Sosial şəbəkədə biz:

Kişi arvadının münasibətdə olduğu şəxsə əzab verdi – QƏRAR

Kişi arvadının münasibətdə olduğu şəxsə əzab verdi – QƏRAR
Xəbər Şəkli
18 November 2026, 09:39
Kriminal

Şəki Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Adil Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sonuncu keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib. 

Məhkəmə iclasında iştirak edən Adil Səfərov və onun müdafiəçisi ərizəni müdafiə edərək verilmiş apellyasiya şikayətindən imtinanın qəbul olunmasını və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edib. 

Qərara əsasən, onun apellyasiya şikayətindən imtinası qəbul edilib və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilib.

İttihama görə, Adil Səfərov 2025-ci ildə saat 13:00 radələrində qısqanclıq motivi ilə hərəkət edib. O, arvadı S.S. (adı, soyadı şərtidir) ilə rayon sakini, zərərçəkmiş Xəlil Əlizadənin (adı, soyadı şərtidir) görüşdüyünü və onunla cinsi əlaqədə olduğunu öyrənib. Bundan sonra zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə onu yaşadığı ünvandan idarə etdiyi “Daewoo Racer” markalı avtomobilə mindirib.

Təqsirləndirilən şəxs Xəlili avtomobilin arxa oturacağına əyləşdirərək Qax şəhərində yerləşən “Dağ yolu” adlanan əraziyə aparıb. Orada avtomobildən düşürdüyü zərərçəkmiş şəxsin sağ sağrı nahiyəsinə bir dəfə təpiklə qəsdən zərbə vurub. Nəticədə onun sağ sağrı nahiyəsində bir ədəd qançır yaranıb. 

Daha sonra Adil Xəlildən arvadı ilə cinsi əlaqədə olub-olmadığını soruşub. Müsbət cavab aldıqdan sonra onu arvadı ilə üzləşdirmək qərarına gəlib. Bunun üçün zərərçəkmiş şəxsi avtomobilin yük yerinə oturdaraq özünün yaşadığı ünvana aparıb. Evin qarşısında maşını saxlayan təqsirləndirilən şəxs Xəlili avtomobildən düşürtmədən arvadı S.S. ilə üzləşdirib.

Bununla kifayətlənməyən Adil zərərçəkmiş şəxsi yenidən maşının yük yerinə yerləşdirərək Şəki yolu kimi tanınan “Çaylaq” adlanan əraziyə aparıb. Burada isə ona qarşı daha ağır xarakterli zorakı hərəkətlər törədib. 

İbtidai istintaq orqanı hesab edib ki, Adil Səfərovun hərəkətləri zərərçəkmiş şəxsə fiziki ağrı və iztirab verməklə müşayiət olunan əzabvermə əməlini təşkil edib və əməl Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Adil Səfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Qax Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Daha sonra Adil Səfərov qərardan narazı qalaraq apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.