Sosial şəbəkədə biz:
300-ə yaxın bina söküləcək
Xəbər Şəkli

300-ə yaxın bina söküləcək

10 April 2026, 08:38
Gündəm

Bakıda 100 mindən çox binanı əhatə edən yenidənqurma planı açıqlanıb

Bakı şəhərinin Baş planına uyğun olaraq paytaxtda genişmiqyaslı yenidənqurma və söküntü işləri mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlama verib.

Onun sözlərinə görə, şəhər üzrə 100 mindən çox bina ya söküləcək, ya da rekonstruksiya olunacaq . İstifadəyə yararlı tikililərdə isə kosmetik təmir və gücləndirmə işləri aparılacaq. Qəzalı vəziyyətdə olan və istismar müddəti başa çatmış binalar əsas prioritet kimi müəyyən edilib.

İlkin mərhələdə təxminən 10–12 min binanın bu prosesə cəlb ediləcəyi gözlənilir. Söküntü və yenidənqurma işləri üç mərhələdə həyata keçiriləcək. İlk mərhələdə qəzalı vəziyyətdə olan tikililər aradan qaldırılacaq. Hazırda binaların konkret siyahısının və yerləşdiyi ərazilərin müəyyənləşdirilməsi prosesi davam edir.

Artıq bəzi təsdiqlənmiş ərazilərdə köhnə və qəzalı vəziyyətdə binaların sökülməsinə başlanılıb. Layihənin birinci mərhələsinin 2030-cu ilə qədər, ikinci mərhələsinin isə 2030–2040-cı illərdə icrası planlaşdırılır.

Şəhərsalma layihələri çərçivəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi əsas istiqamətlərdən biri olacaq. Bu çərçivədə magistral yollar yenilənəcək, tramvay xətləri çəkiləcək və yeni metro stansiyaları inşa olunacaq. Eyni zamanda, yeni parkların, yaşıllıq zonalarının və ictimai məkanların yaradılması da nəzərdə tutulur. Mərkəzə yaxın, sıx və plansız tikilmiş ərazilərdə də genişmiqyaslı yenidənqurma işləri aparılacaq.

AQC sədri bildirib ki, layihələr müxtəlif maliyyə modelləri əsasında həyata keçiriləcək. Tikintinin bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində, digər hissəsi isə investorlar tərəfindən maliyyələşdiriləcək. Bununla belə, maliyyə mənbələrinin məhdudluğu və investor seçimi prosesinin vaxt aparması səbəbindən işlərin sürətli icrası gözlənilmir.

Yaxın dövrdə təxminən 300-ə yaxın binanın sökülməsi planlaşdırılır . Onların yerində yeni yaşayış kompleksləri, parklar və ictimai məkanlar yaradılacaq.

Baş planın əsas prioritetləri əhali sıxlığının azaldılması, şəhərin balanslı şəkildə genişləndirilməsi, yaşayış keyfiyyətinin yüksəldilməsi, nəqliyyat problemlərinin aradan qaldırılması, eləcə də tıxacların azaldılması və ekoloji mühitin yaxşılaşdırılmasıdır.
Bununla yanaşı, yaşıl zonaların genişləndirilməsi və alternativ enerji mənbələrinin tətbiqi də planlaşdırılır.

Söküntü prosesində prioritet qəzalı vəziyyətdə olan binalara, sovet dövründə tikilmiş və istismar müddəti başa çatmış yaşayış sahələrinə, normativlərə uyğun olmayan və qanunsuz inşa edilmiş fərdi evlərə veriləcək.

Yenilənmə əsasən Yasamal, Nəsimi və Nərimanov rayonlarında müşahidə ediləcək.