Məlum olduğu kimi, Bakıda ödənişli yollar yaradılacaq. Bununla bağlı hazırlıq işlərinə də başlanılıb. Lakin yeni layihə sürücülər tərəfindən o qədər müsbət qarşılanmayıb. Bildirilir ki, onsuz da il ərzində paytaxt ərazisində yolların təmiri ilə əlaqədar aparılan işlər səbəbindən sıxlıqdır, getdikcə cərimələr də artır. Bəs görəsən, yeni layihənin Bakının yerüstü nəqliyyatına hansı müsbət təsirləri olacaq?
Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev deyib ki, Azərbaycan istənilən formada dünya ilə ayaqlaşır, sivil yolla gedir.
R.Quliyev qeyd edib ki, ödənişli yollar olanda ödənişsiz alternativ yollar da olmalıdır: “Alternativ varsa, əlbəttə, bu yol nisbətən uzun olacaq, rahat olmayacaq, nisbətən fərq yaranacaq, amma olmalıdır. Demokratiyada seçim prinsipi var. Seçim prinsipi varsa, istənilən şəxs, o cümlədən sürücü pulsuz yolu seçirsə, o yoldan istifadə edir. Kimin imkanı varsa, daha tez, komfortlu ödənişli yolu seçir. Bazar iqtisadiyyatıdır və bazar iqtisadiyyatında həmişə seçimlər var. Bəli, kifayət qədər cərimələr mövcuddur. Mən də tez-tez vətəndaşların gileyləndiklərini eşidirəm. Tövsiyə edirəm ki, özləri də bir az nizam-intizamlı olsunlar. Bizim insanlar cərimə olunduqlarında səbəbi müəyyənləşdirmək istəmirlər ki, həqiqətən də qanunu pozublar, ya yox. Bunun üçün çalışmaq, müraciət etmək lazımdır. Çoxları istəmir ki, buna vaxt, əsəb sərf etsin. Deyirlər ki, “cəhənnəmə olsun, 30-40 manatdır, ödəyim, başımdan getsin, buna vaxt sərf etmək istəmirəm”. Amma bu, düzgün mövqe deyil. Bunu deputat olduğum dövrlərdə də demişəm. Cərimə istər 10 manat, istərsə də 100 manat olsun, fərqi yoxdur... Məsələ ilə dəqiq məşğul olmaq lazımdır. Allaha şükür, indi iyirmi birinci əsrdir, hər şeyi internetlə həll etmək mümkündür. Gizli heç nə yoxdur, hər şey səffafdır. Dediyim kimi, bazar iqtisadiyyatıdır. Seçim varsa, deməli, demokratiya var, istənilən insan istənilən yolla hərəkət edə bilər. Dünya hansı formada inkişaf edirsə, biz də o formada inkişaf edirik”.
Rüfət Quliyev vurğulayıb ki, narazılıq təkcə yol cərimələrindən deyil, həm də iaşə obyektlərindən, marketlərdə vaxtı keçmiş malların satışı kimi məsələlərdən də var: “Bir kiloqram məhsulu doqquz yüz qram çəkidə verirlər, amma bir kiloqram dəyərində satırlar. Bununla bizim cəmiyyətdə dəqiqliyi ilə məşğul olan kimdir? Heç kim. İstər bəzi məmurlar, istər şəbəkədə işləyən insanlar, istərsə də bəzi sahibkarlar da bundan istifadə edirlər. Bizim insanların qəlbləri genişdir, ürəkləri açıqdır, bu məsələyə çox da fikir vermək istəmirlər...”