Sosial şəbəkədə biz:
Subsidiyada yenilik: Nə edək ki, milyonlarla manat mənimsənilməsin?
Xəbər Şəkli

Subsidiyada yenilik: Nə edək ki, milyonlarla manat mənimsənilməsin?

04 June 2026, 15:53
İqtisadiyyat

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, aqrar sahənin subsidiyalaşmasında yeni yanaşmalar tətbiq ediləcək. Onun fikrincə, bu addım iqtisadi səmərəliliyə töhfə verəcək.

Amma nazir müavini subsidiyalaşmada yeni yanaşmanın nədən ibarət olacağını açıqlamayıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bakupost.az-a bildirib ki, aqrar sektorda subsidiyalar yalnız əmtəəlik məhsula görə verilməlidir:

“Yəni emal müəssisəsinə təhvil verilən məhsula görə subsidiya ödənilməlidir. Belə olarsa, bu həm səmərəliliyi təmin edəcək, həm də dövlətdən ayrılan subsidiyanın mənimsənilməsinin qarşısını alacaq. Məsələn, buğdanı emal müəssisəsinə təhvil verdikdə, qəbz əldə edirlər. Həmin sənədə əsasən də Maliyyə Nazirliyi fermerin hesabına lazımi qədər vəsait köçürür. Amma Hesablama Palatasının son araşdırması nəticəsində əkilməyən sahələr üçün 4 şirkətin 24 milyon manata yaxın subsidiya aldığı aşkar edilib. Hətta həmin şirkətlər daha 1,5 milyon manatlıq sığorta pulu da alıblar. Yəni əkin aparılmasa da, həm subsidiya alınır, həm də sığortalanır. Ölkədə 20 ilə yaxındır ki, aqrar sahəyə subsidiya ayrılır və deməli bu müddətdə ciddi mənimsəmələr də baş verir”.

Belə halların qarşısını almaq üçün də ekspertin fikrincə, yalnız fermer xammalı emal müəssisəsinə təhvil verdikdən sonra subsidiya almalıdır.

Müsahibimiz hesab edir ki, subsidiyanın məhsuldarlığın artımına stimul verməməsi isə bu sahədə ciddi problemlərin olmasından qaynaqlanır:

“Bu problemlər də öz həllini tapmalıdır. Yalnız subsidiya verməklə qeyri-səmərəli biznesi inkişaf etdirirlər ki, bu da yaxşı hal deyil”.