Sosial şəbəkədə biz:
“Əcnəbi sözlər çox vaxt ehtiyacdan deyil, kiminsə kefinə əsasən dilə daxil edilir” – Nadir Məmmədli
Xəbər Şəkli

“Əcnəbi sözlər çox vaxt ehtiyacdan deyil, kiminsə kefinə əsasən dilə daxil edilir” – Nadir Məmmədli

04 November 2025, 13:39
Müsahibə

AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli ilə müsahibəni təqdim edirik.

– Prezident İlham Əliyev AMEA-ın 80 illik yubileyindəki çıxışında bildirib ki, Azərbaycan dilinin saflığını qorumaq vacibdir. Sizcə, ədəbi dildə bu saflığı qorumaq üçün nələr edilməlidir?

– 10 milyonluq bir xalq olaraq ədəbi dilimizin saflığını qorumaq borcumuzdur. Dilimizə necə yanaşırıqsa, başqaları da elə baxır. Təəssüf ki, xaricdə yaşayan azərbaycanlılar dilimizdən daha çox məişət səviyyəsində istifadə edirlər. Halbuki bir dildə yüksək səviyyədə fikir ifadə etmək mümkündürsə, əcnəbi dillərdən söz gətirməyə ehtiyac yoxdur. Bəli, dillərin inteqrasiyası qaçılmazdır, amma əsas məsələ dilimizin saflığını qorumaqdır. Bu, ölkə daxilində qorunur, lakin xaricdə yaşayan soydaşlarımız da bu məsələdə diqqətli olmalıdırlar.

– Prezidentin dilin saflığının qorunması ilə bağlı çağırışı, sizcə, nəyin göstəricisidir? Əcnəbi sözləri əsasən dilə kimlər və nə üçün daxil edir?

– Cənab Prezidentin çıxışında vurğuladığı kimi, məsuliyyət yalnız dilçilərin deyil, həm də yazıçıların, jurnalistlərin və sadə vətəndaşların üzərinə düşür. Prezident dövlətin keşiyində durduğu kimi, dilimizin də keşiyində dayanır. Dilimizə əcnəbi sözləri əsasən publisistik üslub daxil edir – qəzetlər, saytlar, sosial media və s. Elmi üslubda bu proses çox ləng gedir, rəsmi üslub isə ümumiyyətlə alınma sözlərə qapalıdır. Publisistik üslubda isə yeri gəldi-gəlmədi, xarici sözlərdən istifadə etmək düzgün deyil.

- AMEA Dilçilik İnstitutu orfoqrafiya lüğətinin hazırlanması istiqamətində hansı yeniliklər edir?

– Hazırda orfoqrafiya lüğətini süni intellektin köməyi ilə hazırlayırıq. Əvvəlki lüğətdə 82 min söz var idi, indi isə bu rəqəm 180 minə çatdırılıb. Bu da dilin inkişafının, inteqrasiyanın göstəricisidir. Lakin biz hər sözü lüğətə əlavə etmirik - yalnız zəruri olan, dilə həqiqətən lazım olan sözləri daxil edirik.

– Bəs lüğətə yeni sözlər əlavə edilərkən hansı prinsiplər əsas götürülür?

– İki anlayışa diqqət edirik: alınma söz və əcnəbi söz. Alınma sözlər dilə ehtiyacdan gəlir, yəni bu halda onları götürmək lazımdır. Amma əcnəbi sözlər çox vaxt ehtiyacdan deyil, kiminsə kefinə əsasən dilə daxil edilir. Kiminsə xətrinə, ya da dəbə görə bu sözləri götürmək düzgün deyil. Məsələn, “müsahibə” sözü illərdir işlənir, amma indi “intervyu” işlədilir. Bu yersizdir. Eyni vəziyyət “multfilm” və “cizgi film”, “bilgisayar” və “kompüter” sözlərində də müşahidə olunur. Zamanla bunlardan biri qalacaq, digəri dildən çıxacaq.

– Sizcə, bu istiqamətdə nələr edilməlidir, hansı addımlar atılmalıdır?

– Əsas məqsəd odur ki, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar dilin saflığını qorusunlar. Orfoqrafiya lüğətini müasir texnologiyaların köməyi ilə daha da təkmilləşdiririk, amma ən vacibi insan amilidir. Hər kəs – alim, müəllim, jurnalist və sadə vətəndaş da dilə sevgi və məsuliyyətlə yanaşmalıdır.

***

Xatırladaq ki, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev bildirib: "On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti.

Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir.

Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm". Yenisabah