Sosial şəbəkədə biz:
"Beşindən zəif, ikisindən yaxşı dolanıram"
Xəbər Şəkli

"Beşindən zəif, ikisindən yaxşı dolanıram"

17 June 2026, 17:18
Mədəniyyət

Bu gün Əməkdar artist, tanınmış aktyor və rejissor Nicat Kazımov 54 yaşını qeyd edir.

 

Musavat.com-un əməkdaşı sənətkarla əlaqə saxlayıb və ona doğum günü ilə bağlı suallar ünvanlayıb.

 

Müsahibəni təqdim edirik:

 

- Nicat bəy, adətən kişilər haqqında “yaş kişinin var-dövlətidir” deyirlər. Sizcə, yaşdan var-dövlət olar?

 

- Yaş ömürdən gedən səhifələrdir, bir-bir vərəqlənir. Amma bu o demək deyil ki, yaşlanıram və dayanmaq lazımdır. Həyat davam edir və Allah nə qədər ömür yazıbsa, onu şərəf və ləyaqətlə yaşamağa çalışmaq lazımdır. Özümü qətiyyən 54 yaşımda hiss etmirəm. Sanki universitetə daxil olmağa hazırlaşan tələbəyəm. Ruhum çox gəncdir.

 

- Bəs yaşlanmaq nə deməkdir? İnsan nə zaman yaşlanır?

 

- Bu yaxınlarda bir müsahibədə oxumuşdum. Orada bildirilir ki, problem onda deyil ki, qocalıq gəlir. Problem ondadır ki, gənclik getmir. Bu, mənim üçün çox gözəl bir fikirdir. Yəni mənəvi olaraq özünü gənc hiss edirsənsə, cavan hiss edirsən. Doğrudur, bəzən yaş fiziki baxımdan öz işini görür.

 

- Bəs sizi qocalmağa qoymayan nədir? Nədən stimul alırsınız?

 

- Teatr və peşəm. Bu peşə nəinki gənclik, yeniyetmə ruhu, hətta uşaqlıq tələb edir. Şükürlər olsun ki, mən bu peşə ilə məşğulam. Ailəm və peşəm, bunlar böyük rol oynayır.

 

- Adətən sənət adamları övladlarının onların yolunu davam etdirməsini istəmir. Sizin oğlunuz Mirsənan isə tanınmış aktyordur.

 

- Açığını danışsaq, mən də onun bu sənətə gəlməsini istəmirdim. Çünki onun bu çətinlikləri yaşamasını arzulamırdım. Ancaq özü istədi, arzuladı və mən də onun qarşısında durmadım. Şükürlər olsun ki, Mirsənan Azərbaycanın ən ümidverici və istedadlı aktyorlarından biridir.

 

- 54 yaşdan geri boylansaydınız, ən çox hansı dövrünüz üçün darıxardınız və ya nəyisə dəyişərdiniz?

 

- Heç nəyi dəyişməzdim. Allah mənə bu ömrü, taleyi, qisməti verib. Həyatımdan məmnunam. Mənim tələbəlik illərim 90-cı illərin çox ağır dövrünə düşüb. Çətinliklərim çox olub. Buna rəğmən, mən onların heç birini dəyişməzdim, çox şirin və ləzzətlidir. Hər bir insanın indiki insan olması üçün onun keçdiyi həyat yolu vacibdir. Ona görə də mən həyatımdan tam razıyam. Nə isə çətinliklər olubsa, onlar da Allahın mənə göndərdiyi bir lütfdür ki, mən o sınaqlardan çıxım.

 

- Bu gün sizi kim təbrik etsə və ya kimdən zəng gəlsə, ürəyinizin sarı simi tərpənər?

 

- Bilmirəm. Ətrafımda olanlar ya zəng edirlər, ya da gəlib təbrik edirlər. Amma xüsusi bir adamı indi ağlıma gətirə bilmirəm.

 

- Xanımlar adətən doğum günlərində hədiyyəyə xüsusi üstünlük verirlər. Kişilər isə onlara nisbətən emosiyalarını gizlədir və bu mövzulara toxunmurlar. Sizin bu barədə fikriniz necədir?

 

- Mən heç kəsdən heç nə gözləmirəm. Əgər kimsə bir şokolad belə hədiyyə veribsə, buna görə sağ olsun. Amma gözüm toxdur, Allah hər kəsin malını özünə qismət etsin.

 

- İllər əvvəl belə bir status yazmışdınız ki, öz eviniz yoxdur və qayınatanızla birgə yaşayırsınız. Bir sözlə, şəraitsizlikdən gileylənmişdiniz. İndi vəziyyət necədir?

 

- Bu günə də şükür. Bu gün başımı salmağa evim var. Mən həyatımdan razıyam. Allah məsləhət bilsəydi, mənim də villalarım olardı. İndiki halımdan məmnunam. Beşindən zəif, ikisindən yaxşı dolanıram. İnsan yaşa dolduqca şükür etməyi öyrənir. Allah mənə gözəl ailə qismət edib. Əsas dəyər budur. Tamaşalarım da mənim övladlarımdır. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən çıxan və teatrın hələ tam nə olduğunu anlamayan bir oğlan, yəni mən gəlib bu yerə çıxmışamsa, buna yalnız şükür etməliyəm.

 

- 54 yaşın izi ilə gənclərə hansı məsləhəti verərdiniz?

 

- Ümumilikdə bir söz deyə bilmərəm. İndi zəmanə dəyişib, ayrıdır. Amma incəsənətə gələnlərə isə deyirəm ki, zəhmət çəkin, o bir gün bəhrəsini verəcək. Bir də gənclər özlərinə qarşı hikkəli olsunlar. Desinlər ki, necə ola bilər ki, mən bunu bacarmıram. Bu, çox gözəl keyfiyyətdir.