Sosial şəbəkədə biz:

Toy məclisindən sonra baş verən qətlin təfərrüatları: “Oğlumun gözünün çıxdığını düşündüm...”

Toy məclisindən sonra baş verən qətlin təfərrüatları: “Oğlumun gözünün çıxdığını düşündüm...”
Xəbər Şəkli
17 August 2026, 09:19
Kriminal

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürmədə və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Qadir Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.
 

Hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama əsasən, hadisə 7 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında keçirilən toy mərasimindən sonra baş verib.


Belə ki, Qadir Məmmədov qohumunun toy mərasimində iştirak edib. Həmin vaxt mərasimdə əvvəllər tanımadığı zərərçəkmiş İlkin İskəndərli də olub.
 

İlkin İskəndərlinin təqsirləndirilən şəxslə və onun oğlu ilə mübahisə etməsi tərəflər arasında şəxsi münasibətlər zəminində qarşıdurmaya səbəb olub.


İstintaqın versiyasına görə, Qadir Məmmədov həmin vaxt üzərində qanunsuz olaraq gəzdirdiyi, soyuq silah hesab edilən xəncəri çıxarıb İlkin İskəndərlinin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.


İttihamda qeyd olunur ki, xəncərin tiyəsinin hər iki üzü kəsici, ucu isə batıcı xassəyə malik olub. Tiyəsinin uzunluğu 75 millimetr, maksimal eni 29 millimetr, maksimal qalınlığı 2,9 millimetr, ümumi uzunluğu isə 108 millimetr təşkil edib.


Qadir Məmmədov İlkin İskəndərliyə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib və bir dəfə də təpik zərbəsi vurub. Nəticədə zərərçəkmiş şəxsin sol dirsək oynağının arxa səthində sıyrıq, sağ baldır nahiyəsində yara, sol kürək və kürəkaltı nahiyələrdə yaralar, həmçinin həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər yaranıb. Onun aldığı xəsarətlər kəskin qanitirmə və hemorragik şokla nəticələnib.


İlkin İskəndərli gecə saat 00:05-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Məhkəmədə Qadir Məmmədov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, ifadəsində mərhum İlkin İskəndərlini əvvəllər tanımadığını, onunla heç bir ədavəti və düşmənçiliyi olmadığını deyib.


Təqsirləndirilən şəxsin sözlərinə görə, xalası qızının oğlunun toy mərasimində iştirak etmək üçün Ağdaşa gedib. Toyun sonlarına yaxın nəvəsi və oğlu Nadir ilə birlikdə masa arxasında oturub. Bir müddət sonra oğlunun çölə çağırıldığını, lakin həmin vaxt Nadirin getmədiyini deyən təqsirləndirilən şəxs nəvəsini ötürdükdən sonra geri qayıdanda övladının masa arxasında olmadığını görüb. Təxminən 3-4 dəqiqə sonra xalası qızı ona Nadirin çöldə dava etdiyini bildirib.


Qadir Məmmədov daha sonra çölə çıxdığını və insanların oraya toplandığını gördüyünü söyləyib. O, oğluna işarə edərək yanına çağırdığını, ardınca isə Nadirin evə aparılması üçün xalası oğlundan kömək istədiyini söyləyib.
 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, onlar şadlıq sarayından uzaqlaşarkən arxadan gələn İlkin İskəndərli ona yumruq zərbəsi vurub və o, yerə yıxılıb.


O, İlkinin daha sonra oğlu Nadiri də vurduğunu və aralarında dava başladığını bildirib. Həmin vaxt İlkinin oğlunun göz nahiyəsinə zərbə vurduğunu görüb. Nadirin əvvəldən sol gözündə tikiş olub və zərbədən sonra həmin tikiş açılaraq gözündən qan gəlib.


“Elə bildim ki, oğlumun gözü çıxıb”, – deyə Qadir məhkəmədə bildirib.


Onun sözlərinə görə, İlkin İskəndərlini geri itələməyə çalışsa da, sonuncu dayanmayıb və oğlunu təhqir edib.


Qadir Məmmədov daha sonra İlkin İskəndərlinin ona da yumruq zərbəsi vurduğunu, özünün isə buna cavab olaraq yumruq atdığını qeyd edib.


Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt çantasında kiçik bıçaq olub: “Bıçağı çantamdan çıxararaq İlkinin ayağına vurdum”.


Qadir ardınca tərəflərin yerə yıxıldığını və İlkin İskəndərlinin belinə bıçağın məhz bundan sonra dəydiyini iddia edib.


O, mərhumun bel nahiyəsinə necə xəsarət yetirildiyini tam olaraq görmədiyini bildirib.
 

Təqsirləndirilən şəxs məhkəmədə İlkin İskəndərlini öldürmək niyyətinin olmadığını xüsusi olaraq vurğulayıb: “Mənim İlkini öldürmək fikrim olmayıb. Nə baş vermişdirsə, onun məni və oğlum Nadirı təhqir etməsindən və Nadirin gözünə zərbə vurmasından sonra baş verib”.


Qadir Məmmədov həmçinin özünün davanı başlatmadığını və hadisənin səbəbini tam bilmədiyini deyib.
 

O, İlkin İskəndərlinin oğluna qarşı ağır təhqirlər işlətdiyini və buna görə hadisəyə müdaxilə etdiyini əlavə edib.
 

Məhkəmədə təqsirləndirilən şəxs özünün xuliqanlıq hərəkətləri etmədiyini də qeyd edib və ona belə bir ittiham verilməsinin səbəbini sorğulayıb.


Qadir Məmmədov həmçinin ailə vəziyyətinə toxunaraq 84 yaşlı anasının və 6 yaşlı qız nəvəsinin olduğunu bildirib.
 

Məhkəmənin hökmü ilə Qadir Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi və həmin Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.