“Dostlarla görüşəndə “nemetski şot” edirik” – Elmar Məmmədyarov
Xalq yazıçısı Çingiz Abdullayev özünün “Facebook” hesabında dost məclisindən maraqlı foto paylaşıb. Fotoda məşhur simalar var: sabiq nazirlər Əbülfəs Qarayev, Elmar Məmmədyarov da tədbir iştirakçıları arasındadır. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun məclisdə olması isə xüsusi diqqət çəkir. Foto sosial şəbəkələrdə paylaşılandan sonra tənqid edilib.
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov həmin fotonun Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovun 100 illik yubileyində çəkildiyini deyib.
“İyunun 27-də Arif Heydərovun oğlu Murad Heydərovun dəvəti ilə məclisdə iştirak etmişik. Adətən, şad günlərdə, anım günlərində, yaslarda dostlarla görüşürük, söhbət edirik. Gözəl anlarda şəkil də çəkdiririk”.
“Xüsusi günlər olmayanda görüşdükdə isə “nemetskiy şot” olur. Yəni tamaşaya və ya çay içməyə gedən zaman pulu birlikdə toplayır, elə ödəyirik. Təki hər zaman şad günlər olsun, qalan işlər düzələndir”.