Hesablardan oğurlanan pullar: Qurumlar məsuliyyəti boyunlarından atır
Son günlər sosial şəbəkələrdə Bakıda ictimai nəqliyyatda bank kartı ilə ödəniş edən sərnişinlərin hesabından səbəbsiz çıxarışlarla bağlı şikayətlər yayılıb. İstifadəçilər bildirirlər ki, bəzi hallarda nəqliyyat vasitəsindən istifadə etmədikləri halda və ya gecə saatlarında kartlarından pul çıxır.
Sosial şəbəkə istifadəçilərindən birinin sözlərinə görə, etdiyi ödənişlərdən ikiqat pul çıxır. O, bildirib ki, artıq bank kartı ilə ödəniş etməmək qərarına gəlib:
“Artıq Bakubus-da bank kartı ilə ödənişə son qoyuram. Sonuncu dəfə 1.20 manatlıq yol getmişdim, amma 2.40 manat çıxıldı. Ara-sıra başqa saatlarda da 60 qəpik çıxılır”.
Oxşar iddia ilə çıxış edən digər istifadəçi isə kartından ardıcıl şəkildə çoxsaylı ödənişlər çıxıldığını bildirir. Onun sözlərinə görə, bir dəfə edilən ödənişə baxmayaraq, kartdan 29 dəfə gediş haqqı tutulub. Şikayətçi məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsə də, konkret cavab ala bilmədiyini qeyd edir.
Daha bir nəfər də bildirir ki, avtobusda etdiyi ödənişdən sonra həmin gün axşam saatlarında və daha sonra evdə olduğu halda kartından əlavə məbləğ çıxılıb. O, iddia edir ki, problem bankla deyil, nəqliyyat sisteminin işi ilə bağlıdır.
Sosial mediada paylaşılan şikayətlər bununla da bitmir. Şikayətçilər deyir ki, metro və avtobusun işləmədiyi gecə saatlarında belə onların bank kartından ödəniş haqqı çıxılır və bu ödənişlər sonradan geri qaytarılmır.
Məsələ ilə bağlı “K Group” MMC (Bakıkart), “Bakı Metropoliteni” və “BakuBus” birgə açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu hal ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə əlaqədardır.
Qurumların məlumatına görə, ödənişlər bəzi hallarda dərhal deyil, müəyyən vaxtdan sonra kartdan çıxılır. Bu səbəbdən istifadəçilərə elə görünə bilər ki, vəsait təkrar və ya gecikmiş şəkildə tutulur. Bildirilir ki, hazırda müşahidə olunan çıxarışlar əvvəlki günlərdə həyata keçirilmiş gedişlərə aiddir.



Lakin bu açıqlama da şikayətçilər üçün yetərli olmayıb. Onlar hələ də bir gediş üçün iki və ya daha çox ödəniş etdiklərini və bu ödənişlərin niyə geri qayıtmadıqlarına cavab ala bilməyiblər. Şikayətçilər deyir ki, qurumların qaynar xəttinə zəng edəndə onlar da bir-birilərinə yönləndirirlər. Nəticədə istifadəçilər bu dəfə də zənglərdə bir neçə manat itirdiklərini qeyd ediblər.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, “Bakıkart” və digər elektron sistemlərdə yaranan problemlər təkcə bir quruma aid məsələ deyil və son illər müxtəlif dövlət və maliyyə sistemlərində oxşar hallar müşahidə olunub.
Onun sözlərinə görə, eyni gedişə görə vətəndaşların kartından bir neçə dəfə pul çıxılması ilə bağlı hal təsadüfi deyil.
“Çox sayda insan, hətta mənim ailə üzvlərim də bu problemlə qarşılaşıb. İnsanlar nə vaxt nəqliyyatdan istifadə etdiklərini bilirlər və əlavə ödənişlərin fərqindədirlər”, – deyə Həsənov bildirib.
Hüquqşünas bəzi hallarda ödənişin sistemdə gec görünməsi səbəbindən sonradan tutula biləcəyini də istisna etmir. Amma onun fikrincə, çoxsaylı şikayətlər artıq texniki problemdən xəbər verir.
Əkrəm Həsənovun sözlərinə görə, əsas səbəb elektron sistemlərin vaxtında yenilənməməsi və informasiya texnologiyalarına kifayət qədər pul xərclənməməsidir.
“Müasir ödəniş sistemləri daimi yenilənmə tələb edir. Problem ondadır ki, ya bu sahəyə vaxtında vəsait ayrılmır, ya da ayrılan vəsaitin necə istifadə olunduğu sual altındadır”, – deyə o bildirir.
Hüquqşünas qeyd edir ki, belə hallarda qurumlar adətən məsuliyyəti öz boyunlarından atırlar.
O, vətəndaşların məhkəməyə müraciət etməsini isə praktiki baxımdan əlverişsiz sayır.
“10-20 manatlıq problemə görə məhkəməyə gedən şəxs daha çox xərc çəkəcək. Təkcə iddia ərizəsinin hazırlanması üçün vəkilə verilən məbləğ çıxılan puldan artıq ola bilər”, – deyə Həsənov bildirib.
Əkrəm Həsənov deyir ki, vətəndaşlar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməyi bu halda ən optimal seçimdir.
Onun sözlərinə görə, vətəndaşlar həm telefonla, həm də internet üzərindən şikayət göndərə bilərlər:
“Bu, məhkəmə ilə müqayisədə daha sadə və daha sürətli üsuldur”.