Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Naxçıvanın blokadada saxlanılması məsələsi və Zəngəzur istiqamətində yaranmış durğunluqla bağlı maraqlı təhlillə çıxış edib. Onun sözlərinə görə, 10 noybar sənədinin 9-cu bəndinin icra olunmaması və artıq TRİPP layihəsi çərçivəsində götürülmüş öhdəliklərdən yayınma Ermənistanın ölkəmizin bir hissəsinin blokadasını məqsədyönlü şəkildə davam etdirməyə çalışdığını göstərir.

Ekspert hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycanın öz eksklavına gedən yolların açılması üçün geniş spektrli siyasi və güc tədbirləri görməyə tam haqqı çatır. Mümkün ssenarilərin hazırlanmasında aşağıdakı dörd əsas faktor baza kimi qəbul edilməlidir:
- Ermənistanın 10 noyabr 2020-ci il tarixli razılaşmalar və 2025-ci il Vaşinqton razılaşmaları çərçivəsində öhdəliklərindən yayınması;
- 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycan SSR-in Zəngəzur (Mehri) dəmir yolu sahəsinə mülkiyyət hüququ probleminin tənzimlənməməsi;
- Rusiya sərhəd qoşunlarının (FSB) və Rusiya Dəmir Yollarının (RŽD) de-fakto və de-yure tam nəzarəti;
- Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlarda, o cümlədən bu sahil sahəsi üzrə nəticələrin hələ də əldə olunmaması (həmin ərazinin son mənsubiyyəti yalnız danışıqlar başa çatdıqdan sonra müəyyən edilə bilər)".
Naxçıvana yolun açılması üçün güc tətbiqi nə dərəcədə aktualdır?
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, Naxçıvanın quru yolla əlaqəsinin hələ də açılmaması Azərbaycan cəmiyyətində haqlı narahatlıq doğurur və təcrübəli diplomatların da təəcübünə səbəb olur: “Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sadaladığı dörd faktor problemin həm hüquqi, həm siyasi baxımdan nə qədər mürəkkəb olduğunu göstərir. Bu mürəkkəblik sadə cavab yox, hesablanmış cavab tələb edir. Son illərdə Azərbaycan diplomatiyası nəqliyyat əlaqəsi məsələsini beynəlxalq gündəmə çıxarmağa nail olub. TRİPP layihəsi ABŞ-nin iştirakı ilə bu təşəbbüsə yeni legitimlik və siyasi çəki verib. Prezident İlham Əliyev avqustda bildirib ki, layihənin icrası başlayıb, infrastruktur işləri davam edir və Ermənistan hələ hazır olmadığı üçün tələsməyə ehtiyac yoxdur. O, həmçinin Avropa İttifaqının və bir sıra ölkələrin Naxçıvan istiqamətli dəmir yoluna maraq göstərdiyini qeyd edib. Yəni ölkəmizin rəsmi mövqeyi bir tərəfdən gözləmə və səbr, digər tərəfdən isə Azərbaycanın üzərinə götürdüyü öhdəliklər üzrə hazırlıq işlərinin davam etdirilməsi üzərində qurulub. Belə yanaşma məqsədəuyğunluq baxımından əsaslı hesab olunmalıdır”.
Onun fikrincə, Ermənistanın 30 ildən işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etmək üçün hərbi güc tətbiq etməyimizin analoqu kimi Naxçıvana kommunikasiya xətlərinin açılması məqsədilə güç tətbiq etmək zahirən cəlbedici görünə bilər: “Lakin bu geosiyasi, iqtisadi, beynəlxalq və diplomatik risklərlə bağlıdır. Bu risklər Güney Qafqazda onsuz da kövrək olan sabitliyin və sülh prosesinin pozulması, regionun yenidən hərbi qarşıdurma və münaqişə zonasına çevrilməsi ilə əlaqədar yarana və kommunikasiyaların açılmasının uzun müddət ləngiməsinə gətirib çıxara bilər. Regional sabitliyin pozulması nəzəri cəhətdən daha çox Rusiya və İranın maraqlarına uyğun görünür. Nəzərə almaq lazımdır TRİPP layihəsi sadəcə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat kommunikasiya xətti deyil, həm də Çindən Avropaya uzanan Şərq-Qərb marşrutunun və Orta Dəhlizin, Türk dünyasının dövlətləri arasında quru yolla bağlantının vacib infrastrukturudur. Eyni zamanda, nəqliyyat kommunikasiya xətti yalnız dəmir yolu və avtomobil yolundan ibarət deyil. Kommunikasiya xəttinin işləməsi üçün yol infrastrukturundan başqa, həm də investorlar, tranzit ölkələri bu marşruta etibarı, yük daşıyıcıları və sığorta şirkətləri lazımdır. Münaqişə zonasından keçən marşrut isə bu etibarı itirir. Beynəlxalq hüquq baxımından da risklər böyükdür. Qarabağda Azərbaycan öz tanınmış ərazisində fəaliyyət göstərirdi və BMT-nin 4 məlum qətnamələrini əsas tuturdu. Bu dəfə isə söhbət Ermənistanın suveren ərazisindən keçən marşrutdan gedir. Mehri sahəsində Rusiya sərhədçilərinin və dəmir yolu operatorunun mövcudluğu vəziyyəti daha həssas edir”.
Ekspertə görə, Ermənistana qarşı yönələn və güc tətbiqi ilə müşayiət olunan sərt addım Moskva ilə ayrıca münasibət müstəvisi aça bilər: “Ermənistan ərazisi hesab olunan marşrutda güc tətbiqi ehtimalının Azərbaycana qarşı hansı təbliğat və təzyiq dalğasına gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Naxçıvana kommunikasiya xətlərinin açılması məqsədilə Azərbaycanın güç tətbiq etməsi, hətta belə bir təklifin səslənməsi bu gün üçün aktual deyil. Bu, son nəticədə Azərbaycana qarşı təbliğat, təzyiq və sanksiyalar kampaniyasına və əks nəticələrə - Naxçıvana quru yolla kommunikasiyaların açılmasının uzun müddət, bəlkə də həmişəlik təxirə düşməsinə, nəzərdə tutulan regional beynəlxalq layihələrin icrasının ləngidilməsinə gətirib çıxara bilər. Güc tətbiqi barədə təklifin Tofiq Zülfüqarov kimi təcrübəli diplomatlar tərəfindən səsləndirilməsini də məqsədəuyğun hesab etmirəm”.
Q.Əlibəyli hesab edir ki, əlbəttə, passiv oturub dözüm nümayiş etdirmək də problemdən çıxış yolu deyil: “Azərbaycan bütün mümkün diplomatik vasitələrlə Ermənistana beynəlxalq təzyiqi davam etdirilməlidir. ABŞ-nin, Avropa İttifaqının, Mərkəzi Asiya dövlətlərinin və Çinin TRİPP marşrutunun işə düşməsində maraqlı olduğunu nəzərə almaqla bu məsələnin beynəlxalq gündəmdə qalması üzrə fəaliyyətimizi davam etdirməliyik”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın təmkinli davranışı da sonsuz ola bilməz: “Əgər illər keçdikcə konkret irəliləyiş olmasa, Azərbaycan öz seçimlərini yenidən nəzərdən keçirməli olacaq. Amma bu gün üçün diplomatik kanallar tam tükənməyib, beynəlxalq dəstək qalır”.