Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində müəllimə odlu silahla atəş açmaqda təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Artıq iş üzrə hakim Vüqar Quliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında şagirdin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclasında onun vəkili Rəşad Mirmehdizadə bir sıra vəsatətlərlə çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs yetkinlik yaşına çatmadığından məhkəmə iclaslarının qapalı keçirilməsi məqsədəuyğundur. O, həmçinin müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyərək zərərçəkmiş tərəflə barışıq əldə edildiyini məhkəmənin diqqətinə çatdırıb. Zərərçəkmiş müəllimin qanuni nümayəndəsi də məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakimlərin müşavirəsindən sonra qəbul etdikləri qərara əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin olunmayıb və onun həbsdə qalmasına qərar verib. Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət də təmin edilməyib. Cinayət işi üzrə ilk baxış iclası sabah, iyulun 1-nə təyin olunub.
Xatırladaq ki, cəmiyyətdə rezonans doğuran hadisə bu il fevralın 6-da Binəqədi rayonunda yerləşən "İdrak" liseyində baş verib. Baş Prokurorluğun yaydığı məlumata əsasən, məktəbdə şagird tərəfindən odlu silahdan açılan atəş nəticəsində müəllim xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb və ibtidai istintaq aparılıb.
Musavat.com