Sosial şəbəkədə biz:
Sosial yardımın təyin olunması meyarları dəyişir? – AÇIQLAMA
Xəbər Şəkli

Sosial yardımın təyin olunması meyarları dəyişir? – AÇIQLAMA

26 March 2026, 11:46
Sosial

Son vaxtlar ünvanlı sosial yardımın verilməsi ilə bağlı vətəndaşlar arasında narazılıqlar yaranıb. Bildirilir ki, ailənin köhnə avtomobilinin və ya bir neçə ev heyvanının olması sosial yardımın təyin edilməsinə maneə kimi qiymətləndirilir və bu səbəbdən müraciətlər rədd edilir. Halbuki həmin ailələrin gəliri olduqca aşağı səviyyədədir. Bu səbəbdən ünvanlı sosial yardımın təyin olunması zamanı tətbiq edilən meyarlarda hər hansısa yeniliyin gözlənilib-gözlənilmədiyi müzakirə edilir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial məsələlər komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, sosial yardımla bağlı cəmiyyətdə xeyli müzakirələr gedir və müxtəlif aspektlərdən izah olunurlar, müavinətlərlə bağlı da söz-söhbətlər var:

“Bəzən soruşurlar kimə, nəyə verilir... Müavinət dövlət və ya hansısa qurum tərəfindən əhaliyə verilən maddi yardımdır və bunun da müxtəlif növləri var. Pul şəklində müəyyən səbəblərə görə verilir. Məsələn işsizlik, əlillik, uşağa görə təyin edilir... Ehtiyacı olan insanlar var ki, onlara dəstək göstərilir. Bu, pul şəklində deyil, məsələn, heyvanlar verilir, bu da yardımdır. Ona görə verilir ki, onlar işləyib qazanc əldə edə bilsinlər. Biz çalışmalıyıq ki, insanların daha çox məşğuliyyətini təmin edə bilək. İş yerləri açaq və ya onlar özləri ayaqda tutması üçün müəyyən dəstək olsun və s. Təbii ki, müəyyən səhvlərə yol verilə, müəyyən qüsurlar da ola bilər. Düşünürəm ki, bu sahə ilə bağlı qanunvericilikdə kifayət qədər müddəalar nəzərdə tutulub. Ünvanlı sosial yardımın təyin olunmasında əsas meyarlarda dəyişikliklərlə bağlı hələlik belə bir məsələ müzakirə edilmir. Müzakirə olunacaqsa, təbii ki, biz çalışmalıyıq insanlarımızın rifahına xidmət edən dəyişikliklər olsun”.