Rüşvətə görə həbs edilən eks-baş həkim azadlığa çıxmaq istəyir
Gəncə Dəmir Yolu Xəstəxanasının külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan sabiq baş həkimi Vidadi Seyidovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər edib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.
Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyan isə 250 min manat civarındadır.
Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Seyidov 8 il 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Pravda.az