Bahalaşma sürətlənir, gəlirlər isə geri qalır – ŞƏRH
Azərbaycanda minimum əməkhaqqı əvvəlki illərdə artsa da, bu il artım qeydə alınmadı. Eyni zamanda qiymətlər sürətlə yüksəlməkdə davam edir. Ərzaq məhsullarının bahalaşması, nəqliyyat xərclərinin artması və kommunal tarif dəyişiklikləri əhalinin gündəlik xərclərini daha da artırır. Bu şəraitdə maaş və pensiyaların dəyişməz qalması alıcılıq qabiliyyətinə ciddi təsir edir.
2026-cı ildə gəlir və xərclər arasındakı bu fərqin necə dəyişəcəyi və maaşlarda artımın olub-olmayacağı isə əsas müzakirə mövzularından biridir.
Onun sözlərinə görə, maaşların artması avtomatik olaraq yaşayış xərclərini qarşılamır və ya onları azaltmır. Əksinə, əməkhaqqı artımı bəzən daha çox formal xarakter daşıyır, çünki maaşlar 5-10 faiz artdığı halda, bazarda qiymətlər 30-40 faizə qədər yüksələ bilir. Bu isə real alıcılıq qabiliyyətinə ciddi təsir etmir: “Kirayə haqları və digər gündəlik xərclərin artması da problemi dərinləşdirir. Azərbaycanda mövcud sistemdə ciddi uyğunsuzluqlar var: bəzi hallarda real 800-900 manat maaş alan şəxsin gəliri sistemdə 400 manat kimi göstərilir. Halbuki, bu, nə bazar reallığına, nə də peşə standartlarına uyğun deyil. Məsələn, mühasib və ya memar kimi ixtisasların 400-500 manat maaşla işləməsi real görünmür”. G.Hüseynova vurğulayıb ki, bu kimi hallar həm gələcək pensiya təminatında problemlər yaradır, həm də dövlət büdcəsinə və sosial sistemə əlavə yük gətirir: “Ölkədə demoqrafik dəyişikliklər: doğum səviyyəsinin azalması və əhalinin yaşlanması gələcəkdə pensiya ödənişlərini daha da çətinləşdirə bilər. Məsələn, 430 manat pensiya alan bir şəxsin pensiyasının gələcəkdə 1500-1800 manata çatması gözlənilsə də, əməkhaqqı və vergi sistemi bu artımı qarşılayacaq səviyyədə deyil. Bu da ümumi narahatlıq yaradır. Problemin həlli üçün ilk növbədə sərt və sistemli islahatlar aparılmalı, vergi intizamı gücləndirilməli, qanun pozuntularına qarşı ciddi nəzarət və cərimələr tətbiq olunmalıdır. Sistem tam möhkəmlənmədən maaş artımlarından danışmaq real nəticə vermir”.
Ekspert sonda qeyd edib ki, dövlət minimum əməkhaqqını müəyyən etsə də, bu, özəl sektora birbaşa və sərt müdaxilə kimi qəbul olunmamalıdır: “Lakin əmək bazarında ədalətli mexanizmlərin formalaşdırılması vacibdir, əks halda əməkhaqqı və qiymət artımı arasındakı disbalans davam edəcək”.