Sosial şəbəkədə biz:
"Tərtər işi" Avropa Məhkəməsində
Xəbər Şəkli

"Tərtər işi" Avropa Məhkəməsində

01 May 2026, 08:40
Kriminal

Doqquz il əvvəl Tərtərdəki hadisələr zamanı işgəncə nəticəsində həyatını itirmiş hərbçilərin ailə üzvlərinin Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi şikayət üzrə rəsmi kommunikasiya prosesi başlayıb. Məhkəmə polkovnik Saleh Qafarovun xanımı və hərbi qulluqçu Elçin Quliyevin anasının şikayəti əsasında Azərbaycan hökumətinə sorğu göndərib.

Natəvan QafarovaValidə Əhmədova Avropa Məhkəməsinə müraciət edərək bildiriblər ki, onların ailə üzvləri "dövlətə xəyanət" ittihamı ilə dindirmə zamanı işgəncəyə məruz qalıb və nəticədə həyatlarını itiriblər.

Hərbi Prokurorluq cinayət işi başlayıb. Rəsmi qərarda iddia olunub ki, polkovnik Qafarovun ölümünə dindirmə zamanı özünü pəncərədən atması nəticəsində aldığı xəsarətlər səbəb olub. Quliyevin isə dindirmə vaxtı ona yetirilən xəsarətlərdən öldüyü barədə rəy verilib.

İntihar həddinə çatdırma yox, qəsdən adamöldürmə...

Şikayətçilər AİHM-ə ərizələrində vurğulayıblar ki, Qafarovun intihar həddinə çatdırılması, hər iki hərbçiyə ağır xəsarət yetirilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarla beş nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların hər birinə 5-6 il həbs cəzası kəsilib. Lakin bu qərar şikayətçi ailələri qane etmir. Həm N.Qafarova, həm də V.Əhmədova ərizələrində Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncə, insan ləyaqətini alçaldan münasibət və pis rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu iddia edirlər. Onlar bildirirlər ki, ailə üzvləri işgəncə altında öldürülüb, lakin yerli istintaq və məhkəmə orqanları effektiv araşdırma aparmayıb. Xüsusilə vurğulayırlar ki, bu cinayətlərdə birbaşa əli olan və hadisələrə görə məsuliyyət daşıyan şəxslərin hamısı cəzalandırılmayıb.

Şikayətçilər hesab edir ki, Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş hərbçilərin ölümünə görə təqsirləndirilən şəxslərə intihar həddinə çatdırma deyil, birbaşa qəsdən adam öldürmə ittihamı verilməli idi.

N.Qafarova ərizəsində həmçinin ərinə münasibətdə Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin pozulduğunu da vurğulayıb. O xatırladıb ki, polkovnik Qafarov heç bir təqsiri olmadığı halda, işgəncə altında öldürülüb, üstəlik, ailəsinə onu normal şəkildə dəfn etməyə və uzun müddət məzarını ziyarət etməyə də imkan verilməyib.

Avropa Məhkəməsi Azərbaycan hökumətinə göndərdiyi sorğuda üç əsas sual qoyub: Şikayətçilərin ailə üzvləri işgəncəyə, insan ləyaqətini alçaldan münasibətə və ya pis rəftara məruz qalıblarmı? Onların yaşamaq hüququ pozulubmu? Bu olaylarla bağlı effektiv araşdırma aparılıbmı?

"Hansı ədalətli araşdırmadan söhbət gedə bilər?"

Şikayətçilər Azərbaycanda istər istintaq, istərsə də məhkəmə mərhələsində dəfələrlə vəsatət qaldıraraq bir sıra yüksəkvəzifəli şəxslərin cəzalandırılmasını tələb ediblər. Bunlara keçmiş hərbi prokuror, hazırda Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyev, Tərtər olayları zamanı onun müavini olmuş, indi isə Abşeron rayon prokuroru Şəfahət İmranov, müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, sabiq korpus komandiri Hikmət Həsənov və digər yüksəkvəzifəli şəxslər daxildir.

V.Əhmədova AzadlıqRadiosuna açıqlamasında deyib: "Bu adamlar, heç olmasa, məhkəməyə çağrılıb dindirilmədən hansı ədalətli araşdırmadan söhbət gedə bilər? Dəfələrlə vəsatət verilsə də, şahid qismində belə çağırıb dindirmədilər. "Tərtər işgəncələri" ilə bağlı ədalətli araşdırma aparıldığını demək absurddur. Gözdən pərdə asmaq üçün məhkəmə keçirdilər."

S.Qafarovun ölümündən sonra bir il ərzində üzərində "dövlətə xəyanət" ittihamı qalıb. Onun haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işinə 2018-ci il mayın 4-də bəraətverici əsaslarla xitam verilib.

E.Quliyev haqqında qərar isə 2022-ci il yanvarın 31-də ləğv olunub və ona da rəsmi şəkildə bəraət verilib.