2026-cı ilin əvvəlindən Yaxın Şərqdə başlayan hərbi münaqişələr dünya bazarında enerji daşıyıcılarının qiymətlərində ciddi dalğalanmalara səbəb olub. Nəticədə cari ilin 9 ayında dünya bazarında neft və qazın qiymətlərində kəskin bahalaşma müşahidə edilib. Bu müddətdə neftin bir barelinin qiymətinin 95-110 dollar arasında dəyişməsi, bəzi günlərdə hətta 120 dolları keçməsi Azərbaycanın gəlirlərini də artırıb.
Qeyd edək ki, Azərbaycanın bu ilki dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neftin bir bareli 65 dollardan hesablanıb. Mərkəzi Bank isə xəbər verir ki, ilin birinci yarısında dünya birjalarında Azərbaycan neftinin bir bareli orta hesabla 94,5 dollara satılıb.
“Azəri Layt” markalı neft dünya bazarında daha yüksək qiymətə satılsa da, Dövlət Gömrük Komitəsinin (DGK) ilin doqquz ayının hesabatına görə, onun gömrük dəyəri orta hesabla 86,8 dollar təşkil edib. Bu isə logistika və digər daşınma xərcləri nəzərə alındıqdan sonra neftin orta satış dəyərinin daha aşağı olduğunu göstərir.
Bununla belə, Azərbaycanın “qara qızılı”nın büdcədə nəzərdə tutulan baza qiymətindən baha satılması neft hasilatının azalması nəticəsində yaranan gəlir itkilərini müəyyən qədər kompensasiya edə bilib.
İxrac olunan neft və qazın həcmi azalır…
Beləliklə, DGK-nin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında neft-qaz sektorunun məhsulları üzrə ixrac gəlirləri 17,2 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artım deməkdir. Bununla, neft-qaz sektoru Azərbaycanın ixracında ən böyük paya malik məhsullar olaraq qalır.
Sözügedən sektor üzrə xam neft satışından əldə olunan gəlirlər 10,1 milyard dollara çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.
Xam neftin ixrac həcmi ötən ilin doqquz ayı ilə müqayisədə 1,2 milyon ton və ya 6,7 faiz azalıb. Belə ki, cari ilin yanvar-sentyabr aylarında 15,8 milyon ton xam neft ixrac edilib.
Energetika Nazirliyinin cari ilin yanvar-sentyabr aylar üzrə açıqladığı rəqəmlərə əsasən, ixrac olunan neftin 15,5 milyon tonunu Azərbaycan nefti təşkil edib. Bu isə yerli neftin ixracında təxminən 11 faizlik azalma olduğunu göstərir. Bununla yanaşı, Qazaxıstan və Türkmənistandan tranzit məqsədilə nəql olunan 300 min tona yaxın neft bizim ümumi ixrac göstəricilərini müəyyən qədər artırıb.
Təbii qaz ixracına gəlincə, bu məhsul üzrə həm həcm, həm də dəyər baxımından azalma müşahidə olunur. DGK-nın məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında təxminən 18 milyard kubmetr qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz azdır.
Dünya bazarında təbii qazın qiymətinin yüksək olmasına baxmayaraq, ixrac həcmlərinin azalması gəlirlərə də təsir göstərib. Belə ki, Azərbaycanın təbii qaz satışından əldə etdiyi gəlir 6,4 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.
Hesabat dövründə emal olunmuş neft və neft məhsullarının ixracından əldə olunan gəlir isə 570 milyon dollara çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Xüsusilə, neft koksu və neft bitumu kimi məhsulların istehsal həcmlərinin artması ixraca da müsbət təsir göstərib. Nəticədə neft məhsullarının fiziki ifadədə ixracı 52,4 faiz artaraq 767,3 min tona çatıb.
Rusiya və Azərbaycanın anlaşması: neft ucuz satılıb, baha alınıb
Azərbaycanın neft ixrac etdiyi ölkələrin coğrafiyasında da diqqətçəkən məqam müşahidə olunur. DGK hesabatında xam neftin satıldığı ölkələrin adları tam açıqlanmasa da, Dövlət Statistika Komitəsinin (DSK) səkkiz aylıq hesabatından bu istiqamətdə müəyyən detalları əldə etmək mümkündür.
DSK-nın hesabatında Azərbaycanın Rusiyaya neft ixrac etdiyi məlum olur. Bakı ilə Moskva arasında Rusiyadan “qara qızıl” idxalına dair razılaşmalar olsa da, Azərbaycanın Rusiyaya neft ixracı ilə bağlı statistik göstəricilərə son on ildə ilk dəfədir ki, rast gəlinir.
Maraqlı məqam ondan ibarətdir ki, cari ilin yanvar-avqust aylarında Rusiyadan idxal olunan neftin qiyməti Azərbaycanın bu ölkəyə satdığı neftin qiymətindən xeyli yüksək olub.
Belə ki, cari ilin ilk səkkiz ayında Rusiyaya ümumi dəyəri cəmi 850 min dollar olan 2 min ton neft ixrac edilib. Bu göstərici Rusiyaya satılan neftin bir barelinin orta qiymətinin təxminən 56 dollar təşkil etdiyini göstərir.
Əksinə olaraq, Rusiyadan 117 milyon dollar dəyərində 192,2 min ton neft idxal edilib. Burada isə şimal qonşusundan alınan neftin bir barelinin orta qiyməti 83,5 dollar təşkil edib.
Ümumilikdə, Rusiyadan xam neft idxalının həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3,6 dəfə azalıb. Bu azalmanın əsas səbəbləri sırasında Ukraynanın dron hücumları nəticəsində Rusiyanın bir sıra neft emalı müəssisələrinin sıradan çıxması və Moskvanın neft və neft məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməsidir.
Bütün bunlara baxmayaraq, Qərbin Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiya və embarqolara rəğmən, Azərbaycanla Rusiya arasında neft ticarətinin davam etdiyini göstərir. Üstəlik, bu ticarət daha əlverişli qiymətlərlə təşkil edilir.
Hələlik Rusiyanın Azərbaycan neftinə yaranan tələbatı və tərəflər arasında əldə edilmiş razılaşmalar barədə hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, əvvəllər SOCAR Bakı-Novorossiysk boru kəməri vasitəsilə Azərbaycan neftini Rusiya ərazisindən keçirərək Qara dəniz sahilində yerləşən Novorossiysk limanına nəql edirdi. Lakin bu marşrutla ixrac olunan az həcmdə Azərbaycan nefti dünya bazarına “Urals” markası altında çıxarılırdı. “Urals” markalı neft isə adətən “Azəri Layt”la müqayisədə daha ucuz satılırdı.
Azərbaycan neftini hansı ölkə neçəyə alıb?
Cari ildə Azərbaycan neftinin ən yüksək qiymətə satıldığı ölkələr arasında Hindistan, İsveçrə və Bolqarıstan yer alıb. Belə ki, Hindistana ixrac olunan neftin bir barelinin orta qiyməti 104 dollar, İsveçrəyə satılan neftin qiyməti 96,6 dollar, Bolqarıstana ixrac olunan neftin qiyməti isə 96 dollar təşkil edib.
Bundan əlavə, DGK-nin 9 aylır hesabatında xam neft ixrac edilən ölkələrin bir çoxunu “digərləri” kateqoriyasına daxil edib. Bu kateqoriya üzrə 1,6 milyon ton neft satılıb və nəticədə 1 milyard dollardan çox gəlir əldə olunub.
Digər qurumların sənədlərinə əsasən, həmin ölkələr arasında Rusiya ilə yanaşı, Türkiyə, Fransa, Yunanıstan, Serbiya və s. bu kimi ölkələrin də adı yer aldığı görünür. meydan.tv