Sosial şəbəkədə biz:
1 milyard manatlıq tenderlər və batmış şəhər: nəticə niyə görünmür?
Xəbər Şəkli

1 milyard manatlıq tenderlər və batmış şəhər: nəticə niyə görünmür?

02 April 2026, 08:31
Araşdırma

Bir neçə gün əvvəl yağan güclü yağış yenidən Bakıda həyatı iflic etdi. Paytaxtın müxtəlif ərazilərində yollar, yaşayış evləri və iaşə obyektləri su altında qalıb, avtomobillər batıb, bəzi qəsəbələrdə isə körpülər dağılaraq yararsız vəziyyətə düşüb.

Bu mənzərə Bakı üçün artıq yeni deyil. Demək olar ki, hər il bir neçə dəfə təkrarlanan leysan yağışları oxşar fəsadlara səbəb olur, bəzi hallarda insan tələfatı ilə nəticələnir. 2024-cü ilin oktyabrında “Sabunçu” tunelində baş verən hadisə zamanı iki nəfərin boğularaq ölməsi problemin ciddiliyini bir daha göstərmişdi. Rəsmi qurumlar isə adətən bu halları iqlim dəyişikliyi və “normadan artıq” yağıntı ilə izah edərək baş verənləri təbii fəlakət kimi təqdim edirlər.

Bununla yanaşı, 2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə problemin əsas səbəblərindən biri kimi məhz kanalizasiya sisteminin zəifliyi göstərilib. Dövlət başçısı leysan yağışları zamanı şəhər nəqliyyatının iflic olduğunu qeyd edib və çıxış yolu kimi Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulacağını, kanalizasiya ilə təminat səviyyəsinin isə 50 faizdən 95 faizə çatdırılmasının planlaşdırıldığını bildirib.

Sosial şəbəkələrdə isə istifadəçilər tez-tez yağış görüntülərini paylaşaraq hökumətin infrastruktur siyasətini tənqid edir, ayrılan vəsaitlərin səmərəsiz xərcləndiyini, yeyintilərin olduğunu iddia edirlər.

Meydan TV-nin apardığı araşdırma göstərir ki, təkcə ötən il Dövlət Su Ehtiyatları Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən ümumi dəyəri 1 milyard manata yaxın olan onlarla tender keçirilib. Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, bu vəsaitlər əsasən Bakı və Abşeron ərazisində kanalizasiya və tullantı su infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə yönəlib.

Tenderlər çərçivəsində müxtəlif hövzələr üzrə tullantı sularının təmizlənməsi üçün qurğuların tikintisi və layihələndirilməsi, eləcə də şəhər və ətraf qəsəbələrdə magistral və gətirici kanalizasiya kollektorlarının inşası həyata keçirilir. Bu layihələr həm yeni xətlərin çəkilməsini, həm də mövcud şəbəkənin genişləndirilməsini nəzərdə tutur.

Rəqəmlər göstərir ki, problemin həlli üçün kifayət qədər vəsait ayrılıb və iri həcmli layihələr elan olunub. Lakin hər yağışdan sonra təkrarlanan eyni mənzərə bu xərclərin effektivliyi ilə bağlı ciddi suallar doğurur. İnfrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin real nəticələrinin şəhər həyatında hiss olunmaması isə ictimai narazılığı daha da artırır.

Mütəxəssislər hesab edir ki, təkcə yeni layihələrin elan olunması kifayət deyil – əsas məsələ onların icrası, keyfiyyəti və davamlı nəzarət mexanizmidir. Şəffaflıq, hesabatlılıq və müstəqil monitorinq mexanizmləri olmadan ayrılan vəsaitlərin necə xərcləndiyini qiymətləndirmək çətin olaraq qalır.

Bu fonda əsas sual dəyişmir: əgər hər il milyonlarla, hətta milyardlarla manat xərclənirsə, niyə Bakı hər yağan yağışdan sonra yenə eyni problemlərlə üz-üzə qalır? Cavab isə hələ də açıq qalır.