Sosial şəbəkədə biz:

Rafiq Əliyev: “Yaşlı nəslin nümayəndələri hələ də sovet sistemindən ayrılmayıblar, düzgün deyil”

Rafiq Əliyev: “Yaşlı nəslin nümayəndələri hələ də sovet sistemindən ayrılmayıblar, düzgün deyil”
Xəbər Şəkli
24 August 2026, 09:31
Cəmiyyət

“Sovet sistemi ilə hazırkı sistem arasındakı fərqləri müzakirə etmək düzgün deyil. Çünki tamamilə başqa sistemlərdir, hətta bəzən bir-birinə ziddir. Sosializm sistemində yaşayan insanlar yaşlı nəslin nümayəndələridir. Onlar hələ də sovet sistemindən ayrılmayıblar. Çünki o sistemdə böyüyüblər, oxuyublar, işləyiblər, yaxşı cəhətlərindən bəhrələniblər. Bu da onları həmişə keçmişə doğru yönəlməyə vadar edir, lakin düzgün deyil. Təbii ki, müqayisə etmək olar. Nəzərə alaq ki, indiki dövrlə keçmiş dövr arasında fərq böyükdür. Mən də sovet dövründə yaşayan insanam. İki ictimai-siyasi sistemdə yaşamışam. Əlbəttə, sovet dövründə imkanlar  daha çox idi, insanlar gələcəyə baxışda nəyisə seçə bilirdilər, gözləntiləri var idi ki, orta məktəbi bitirib ali məktəbə qəbul olacağam, məzun olduqdan sonra mənə iş verəcəklər... Bu gün isə ali məktəbi bitirən tələbə işsizdir, onu heç kim işə götürmür. Eyni zamanda sovet dövründə təhsil, səhiyyə və digər sosial xidmətlər insanlar üçün pulsuz idi. İndi isə hamısı pulludur, işləyənlərin sayı isə azdır. Bir ailədən bir-iki nəfər işləyir, onlara da aldıqları maaş çatmır. Buna görə də sovet dövrü ilə müqayisələr ortaya çıxır”.

Bu sözləri Pravda.az-a açıqlamasında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.

Alim bildirib ki, həm etik, həm də  elmi, ictimai, siyasi nöqteyi-nəzərdən iki sistemi bir-biri ilə müqayisə etmək olmaz: “Çünki hazırda yaşadığımız sistemin hələ adını  dəqiq  bilmirik. Nə sırf kommunizmdir, nə də sosializmdən tam aralanmışıq. İki sistemin arasında qalmış ictimai-siyasi sistemdir. Bu ideologiya bizi hara aparır, dəqiq bilmirik. Anlaşılmazlıqların çoxu da buradan meydana çıxır. Orta məktəb proqramı çox çətindir. Kənd məktəblərinin əksəriyyəti bağlanıb, təhsilə fikir verənlər azdır, çoxu şəhərə gəlib. Burada da balanssızlıq əmələ gəlir. Kənd və şəhər arasında çox böyük fərq var. Bakıda yaşayanların böyük əksəriyyəti kənddən gələnlərdir, iş axtarırlar. Münasibətlərin belə gərginləşməsi sosial problemlərin vaxtında və normal şəkildə həll olunmamasından irəli gəlir. “Sosial problemlər” dedikdə birinci növbədə işsizliyi, tibbdən təhsilə qədər pullu xidmətləri nəzərdə tuturam. İndi maşını çöldə saxlamaq da pulladır. Bütün bunlar Sovet İttifaqı dövründə yox idi. Buna görə də yaşlı nəsil öz dövrünün yaxşı cəhətlərini müqayisə edir. Əslində inkişaf gedir, biz bu gün keçmişlə yaşamalı deyilik. Keçmişi bu günə tətbiq etmək mümkün deyil. Hazırda başqa bir sistemdə yaşayırıq. Bu sistemin qayda-qanunlarını öyrənməli, imkanımız varsa, təkmilləşdirməliyik. Yaxud təkmilləşməsinə təkan verə bilərik. Hər iki sistem arasında yerlə göy qədər fərq var. Hazırda olduğumuz sistemdən yeni sistemə keçdik - texnologiya, süni intellekt sistemində rolumuz necə olacaq, bilmirik. Bəlkə də, bu günə min dəfə şükr edəcəyik. Belə məsələlər çoxdur. Müzakirəni isə bilən insanlar etməlidir. İnsanlar aşılamalıdırlar ki,  indiki sistemi sovet sistemi ilə müqayisə etməyin bizə nə xeyiri var? Xeyiri yoxdursa, bunu müzakirə etməyə də ehtiyac yoxdur. İrəliyə doğru gedirik. Hər sistemin özünün müsbət və mənfi cəhətləri var. Elə bir sistem yoxdur ki, qüsursuz olsun. Keçmişə qayıtmaq fayda verməz, çünki keçmiş artıq bizdən uzaqlaşıb. Dünya sistemi də belədir. Keçid mərhələsindəyik. Bütün bu müzakirələr də keçid mərhələsində olmağımızdan irəli gəlir”.