Azərbaycan iqtisadiyyatı 0,3 faiz, strateji valyuta ehtiyatları isə 6 faiz kiçilib
Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 0,3 faiz kiçilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında ümumi daxili məhsul (ÜDM) 29 milyard 703,2 milyon manat təşkil edib.
Yeri gəlmişkən, beynəlxalq təşkilatların və Azərbaycan hökumətinin 2026-cı il üçün ÜDM-ə dair proqnozları hələ ki, özünü doğrultmayıb. 2026-ci il Azərbaycan iqtisadiyyatı üçün Beynəlxalq Valyuta Fondu və Dünya Bankı 2 faizlik, İqtisadiyyat Nazirliyi isə 3 faizlik artım proqnozlaşdırıb. Artıq ilin ilk rübündə iqtisadiyyatda nəinki artım, hətta 0,3 faiz kiçilmə müşahidə olunur.
İqtisadi geriləmə əsasən neft-qaz sektorunun hesabına baş verib. Rüblük statistikaya görə, neft-qaz ÜDM-i 8,5 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azdır.
Ümumi daxili məhsulun qeyri-neft-qaz sektoru üzrə həcmində isə 0,2 faiz artım qeydə alınıb. Belə ki, qeyri-neft-qaz ÜDM-i 21,1 milyard manat təşkil edib.
Real sektora dair göstəricilərə görə, yanvar-mart aylarında 14,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Bu sahədə 0,2 faizlik artım əsasən qeyri-neft-qaz sənayesində məhsul buraxılışının artması hesabına baş verib. İlin ilk rübündə qeyri-neft-qaz sənayesində 5,1 milyard manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.
Bundan başqa, əsas artımlar xidmət sektorunda müşahidə edilib. Statistikaya əsasən, informasiya və rabitə xidmətləri sahəsində 931,7 milyon manatlıq istehsal olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıqdır.
2026-cı ilin birinci rübündə əhali təxminən 16 milyard manatlıq alış-veriş edib. Bu baxımdan pərakəndə ticarət dövriyyəsinin həcmi dəyər ifadəsində 3,7 faiz artıb.
Real sektorda ən böyük artım investisiya fəaliyyətində qeydə alınıb. İlin ilk rübündə əsas kapitala yönəldilən investisiyaların həcmi 4 milyard 50 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz artım deməkdir. Bu investisiyaların 2,5 milyard manatı qeyri-neft-qaz sektoruna yönəldilib. Bu, əsasən dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə və digər sahələrə ayrılan investisiya xərcləridir.
Strateji valyuta ehtiyatları da azalıb
Yeri gəlmişkən, neft-qaz gəlirlərinin azalması və hasilatın aşağı düşməsi ÜDM-in kiçilməsinə təsir göstərdiyi kimi, fevral ayından etibarən qızılın qiymətində müşahidə edilən ucuzlaşma, habelə sözügedən qiymətli metalın idxalının zəifləməsi də xarici ticarət dövriyyəsinə və strateji valyuta ehtiyatlarına təsir edib.
Belə ki, Statistika Komitəsinin rüblük məlumatında strateji valyuta ehtiyatlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artdığını göstərir. Lakin yanvar-fevral aylarında ölkənin strateji valyuta ehtiyatlarının həcmi 90,6 milyard dollar təşkil edib. Mart ayında isə bu həcm 5,45 milyard dollar azalaraq 85,15 milyarda düşüb. Məlumdur ki, Dövlət Neft Fondunun aktivlərinin 38,2 faizini qızıl təşkil edir. Ötən il bu qiymətli metalın bahalaşması valyuta ehtiyatlarının həcmini artırmışdı. Lakin mart ayında qızılın kəskin ucuzlaşması ölkənin strateji valyuta ehtiyatlarının təxminən 6 faiz kiçilməsinə səbəb olub.
Bundan əlavə, cari ildə Fond tərəfindən qızıl idxalının azalması da xarici ticarət dövriyyəsinə təsir göstərib. Belə ki, yanvar-fevral aylarında xarici ticarət dövriyyəsinin həcmi 23,5 faiz azalıb və 6,27 milyard dollar təşkil edib. Azalmanın böyük hissəsi – 37,1 faizi idxalın payına düşüb ki, burada da əsas amil qızılın alışının azalması olub. İxracdakı azalma isə 9,6 faiz təşkil edib. İxracdakı eniş isə daha çox neft amili ilə bağlıdır.
Beləliklə, ilin ilk rübündə neft gəlirlərinin azalması, qızıl idxalının azalması və bu metalın ucuzlaşması ölkənin iqtisadi artımında müəyyən ətalət yaradıb. İqtisadçılara görə, dünya bazarında neftin qiymətinin kəskin bahalaşması növbəti rüblərdə gəlirlərdə müəyyən canlanma yarada bilər. meydan.tv