Məhkəmə “Kontakt Home”u müştəriyə satdığı məhsulun yararsızlığına görə təminat ödəməyə məcbur etdi
“Kontakt Home” mağazalar şəbəkəsi satdığı mopedin nasazlığına görə alıcıya təzminat ödəmək məcburiyyətində qalıb. Onun üzərinə məhkəmə bu öhdəliyi qoyub.
Beyləqan rayon sakini “Kontakt Home”dan kredit yolu ilə “Zigzag" markalı moped alıb. Moped qısa müddətdə texniki cəhətdən istifadəyə yararsız vəziyyətə düşüb. Xüsusilə elektrik sistemində və akkumulyatorda nasazlıqlar meydana çıxıb. Bu səbəbdən mopedi rəsmi servis partnyoru olan “Reset Servis” xidmətinə təhvil verib. 14 gün ərzində texniki rəy verilməli olduğu halda, heç bir cavab gəlməyib.
Şikayətçinin sözləinə görə, həmin moped dəyişdirilib. Lakin yeni verilən moped daha təhlükəli vəziyyətdə olub. Sükanaltı tros kabelin düzgün quraşdırılmaması nəticəsində qəza vəziyyəti yaranıb, həyatı risk altına düşüb. Bir neçə gün sonra mopedin elektrik sistemində nasazlıq və akkumulyator problemi yaranıb.
Bu mopedi də “Kontakt Home”un əməkdaşlıq etdiyi servis xidmətinə aparıb:
“Moped istifadəyə yararsız olduğundan işləyə bilməmişəm. Mənim əsas işim kuryerlikdir. Mopeddən 30 gün əsas təyinatı üzrə - kuryer fəaliyyəti üçün istifadə edə bilməmişəm. Gündəlik təxminən 25 manat gəlirdən məhrum olmuşam. Bu da təxminən 750 manat edib. Servisə təhvil verəndə mopedin üstündə telefon tutacağım vardı, həmin əşya geri qaytarılmadı. Başqa xərclərim də olub...”
Bu səbəbdən də şikayətçi istehlakçı hüquqlarının pozulduğunu, ona həm maddi, həm də yaşadığı stresslər nəticəsində mənəvi ziyan dəydiyini əsas gətirərək, təzminat tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində tələb edib ki, “Kontakt Home” maddi ziyana görə 856 manat, mənəvi ziyana görə isə 1000 manat ödəsin. Həmçinin “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı araşdırma aparılmasını, texniki yoxlamadan keçməyən məhsulların satışa çıxarılması, istehlakçı həyatı üçün təhlükəli vəziyyətlərin gizlədilməsi və müştəriyə nasaz məhsulun sistematik şəkildə təqdim edilməsi hallarının üzə çıxarılmasını və bu barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edib.
“Kontakt Kome”un nümayəndəsi isə alıcının haqsız olduğunu bildirib. Fikrini də belə əsaslandırıb ki, o, aldığı mopedi məişət ehtiyacları üçün istifadə etməli idi, lakin sahibkarlıq məqsədilə, qazanc əldə etmək üçün istifadə edib:
“Buna görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də onun şikayətini əsaslı hesab etməyib”.
O, əlavə edib ki, şikayətçi dəymiş ziyanı sübut edə bilməyib:
“Biz “Kontakt Home” olaraq, onun hüquqlarını pozmamışıq, əksinə, iddiaçı məhsuldan sahibkarlıq məqsədilə istifadə edib. Onun bütün hüquqları qorunub və məhsul onu qane etmədiyi üçün qaytarılıb. Servis xidməti ilə bağlı narazılığı varsa, buna cavabdeh biz deyilik”.
Məhkəmə iddianın qismən təmin olunmasına – “Kontakt Home” MMC-dən 400 manat dəymiş mənəvi zərər tutularaq qarşı tərəfə ödənilməsinə qərar verib.
Bizimyol.info