ŞAİR-PUBLİSİST ƏLİRZA XƏLƏFLİ HAQQINDA XATİRƏLƏR
Adını unutduğum hansısa müdriklərdən biri yaddaşı xatirələr xəzinəsi adlandırıb. Türk ədəbiyyatının görkəmli şairi, yazıçı və həkimi Cənab Şəhabəddinə görə isə xatirələrimiz - yaşlandıqca öz-özünə zənginləşən bir sərmayədir.
Bəli, insan övladı yaşadıqca yaddaşında acılı-şirinli xatirələr toplanır. Bizdən sonra yaddaşlardan yaddaşlara hoparaq əbədi qalan da məhz bu xatirələrdir. Sözümün, necə deyərlər, canı odur ki, necə yaşamışıqsa xatirələrdə də elə o cür qalırıq. Şübhəsiz ki, xatirənin yaddaşlarda necə qalması ilə, onun necə nəql edilməsi arasında fərqlərin olması da mümkündürr. Bu isə, əlbəttə, səmimiyyət məsələsidir. Bu baxımdan pespublikanın əməkdar müəllimi Möhübbət İbrahimovanın, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli ilə bağlı diqqətimi çəkən xatirələrinin səmimiyyətinə şübhə etmirəm. Və düşünürəm ki, bir xəzinə kimi Möhübbət xanımın aşağıdaki xatirələri mütləq çap olunmalıdır.
Nəriman Mahmud
Yazıçı-publisist
Xatirələr doğmaları, yaxınları, keçmişi, dünəni xatırlamaq, yada salmaq üçündür. Xatirələr bəzən qəmli, bəzən sevincli, bəzən şən, bəzənsə kədərli olur. Amma unutmayaq ki, həyat da həmişə hamı üçün hamar, düz yoldan ibarət olmur. Onun da daşlı-kəsəkli, əyri-üyrü, dolanbac yolları var. Bu yaxınlarda məndən qrup yoldaşım Əkbər digər qrup yoldaşımız, bu gün tanınmış şair-publisist Əlirza Xələfli haqda xatirələrimi yazmağı, söyləməyi xahiş etdi. Düşündüm. Düşündüm ki, tələbəlik illərimiz elə başdan-başa xatirə deyilmi? Gəncliyimizin ən qiymətli illərinə təsadüf edən tələbəliyimiz. Necə qayğısız, qəmdən, kədərdən uzaq imiş bu illər. Dərsdən qaçıb kinoya getdiyimiz, pulumuz qurtaranda bir yumurtanı dörd nəfərlə bölüşdüyümüz günlərdə necə də xoşbəxt idik. 25 qəpiklik “tvaroqu” 24 qəpiyə almağımız, 3 qəpiklik trolleybusa iki adam üçün 5 qəpik verib düşdüyümüz vaxtlar həyatımızın unudulmaz çağları idi. Artıq həmin illər geridə qalıb. Əlli il geridə. Bu 50 ildən bizə qalan isə unudulmayan xatirələrdir...
Əlirza ilə mənim ilk tanışlığım Quşdan müəllimin dərsindən başladı. Bizə "Dilçiliyə giriş"i tədris edən bu müəllim qrup uşaqlarının siyahısını oxumağa başladı. Jurnalda bir nömrə Əlirza idi. “Əzizov Əlirza Zal oğlu” dedikdə uşaqları bilmirəm, amma mən çox təəccübləndim. Yadıma dastanlardan oxuduğum Rüstəm Zal, Zal pəhləvan düşdü. Bu adları öz-özümə təkrarladım. Əlirzaya diqqətlə baxdım. Boyu pis deyildi. Bədəncə isə cılızdı. Pəhləvan övladına, nəvəsinə bənzəmirdi.
"Buna bax, Zal oğlu imiş", - deyib astaca güldüm. Zaloğlu dərslərini məndən yaxşı oxuyurdu, əlaçı idi (mən isə cəmi üç semestr əlaçı oldum). Həm də o, mühazirələrdə bəziləri kimi özünü arxaya verib kiminləsə söhbət edib vaxt keçirmirdi. Hər şeyə diqqətlə yanaşırdı. Müəllimlərə maraqlı suallar verir, onu qane edən cavabı almayınca həmin adamdan əl çəkmirdi.
Bir xasiyyəti də vardı. Rayon, kənd uşaqlarına məxsus təəssübkeşlik. Hətta bu səbəbdən bir dəfə “kubinka” uşaqları ilə də savaşmışdı. Onlar da Əlirzanın sifətini şillə-yumruqla “bəzəmişdilər”. Səbəbi isə guya “kubinka” uşaqlarının bizə sataşmaları imiş. Nə isə. Buna gənclik çılğınlığı deyirlər.
Hə, onunla bağlı bir xatirəm də var ki, indi də yadıma düşəndə xəcalət çəkirəm. Bu, biz pambıqda olanda baş vermişdi. Bir-birimizlə qoza döyüşü oynayanda mən də ona bir-iki qoza atdım. O da mənim arxamca qaçdı, mənim ayağım büdrədi, yıxıldım. Əlirzaya bərk acığım tutdu.
O, institutu məndən yaxşı oxudu. Qızlar içərisində ən yaxşı oxuyan mən olsam da, fərqlənmə diplomu ala bilmədim. Qrupumuzda iki nəfər - Hümmətlə Əlirza qırmızı diplom aldı.
Nəhayət, dörd illik institut həyatı sona çatdı. Xoş xatirəyə çevrildi. Hər birimiz təyinat aldığımız bölgəyə yollandıq.
Düz demişlər: "Dağ dağa rast gəlməsə də, insan insana rast gələrmiş". Bəli, düz əlli il sonra biz təkrar yenidən görüşdük. Amma necə? Bunu təsvir etməsəm, daha yaxşı olar. Bir onu deyim ki, beş nəfər aramızdan həmişəlik ayrılmışdı. İşıqlı dünyanı həmişəlik tərk etmişdi. Allah onlara qəni-qəni rəhmət eləsin! Qalanlara isə can sağlığı versin...
Möhübbət İbrahimova
Respublikanın əməkdar müəllimi
