Sosial şəbəkədə biz:

Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq

Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq
Xəbər Şəkli
26 September 2026, 08:40
Siyasət

Biz hazırda de-fakto sülhə nail olmuşuq.

 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

 

"Ermənistanla onilliklər boyu davam edən münaqişənin xalqımıza ağır faciələr yaşatmasına və ərazimizdə dərin yaralar açmasına baxmayaraq, Azərbaycan gələcəyə baxmağı və düşmənçilik səhifəsini çevirməyi seçib.

 

Biz Ermənistana, tərəflərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və hörmət etməsinə əsaslanan, beynəlxalq hüququn norma və prinsipləri ilə tam uyğunluq təşkil edən sülh təklif etmişik.

 

Bizim normallaşma səylərimiz nəticəsində keçən ilin avqust ayında Vaşinqton Sülh Sammitində tarixi nəticələr əldə edildi, həmin sammitdə Azərbaycan və Ermənistan liderləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyində Birgə Bəyannamə imzaladılar. Bu Bəyannamə vasitəsilə hər iki tərəf münaqişənin sona çatdığını, dinc və firavan gələcək qurmaq istiqamətində birgə iradələrini təsdiq etdilər. Tərəflər həmçinin Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişi parafladılar.

 

Biz hazırda de-fakto sülhə nail olmuşuq. Bundan əlavə, Azərbaycan tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv edərək malların Ermənistana və Ermənistandan daşınmasını asanlaşdırır. Biz həmçinin ikitərəfli ticarət əlaqələri qurmuşuq. Beynəlxalq bazarlarda artan qeyri-sabitliyə və həmin məhsullara qlobal tələbatın çoxalmasına baxmayaraq, Azərbaycan müntəzəm şəkildə Ermənistanı strateji əhəmiyyətli neft məhsulları ilə təmin edir.

 

Biz Azərbaycanın təşəbbüsü ilə başlanmış sülh gündəliyini irəliyə apardıqca, bütün regionumuz sabitlik, bağlantı və konkret iqtisadi dividendlərin perspektivli dayaq nöqtəsinə çevrilir.

 

Bu prosesin geridönməzliyini təmin etmək məqsədilə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması vasitəsilə normallaşma prosesinin yekunlaşdırılmasına şərait yaratmaq üçün yerdə qalan maneənin aradan qaldırılması həlledici dərəcədə zəruridir".

 

Regional normallaşma prosesi ilə yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa gündəliyi nəticə etibarilə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirə bilməsini qarşıya məqsəd qoyub", - XİN başçısı vurğulayıb.