Azərbaycanda pensiyaların indeksasiyası ilə bağlı yeni mexanizm hazırlanır. Təklif edilən dəyişikliyə əsasən, 2027-ci ildən pensiyası ölkə üzrə orta aylıq əməkhaqqından yüksək olan şəxslərin pensiyasının həmin məbləğdən yuxarı hissəsinə 0,2-0,5 əmsallarının tətbiqi nəzərdə tutulur.
Yeni mexanizm pensiyaların artımına real olaraq necə təsir göstərəcək?
Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, təklif olunan mexanizmə əsasən, pensiyanın ölkə üzrə orta aylıq nominal əməkhaqqı (hazırda 1176,7 manat) qədər olan hissəsi əvvəlki qaydada tam indeksasiya ediləcək:
“Yalnız bu məbləği aşan hissəyə daha aşağı əmsal tətbiq olunacaq. Hazırkı məlumata görə, pensiyaçıların 90 faizdən çoxunun pensiyası 1176,7 manatdan aşağıdır. Layihədə nəzərdə tutulan mexanizmə əsasən, bu şəxslərin pensiyasının indeksasiyasına yeni əmsallar tətbiq edilməyəcək. 1176,7 manatdan yüksək pensiya alan şəxslərdə isə əmsal bütün pensiyaya deyil, yalnız həmin həddi aşan hissəyə tətbiq olunacaq. Məsələn, 1300 manat pensiya alan şəxsin pensiyasının yalnız 123,3 manatlıq hissəsi yeni əmsalın tətbiq dairəsinə düşür. Buna görə də əmsalın 0,2 olması belə pensiyanın ümumi artımını aradan qaldırmır, sadəcə əvvəlki qayda ilə müqayisədə artım məbləğini azaldır. Beləliklə, yüksək pensiya alan şəxsin nominal pensiyası yenə artır, lakin tam indeksasiya halı ilə müqayisədə daha aşağı templə. Pensiya məbləği yüksəldikcə, tam indeksasiya ilə yeni mexanizm arasındakı fərq də artır”.
Professor bildirib ki, pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsipləri ilə uyğunluğunun qorunması və təkmilləşdirilməsi vacibdir:
“Prinsip etibarilə, gələcəkdə əmsalların dəyişdirilməsi mümkündür. Çünki söhbət qanunvericiliklə müəyyən ediləcək mexanizmdən gedir və qanun layihəsi təsdiqlənməyib. Buna görə də 0,2 və 0,5 rəqəmlərini gələcək illər üçün dəyişməz parametr kimi qəbul etmək düzgün olmaz”.
“Bunun üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Hazırda qanunun 29-cu maddəsində pensiyaların indeksasiyası qaydası müəyyən edilir və mövcud mexanizm orta aylıq nominal əməkhaqqının artım tempinə əsaslanır. Ümumilikdə, təklif olunan dəyişiklik pensiyaların nominal məbləğinin azaldılmasını deyil, orta aylıq əməkhaqqından yüksək pensiyaların həmin həddi aşan hissəsinin daha aşağı əmsalla indeksasiya olunmasını nəzərdə tutur. Buna görə də mexanizmin əsas təsiri yüksək pensiya alanların gələcək artım tempinin tam indeksasiya ilə müqayisədə aşağı düşməsində ifadə olunacaq”.