İran hadisələri və neft qiymətləri: Bu gün həlledici olacaq
ABŞ və İsrailin uğurlu zərbələri ilə Ali dini lideri və əsas hərbi qüvvəsi olan SEPAH-ın komandanı öldürülən İran Hörmüz boğazını kommersiya gəmiləri üçün bağlı elan edib.
Eyni zamanda ABŞ Müdafiə Nazirliyi də indiki mərhələdə ticarət gəmilərinin Hörmüzdə hərəkətinin təhlükəsiz olmadığını açıqlayıb.
Dünən səhərdən hərbi əməliyyatlar başlayandan bəri gəmilər boğazdan keçməyə davam etsə də, MarineTraffic transponderlərindən əldə edilən məlumatlar göstərir ki, böyük ticarət gəmilərinin, xüsusən də qərbə doğru körfəzə gedən gəmilərin axını azalır.
Məlumdur ki, Hörmüz dünya neft və qaz ticarətində mühüm əhəmiyyətə malikdir. Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin neft ehtiyatlarına malik ölkələr tərəfindən hasil edilən neftin təxminən 70 faizi Hörmüz boğazından keçərək dünya bazarına yönləndirilir. Eyni zamanda dünyanın ən böyük maye qaz ixracatçısı olan Qətərin xammal ixracı da bu boğazdan keçməklə reallaşdırılır.
Bütün bunlar boğazda hərəkətin dayanmasının dünya neft-qaz bazarında böyük qiymət sıçrayışına səbəb olacağından xəbər verir. Hazırda dünya analitik mərkəzləri İran ətrafındakı hadisələrin Hörmüz boğazına, onun vasitəsilə enerji bazarına mümkün təsirlərini müzakirə edirlər.
Rystad Energy konsaltinq şirkətində hesab edirlər ki, İran ətrafındakı gərginlik 1 marta qədər azalmasa, Londonun ICE birjasında Brent markalı xam neftin qiyməti 2 martda ticarət bərpa edildikdə barel üçün 20 dollar arta bilər: "Neft bazarlarına təsir edən ən təcili və hiss olunacaq hadisə Hörmüz boğazından nəqliyyatın hərəkətinin tam bağlanmasıdır ki, bu da gündə 15 milyon barel neftin bazarlara çatmasının qarşısını alacaq. Bu, qlobal neft ixracının 20 faizini təşkil edir. Bu vəziyyətdə, bütün regional boru kəmərləri tam gücü ilə işləsə belə, gündə faktiki neft itkisi 8-10 milyon barel olacaq".
Mərkəz ekspertlərinə görə, bu gün ərzində regionda eskalasiyanın azalması ilə bağlı aydın və etibarlı siqnallar ortaya çıxmazsa, birjalarda yeni həftə kəskin qiymət artımı ilə açılacaq. Regiondakı hadisələrin yaratdığı risklər qiymətlərə yansıyaraq bir barel üçün 20 dollar bahalaşmaya səbəb ola bilər.
"Financial Times"-ın (FT) analitiklərə istinadən yazdığına görə, İrandakı münaqişə neft qiymətlərinin bir barel üçün 80-100 dollara yüksəlməsinə səbəb ola bilər. Capital Economics-in inkişaf etməkdə olan bazarlar şöbəsinin baş iqtisadçısı Uilyam Ceksonun qəzetə dediyinə görə, İran ətrafında gərginlik qısamüddətli olarsa, neft qiymətlərini bir barel üçün 80 dollara çatdıra bilər. O, "uzunmüddətli münaqişə halında" qiymətlərin bir barel üçün 100 dollara çata biləcəyini təxmin edir.
ABŞ Energetika Nazirliyi bəyan edib ki, özünün Strateji Neft Ehtiyatından bazara neft çıxarmağa hazırlaşmır. Nazirlik rəsmisi Financial Times-a bildirib ki, bu məsələ, ümumiyyətlə, müzakirə olunmur.
Nazirliyin bu açıqlaması analitik mərkəzlərdə birmənalı qiymətləndirilmir. Bir qrup analitiklərə görə, açıqlama İranla münaqişənin tezliklə başa çatacağından xəbər verir: ABŞ Energetika Nazirliyi əmindir ki, İrana hücumDan sonra qiymət artımı qısamüddətli olacaq və heç bir ciddi tədbir tələb etməyəcək.
Başqa bir qrupa görə, nazirlik məqsədyönlü şəkildə belə açıqlama verir ki, bazarlarda qiymət sıçrayışı daha kəskin olmasın. Çünki treyderlər müharibənin Yaxın Şərqdən neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlara reaksiya verdikləri üçün bu gün Nyu-Yorkda saat 18:00-da birjalar açıldıqda neft qiymətlərinin yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Brent markalı neft ötən həftəni 72,87 dollarlıq qiymətlə başa vurub. ABŞ Strateji Neft Ehtiyatında təxminən 415 milyon barel neft var və onun bir hissəsinin 2022-ci ildə Ukraynadakı münaqişə qiymət artımına səbəb olanda edildiyi kimi, bazarları tənzimləmək üçün istifadə ediləcəyi ehtimal olunur.
Yeri gəlmişkən, bu gün Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, səkkiz OPEC+ ölkəsi aprel ayı üçün neft hasilatı planını aylıq onlayn görüşdə müzakirə edəcək.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən bəri səkkiz OPEC+ ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) könüllü olaraq neft hasilatını ümumilikdə 2,2 milyon barel azaltmışdı. 2025-ci ilin aprel ayından etibarən bu ölkələr azaldılmış barelləri tədricən bazara qaytarmağa başladılar və sentyabr ayında OPEC+ qrupu ilkin plandan bir il əvvəl gündəlik 2,2 milyon barel könüllü azaltmalardan tamamilə çıxdı. Oktyabr ayından bəri bu ölkələr gündəlik 1,65 milyon barel neft hasilatının azaldılmasını nəzərdə tutan razılaşmadan tədricən imtina etməyə başlayıblar və onu 137.000 barel artırmaq barədə razılığa gəlilbər. Eyni qərar 2025-ci ilin noyabr və dekabr ayları üçün də qəbul edilib.
Lakin OPEC+-in səkkiz aparıcı ölkəsi mövsümi amillərin qiymətlərə mənfi təsiri səbəbindən 2026-cı ilin birinci rübündə hasilatın artırılmasını dayandırıb.
Reuters agentliyinin məlumatına görə, bu gün keçirilən iclasda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından sonra 8 OPÖEK+ ölkəsi neft hasilatını gündə 411 min barel artırmaq məsələsini müzakirə edəcəklər. Belə bir qərar olsa belə, Hörmüzün bağlı qalması Rusiya, Qazaxıstan, Əlcəzair və Omandan başqa yerdə qalan razılaşma iştirakçılarının ixracına imkan verməyəcək. Bu baxımdan, bu gün ərzində ABŞ və İsrailin İrana qarşı zərbələrinin nəticələri həlledici əhəmiyyət kəsb edəcək. Belə ki, gözləntilərə görə, bu gün əsas hədəf kimi İranın silah anbarları, raket bazaları və hava hücumundan müdafiə sistemləri olacaq. Bu zərbələrin uğurlu olması Tehranın Hörmüzdəki fəallığının qarşısını böyük ölçüdə ala və boğazdan ticarət gəmilərinin rahat keçidi üçün şərait yarada bilər. Daha bir variant dini liderin ölümündən sonra İranda xalqın mövcud rejimə qarşı ayaqlanması, hərbi qüvvələrin neytrallaşdırılmasıdır. Bu, rejim dəyişikliyi və hərbi əməliyyatların qısa müddətdən sonra dayandırılmasına gətirib çıxara bilər.
Bir sıra Qərb mənbələri ABŞ və İsrailin Tehran müqavimət göstərməyə davam edəcəyi təqdirdə İrana qarşı əməliyyatı ən azı 1 həftə davam etdirəcəyinə dair məlumat yayırlar. Münaqişənin ən pis halda bir neçə həftə davam edəcəyi ehtimalı cüzi də olsa, mövcuddur. Buna görə də proseslərin yönü bu gün ərzində cərəyan edəcək hadisələrdən daha çox asılıdır.
Bir məsələni də unutmaq olmaz ki, Hörmüzdən İranın özünü də nefti ixrac olunur. Boğazın uzunmüddətli bağlı qalması Tehran üçün ABŞ hücumlarından daha ölümcül nəticələrə səbəb ola bilər.
Musavat.com