Sosial şəbəkədə biz:
“Mən yazmaqdan yoruldum, onlar aldatmaqdan yorulmadılar” – “Kapital Bank”dan şikayət
Xəbər Şəkli

“Mən yazmaqdan yoruldum, onlar aldatmaqdan yorulmadılar” – “Kapital Bank”dan şikayət

13 April 2026, 16:14
Sosial

“Mən onların qanunsuzluqlarından yazmaqdan yoruldum, amma onlar müştəriləri aldatmaqdan yorulmadılar”.
Bu sözləri tanınmış iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkə hesabında “Kapital Bank” barəsində paylaşdığı yazıda qeyd edib.
Samir Əliyevin paylaşımını olduğu kimi təqdim edirik:
“Yaxın oturun, sizə ölkənin 2-ci ən böyük bankı olan “Kapital Bank”ın yeni pul qazanmaq metodundan danışım. Hər dəfə də yeni metodlarını kəşf edirəm. Bunlar hələ öz başıma gələnlərdir, görün, xəbərim olmayan nə qədər mexanizmlər mövcuddur.
Deməli, bu bankın tətbiqində digər banklarda olduğu kimi istədiyin vəsaiti bir hesabdan (A-dan) digər hesaba (B-yə), bir kartdan (A-dan) digər karta (B-yə) pul vəsaiti köçürmək funksiyası var. Bu köçürmələrə görə hesabların və kartların təyinatından asılı olaraq komissiya haqqı tələb oluna da bilər, olunmaya da bilər. Burası normaldır, hətta əladır.
Normal olmayanı bilirsiniz nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komissiya haqqı tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək. Bu, həqiqətən də anormallıq və müştəridən haqsız pul qoparmaqdır.
Problemi izah edim. “Kapital Bank”ın məhsulu olan “Birbank”ın debet və kredit olmaqla iki kartından istifadə edirəm. Özlərinin tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürmək əvəzinə səhvən kredit kartından özünə köçürmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdlaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesab əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdlaşdırma haqqı tutur.
Bank təmsilçisindən soruşuram ki, niyə siz icazə verirsiniz ki, mən eyni kart arasında köçürmə edim? Axı bunu qadağan etmək çətin deyil? Cavab verir ki, təklifinizi nəzərə aldıq, gələcəkdə bununla bağlı tədbir görüləcək. “Bəs mənim itkilərim, onların taleyi necə olacaq?” sualı təbii ki, cavabsız qaldı. Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdə deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqq edilməyən pullardadır.
Keçən dəfə yazmışdım və bu dəfə bir daha təkrar etməyə məcburam. Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsi faktiki olaraq müdafiədən kənarda qalıb. Onların hüquqları kütləvi şəkildə pozulur. Bu hüquqları müdafiə edən mexanizmlər isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadlılığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadır, səhv və yarımçıq məlumat verməklə kredit bataqlığına salırlar. Oturub havadan müqavilə tərtib edirlər və sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyrçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir”.

Azinforum.az