş verməməsi məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edib.

Azərbaycan diplomatı həmsöhbətinə münaqişə və ölkəmizə qarşı Ermənistanın təcavüzü barədə dolğun məlumat verib, rəsmi Yerevanın növbəti təxribatı olan sözügedən hadisənin Ermənistanın qeyri-konstruktiv xarakterini bir daha ifşa etmiş olduğunu bildirib.

R.Marin Meksikanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz qaldığını qeyd edərək, Deputatlar Palatasının münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edən 4 qətnaməsini dəstəklədiyini vurğulayıb.

Görüş və Meksika Deputatlar Palatasının qeyd olunan mövqeyi barədə məlumat həm Konqresin, həm də onun sədri R.Marinin sosial şəbəkələrdə rəsmi səhifələrində yayılıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığına uyğun olaraq, ölkəmizin Meksikadakı səfirliyi məsələni araşdırdıqdan sonra dərhal Meksika Xarici İşlər Nazirliyinə diplomatik nota, Deputatlar Palatasının sədri və burada Azərbaycan-Meksika Dostluq Qrupunun sədrinə isə məktublarla müraciət edərək, Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı rəsmi Bakının ciddi narahatlığını çatdırıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğunu bildirərək, həmin halın araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb etmişdi.

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …