“ABŞ-də olan, lakin sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil”.
Bunu “Teleqraf”a Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı oğlu Orxan və gəlini Yaqutun ABŞ-də həbs edildiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, oğlu və gəlini ümumiyyətlə, həbs olunmayıblar: “Heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədar araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvəllərində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması kimi yayılan xəbərlər tamamilə uydurmadır”.
Arif Hacılı bildirib ki, hazırda ABŞ-dəki vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür: “Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə, onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.
Qeyd edək ki, Arif Hacılının oğlu və gəlininin ABŞ-də həbs edildiyi iddia edilir. Onların ölkədən çıxmaq öhdəliyi götürsələr də, ABŞ-də qeyri-qanuni yaşamağa davam etdikləri bildirilir.