“Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar və digər bir şəxs həbs olunub.
Bu barədə noyabrın 2-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə “laqeyd münasibət göstərərək” iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib:
“'Zipline' kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib. Qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb”.
Əlavə edildiyinə görə, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramovla Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq), Abasət Paşayev isə 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittihamlar elan edilib. Şəki rayon Məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslərdən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb,
Həmin ittiihamlarla şəxslərə üç ildən yeddi ilədək (sahibkara verilən ittiham üzrə) və iki ildən altı ilədək (digər şəxsə) həbs cəzası verilə bilər.