Azərbaycana ABŞ-dan dollar axını - ŞƏRH
2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 76 milyon 397 min ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 26,4% azdır. Hesabat dövründə Azərbaycandan ABŞ-ə daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 11,5%-dən 15,1%-ə qalxıb.
Bu il ərzində ABŞ-dən Azərbaycana isə fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur. Hesabat dövründə ABŞ-dən Azərbaycana daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 6%-dən 8,6%-ə qalxıb. Azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələri əsasən Rusiya, Türkiyədə yaşayan soydaşlarımız tərəfindən həyata keçirilir.
İqtisadçı-ekspert Xalid Kərimli Musavat.com-a qeyd edib ki, Rusiyadan pul köçürmələrində əhəmiyyətli dərəcədə azalma var. Bununla yanaşı, onun dediyinə görə, ABŞ-dən gələn pul baratları ilə müqayisədə Rusiyadan yenə də 3-4 dəfə çox pul gəlir.
“ABŞ-dən pul köçürmələrində artımın olması o demək deyil ki, orada yaşayan azərbaycanlıların sayı iki dəfə artıb. ABŞ-də yaşayan azərbaycanlılar kiçik biznes, elm və təhsil, maliyyə, IT sahəsində çalışır və ailələrinə pul göndərirlər. Rusiyadan pul köçürmələrin azalmasının səbəbi isə müharibə, sanksiya, ölkədə vəziyyətin pisləşməsidir. Orada yaşayanların bir hissəsinin vəziyyəti o qədər də yaxşı deyil, həm də ödəniş sistemləri ilə bağlı problem var. Sanksiyalar əvvəlki qədər rahat pul göndərməyə imkan vermir”, - deyə X.Kərimli açıqlayıb.
İqtisadçı vurğulayıb ki, ABŞ-də isə iqtisadi vəziyyət Rusiyadan yaxşıdır:
“Orada azərbaycanlıların sayı tədricən çoxalır və ailələrinə pul göndərə bilirlər. Fərq ondadır ki, Rusiyada soydaşımız çoxdur. Bir sıra amillər isə iqtisadi vəziyyətdən asılıdır. Rusiyada vəziyyət yaxşılaşdıqca pul köçürmələri də çoxalacaq. Başqa ölkədən pul köçürmələri yaxşıdır, ancaq ən yaxşısı elə ölkənin özündə pul qazanmaq imkanının olmasıdır”.