İstanbulda 70 kiloqram qızılla tutulan azərbaycanlı diplomata 6 il həbs cəzası verildi
Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəkı hərbi attaşesinin keçmiş baş köməkçisi, İstanbulda 70 kiloqram qızıl külçələrlə saxlanılmış polkovnik-leytenant Qəhrəman Məmmədova 6 il həbs cəzası kəsilib. Aprelin 27-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.
Yarım il davam edən məhkəmə prosesinin yekununda 41 yaşlı Q.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qaçaqmalçılıq kimi əməllərdə təqsirli bilinib.
Lakin o, ittihamda yazılanlarla razılaşmır. Polkovnik-leytenant ona qarşı irəli sürülmüş qızıl qaçaqmalçılığı ittihamının əsassız olduğunu vurğulayıb.
Bundan başqa, Q.Məmmədov Azərbaycandan kənarda baş verdiyi iddia olunan cinayətə (qızıl qaçaqmalçılığı-red.) görə Bakıda mühakimə olunmasına da etiraz edib.
Q.Məmmədovla bağlı cinayət işinin materiallarında iddia olunur ki, o, öncədən Anar Qasımov adlı başqa bir tanışıyla razılaşaraq 2024-cü il noyabrın 22-də ABŞ-dən Türkiyəyə gəlib. Həmin gün A.Qasımov da Birləşmiş Ərəb Əmirliklərindən İstanbula gəlib, özü ilə gətirdiyi qızıl külçələrlə dolu çantanı isə hava limanında gömrük nəzarətindən kənardakı saxlanc yerinə qoyub. Q.Məmmədov isə həmin çantanı götürüb və diplomatik pasportuna güvənərək gömrük nəzarətindən bəyan etmədən keçib. Ardından İstanbuldakı otellərdən birində A.Qasımovla görüşməkdən ötrü taksidə gedəndə isə hüquq-mühafizə orqanları onu saxlayıb.
"Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb", – ittihamda vurğulanır.
Həmçinin bildirilir ki, hava limanında sözügedən saxlanc yerində içində 14 kiloqram qızıl külçələrin olduğu, gömrük sərhədindən keçməmiş daha bir çanta aşkarlanıb.
A.Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Polkovnik-leytenant Q.Məmmədov isə Azərbaycana gətirilib. Onun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. Özü də bu qurumun istintaq təcridxanasında saxlanılıb.