Albalı sakinləri: “Kanalizasiya xəttinin çəkilməsi üçün bizdən 4200 manat istəyirlər”
Son günlər yağan yağışlar nəticəsində Bakının Maştağa qəsəbəsinin Albalı yaşayış massivindəki Rövşən Salmanov küçəsində evləri, həyətləri və yolları su basıb. Sakinlər şikayətlənirlər ki, bu hal illərdir baş verir, səbəb isə ərazidə kanalizasiya xəttinin olmamasıdır. Sakinlər deyirlər ki, son yağışlar nəticəsində suyun hündürlüyü 40 santimetrə çatıb, hərəkət iflic vəziyyətinə düşüb.
“Uşaqlar neçə gündür ki, məktəbə gedə bilmir. Körpə uşağım xəstələndi, həkimə apara bilmədik. Keçən il yağış yağanda da bənzər hadisə baş vermişdi”, – qəsəbə sakinlərindən biri Meydan TV-yə deyir.
Sakinlər şikayətlənirlər ki, illərdir ərazidə su-kanalizasiya sistemi yoxdur. Əhali də artıqca, şambo (kanalizasiya quyusu) quyularının sayı artır. Nəticədə vəziyyət daha da pisləşir, bütün sular üzə qalxır. Vətəndaşlar deyir ki, subasmalar daha çox qış aylarında olur. Amma bununla belə, əksər evlərin həyətləri hətta yay aylarında da su içində olur.
Son subasmadan sonra qonşular aidiyyəti qurumlara müraciət etsələr də, məsələ ilə maraqlanan olmayıb. Onların sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətindən gələn nümayəndələr sakinlərə bildiriblər ki, həyətlərdən və yollardan suyun çəkilməsi üçün boruları özləri almalıdırlar:
“Icra hakimiyyətinin nümayəndələri əraziyə gəlib baxış keçirdilər, ölçü apardılar. Daha sonra bizə dedilər ki, 4200 manat vəsait toplayıb boruları alaq, onlar isə xətləri çəksinlər. Bildirildiyinə görə, qəsəbənin ən aşağı nöqtəsində quyu qazılacaq, ora motorlar quraşdırılacaq və həyətlərdən suyun çəkilməsi bu üsulla həyata keçiriləcək. Lakin bu, problemin daimi həlli deyil. Sabah yenə eyni vəziyyət yaransa, yenidən pul yığmalıyıq? Keçən il 25 metr uzunluğunda çəkdiyim hasarı su yuyaraq dağıdıb”.
Bu il martın sonlarında və aprelin əvvəlində Bakıya yağan intensiv yağışlar nəticəsində paytaxtın müxtəlif ərazilərində yollar, fərdi yaşayış evləri və iaşə obyektləri, avtomobillər su altında qaldı, bəzi qəsəbələrdə isə körpülər və yollar yararsız vəziyyətə düşdü. Aidiyyəti qurumlar bunu anomal hava şəraiti ilə əlaqələndirdilər. Lakin bu mənzərə Bakı üçün artıq yeni deyil. Demək olar ki, hər il bir neçə dəfə təkrarlanan leysan yağışları oxşar fəsadlara səbəb olur, bəzi hallarda insan tələfatı ilə də nəticələnir. Subasmalardan bir neçə ay öncə Prezident İlham Əliyev bildirmişdi ki, paytaxt əhalisinin yalnız 50 faizi mərkəzləşdirilmiş kanalizasiya xidmətlərindən istifadə edir. Əlavə etmişdi ki, kanalizasiya ilə təminat səviyyəsinin 50 faizdən 95 faizə çatdırılması planlaşdırılır. Bakıda kanalizasiya sisteminin yenidən qurulması və bərpası üçün vaxtaşırı vəsaitlər ayrılıb. Ümumilikdə indiyədək bu sahəyə 314,8 milyon manat xərclənib. Lakin layihələr üçün ayrılan vəsaitlərin icrası barədə məlumatlar verilmir.
Ekspertlər bildirir ki, Bakıda uzun illər plansız tikinti və korrupsiya nəticəsində yağış sularının axıdılması sistemi məhv edilib. Problemin həlli üçün böyük maliyyə və yenidənqurma tələb olunur, lakin perspektiv görünmür və gələcəkdə də eyni problemlərin təkrarlanacağı gözlənilir.