Sosial şəbəkədə biz:
Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətlər tətbiq ediləcək
Xəbər Şəkli

Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətlər tətbiq ediləcək

01 July 2026, 07:56
Cəmiyyət

Azərbaycanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açması qadağan edilir, xarici platformalara isə bu ölkədə qeydiyyatdan keçmək və ya nümayəndəlik yaratmaq öhdəliyi qoyulur.

Bununla bağlı Milli Məclis iyunun 30-da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Dəyişikliklər sosial şəbəkə platformaları üçün yeni öhdəliklər müəyyən edir. Qanuna əsasən, platformalar istifadəçilərin yaşını yoxlamalı, dövlət qurumlarının sorğularını cavablandırmalı, Azərbaycanda qeydiyyatdan keçməli və ya nümayəndəlik yaratmalıdır. Tələblərin yerinə yetirilməməsi halında isə mərhələli maliyyə və texniki sanksiyalar nəzərdə tutulur.

Qanuna əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Platformalar istifadəçinin yaşını əvvəlcə onun bəyanı, daha sonra isə bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə yoxlamalı olacaq. 16-18 yaş arası istifadəçilərin hesablarında valideyn nəzarəti tətbiq ediləcək. Provayderlər “zərərli” məzmunun 24 saat ərzində məhdudlaşdırılmasını, həmçinin yaşın yoxlanılması üçün toplanan şəxsi məlumatların proses başa çatdıqdan sonra silinməsini təmin etməlidirlər.

Dəyişikliklər yalnız istifadəçilərlə bağlı deyil, sosial şəbəkə platformalarının fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycandakı istifadəçilərə xidmət göstərən provayderlər ölkədə dövlət qeydiyyatına alınmalı və ya nümayəndəlik yaratmalı, dövlət qurumları ilə operativ əlaqə üçün əlaqə mərkəzi formalaşdırmalı, habelə dövlət orqanlarının sorğularını beş iş günü ərzində cavablandırmalıdırlar.

Qanunun tələblərinə əməl etməyən provayderlərə qarşı mərhələli sanksiyalar nəzərdə tutulur. Əvvəlcə yazılı xəbərdarlıq ediləcək, daha sonra 100 min və 300 min manat məbləğində maliyyə sanksiyaları tətbiq olunacaq. Tələblər yenə də yerinə yetirilməzsə, platformada reklam yerləşdirilməsi qadağan edilə, internet trafikinin həcmi isə mərhələli şəkildə 20, 50 və 90 faizədək azaldıla bilər.