Sosial şəbəkədə biz:

Azərbaycan CNN-i məhkəməyə verib

Azərbaycan CNN-i məhkəməyə verib
Xəbər Şəkli
19 August 2026, 00:10
Gündəm

Azərbaycan ABŞ-də CNN-ə qarşı iddia qaldırıb. İddia avqustun 17-də Delaver ştatı üzrə federal məhkəməyə təqdim edilib.

Mübahisəyə CNN-in iyunun 5-də yaydığı məqalə səbəb olub. Məqalədə İsrailin İranla müharibə zamanı Azərbaycandan hərbi və kəşfiyyat məqsədləri üçün istifadə etdiyi iddia edilir.

CNN dörd anonim mənbəyə istinad etdiyini bildirərək yazmışdı ki, İsrailin xüsusi təyinatlıları, kəşfiyyat əməkdaşları və digər hərbi qüvvələri Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərib. Məqalədə bu ərazilərdən İranı izləmək, kəşfiyyat məlumatları toplamaq və dron əməliyyatları aparmaq üçün istifadə edildiyi bildirilirdi.

Materialda həmçinin İsrailin müharibədən əvvəl həmin ərazilərdə dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları yerləşdirdiyi iddia olunur.

Azərbaycan tərəfi isə bu məlumatları rədd edirdi.

Azərbaycanın ABŞ-dəki səfirliyi CNN-in sorğusuna cavab olaraq məqalə dərc olunmazdan əvvəl bildirib ki, ölkə ərazisinin üçüncü dövlətlərə qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadəsinə icazə verilmir.

Məqalə yayımlandıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi də CNN-ə etiraz edib. Nazirlik iddiaları əsassız və dezinformasiya cəhdi adlandırıb. CNN-dən materialın təkzib olunması və düzəliş verilməsi tələb edilib.

Azərbaycan tərəfi iyunun 6-da, 23-də və iyulun 2-də CNN-ə bu tələblə bağlı təkrar məktublar göndərib. Bildirilir ki, CNN məsələni araşdıracağını desə də, materialda dəyişiklik etməyib.

Bundan sonra məsələ məhkəməyə çıxarılıb.

CNN-in yazdığı digər iddialar

CNN məqaləsində İsrailin Azərbaycandakı fəaliyyətinin daha geniş planın bir hissəsi olduğunu iddia edib.

Mənbələrə görə, hazırlıqlar müharibədən bir neçə həftə əvvəl başlayıb. İddia olunurdu ki, Azərbaycan-İran sərhədi boyunca kəşfiyyat avadanlıqları yerləşdirilib və sonrakı əməliyyatlar üçün imkan yaradılıb.

CNN həmçinin İsrailin Azərbaycanla yanaşı İraq, Birləşmiş Ərəb Əmirlikləri və Somalilenddə də gizli hərbi imkanlardan istifadə etdiyini yazmışdı.

Məqalədə Azərbaycan və İsrail arasındakı yaxın münasibətlərə də diqqət çəkilir. Bildirilir ki, Azərbaycan İsrailə neft tədarük edir, İsrail isə Azərbaycana silah sistemləri satır.

Naxçıvan hadisəsi də məqalədə yer alıb

CNN-in yazısında martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin rəhbəri Rəhman Moqəddəmin öldürülməsi də qeyd olunurdu.

CNN-in mənbələrindən biri bu əməliyyatın Azərbaycandan həyata keçirildiyini iddia edib.

Məqaləyə görə, ertəsi gün Naxçıvan hava limanına dron hücumu olub. Terminala ziyan dəyib, bir neçə nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev hücuma görə İranı ittiham edib. İran isə hücumda iştirakını təkzib edib.

Martın 6-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olduğu bildirilən və Azərbaycanda İsrail və yəhudi obyektlərinə hücum hazırlayan şəbəkənin ifşa edildiyini açıqlayıb.

CNN daha sonra İsrailin həmin əməliyyatın Mossad, İsrail ordusu və Şin Betin iştirakı ilə keçirildiyini təsdiqlədiyini yazırdı.