44 günlük Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində apardığı döyüşlər Ermənistan ordusuna ciddi itkilər hesabına başa gəlib.
Həmin döyüşlərdə öldürülən yüksək rütbəli hərbçilərdən biri polkovnik-leytenant, 5-ci atıcı batalyonun komandiri Samvel Suren oğlu Sahakyan olub.
Samvel Sahakyan 26 iyun 1986-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək şəhərində anadan olub. 2001-ci ildə, 15 yaşında Monte Melkonyan adına hərbi-idman liseyinə daxil olub. 2003-cü ildə buranı bitirdikdən sonra Vazgen Sarkisyan adına Hərbi İnstitutda təhsilini davam etdirib.
Hərbi təhsilini başa vurduqdan sonra Qafandakı hərbi hissədə xidmətə başlayıb. 2009-cu ildə Ermənistanın müdafiə nazirinə müraciət edərək xidmətini ön xətdə davam etdirmək istədiyini bildirib və Azərbaycanın həmin dövrdə işğal altında olan Kəlbəcər rayonu istiqamətində yerləşdirilmiş hərbi hissəyə göndərilib.
Sahakyan uzun müddət Kəlbəcər istiqamətində xidmət edib. Onun hərbi bioqrafiyasına dair məlumatlarda Qafandan sonra Kəlbəcərə göndərildiyi, burada illərlə xidmət etdiyi, daha sonra yenidən Qafana qaytarıldığı göstərilir.
Ümumilikdə Ermənistan silahlı qüvvələrində 13 il xidmət edən Sahakyanın bu müddətin təxminən 10 ilini ön xətt hərbi hissələrində, Azərbaycan Ordusunun mövqelərindən bir neçə yüz metr məsafədə keçirdiyi bildirilir.
2016-cı ilin Aprel döyüşləri başlayanda Sahakyan Kəlbəcər istiqamətində xidmət edirdi. Daha sonra yenidən Qafandakı hərbi hissəyə göndərilib və batalyon komandirinin vəzifəsini müvəqqəti icra edib.
13 yanvar 2019-cu ildə onun xidmət yeri yenidən dəyişdirilib. Sahakyan Azərbaycanın həmin vaxt işğal altında olan Cəbrayıl rayonu ərazisində yerləşdirilmiş hərbi hissənin 5-ci atıcı batalyonunun komandiri təyin edilib. Sonrakı dövrdə polkovnik-leytenant rütbəsi alıb.
Xidmət yolunun mühüm hissəsi Azərbaycanın o dövrdə Ermənistanın işğalı altında saxlanılan Kəlbəcər və Cəbrayıl rayonlarında keçib.
Sahakyan Qaregin Njde ideologiyasının tərəfdarı olub. Atası Suren Sahakyanın sözlərinə görə, o, Njde ideologiyasına bağlı olub. Atası həmçinin bildirib ki, Sahakyan 21-22 yaşlarında Kəlbəcərdən Qafana gedərək Xustup dağına qalxıb, Njdenin məzarını tapıb və bir neçə gün ərzində oranı təmizləyib.
Sahakyanın atası Suren də hərbçi, polkovnik-leytenant olub. Atasının sözlərinə görə, oğlunun hərbçi peşəsini seçməsində onun da təsiri olub. O, Samveli uşaqlıqdan hərbi hissələrə apardığını, tankların və artilleriya qurğularının yanına gətirdiyini danışıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Samvel Sahakyan məzuniyyətdə olub. Müharibənin başladığını öyrəndikdən sonra Cəbrayıl istiqamətinə yollanıb və öz batalyonuna çatıb.
Atası Suren Sahakyanın danışdıqlarına görə, müharibənin ilk günlərində o, Cəbrayıl istiqamətində təmas xəttində, döyüşlərin getdiyi ərazidə olub.
Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində başladığı əks-hücum əməliyyatları zamanı Ermənistan ordusunun mövqeləri ağır zərbələrə məruz qalıb. Samvel Sahakyan 28 sentyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə öldürülüb.
Məlumatlara görə, Sahakyanın komandiri olduğu 5-ci batalyonda döyüşlər zamanı ilk ölən hərbçi elə batalyon komandirinin özü olub.
Sahakyan orduda sərt komandirlərdən biri kimi təqdim edilirdi. Atasının danışdığı epizodlardan birinə görə, döyüş zamanı əsgərlərindən birini zirehli gödəkçə və dəbilqəsiz gördükdə öz qoruyucu vasitələrini çıxararaq həmin əsgərə verib və onu səngərə göndərib.
Samvel Sahakyan 13 illik xidməti ərzində müxtəlif orden və medallarla, eləcə də çoxsaylı fəxri fərman və təşəkkürlərlə təltif olunub. Ölümündən sonra Ermənistanın birinci dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif edilib. Vazgen Sarkisyan adına Hərbi Universitetdə auditoriyalardan birinə onun adı verilib.
Ermənistan ordusu Vətən müharibəsinin nəticələrini unutmamalıdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı silahlı fəaliyyət göstərmək və Azərbaycan torpaqlarında hərbi mövqe tutmaq ağır nəticələrə gətirib çıxarır. Samvel Sahakyanın aqibəti də işğal altında saxlanılan Azərbaycan torpaqlarında hərbi xidmət keçən Ermənistan hərbçilərinin üzləşdiyi nəticələrin nümunələrindən biri oldu.
Müzəffər Azərbaycan Ordusu təxminən 30 il işğal altında saxlanılan torpaqlarımızı 44 gün ərzində döyüş meydanında azad etdi. Bu nəticə Ermənistan ordusunun illərlə yaratdığı “qəhrəmanlıq” və “döyüş təcrübəsi” mifinin Azərbaycan Ordusu qarşısında necə dağıldığını da göstərdi.
Musavat.com