Sosial şəbəkədə biz:

MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı

MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Xəbər Şəkli
28 July 2026, 09:38
Kriminal

Ali Məhkəmədə MİDA sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil vədi verməklə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Şahlar Bədirov və Natiq Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Şahlar Bədirovun kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, təqsirləndirilən Şahlar Bədirov əvvəlcədən əlbir olduğu digər şəxslə birlikdə aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş şəxslərin ümumilikdə 99 500 manatını ələ keçirməkdə ittiham olunub.


Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Şahlar Bədirov tanışı olan zərərçəkmiş şəxslərə dövlət qurumlarında geniş əlaqələrinin olduğunu bildirərək onların etibarını qazanıb. O, MİDA sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil əldə edə biləcəyini və bu işin həllinə kömək göstərəcəyini vəd edib.
 

Məlumata görə, Şahlar Bədirovun bu sahədə heç bir səlahiyyəti olmayıb. Buna baxmayaraq, o, zərərçəkmiş şəxsləri inandıraraq müxtəlif vaxtlarda onlardan külli miqdarda pul alıb.


Cinayət işinin materiallarına əsasən, ilk epizodda zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) MİDA layihəsindən mənzil almaq məqsədilə Şahlar Bədirova ümumilikdə 32 000 manat verib.


Bildirilir ki, o, 2022-ci ilin yanvar ayında Yasamal rayonu ərazisində yerləşən "Qəbələ" dairəsi yaxınlığında ondan 15 600 manat, həmin ilin fevral ayında isə metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında daha 16 400 manat alıb. Lakin Şahlar Bədirov vəd edilən mənzili təqdim etməyib və həmin vəsait mənimsəyib.


Daha sonra Şahlar Bədirov digər təqsirləndirilən Natiq Kərimovla əvvəlcədən əlbir olaraq ikinci zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) də eyni üsulla aldadıb.


Belə ki, zərərçəkmiş şəxs vasitəçilərin təqdimatı ilə təqsirləndirilən şəxslərlə tanış olub və ona 67 500 manat müqabilində MİDA layihəsindən güzəştli mənzil veriləcəyi bildirilib.


Bu məqsədlə ilk mərhələdə zərərçəkmiş şəxs 32 500 manatı Bakı şəhərində onlara təqdim edib.


Daha sonra planın davamı olaraq Natiq Kərimov zərərçəkmişlə görüşərək özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edib. O, guya mənzillərin artıq hazır olduğunu bildirərək F.F.-ə müxtəlif sənədlər imzaladıb və mənzilə baxış üçün dəvət ediləcəyi barədə həqiqətə uyğun olmayan bildiriş təqdim edib.


Məhkəmə materiallarında qeyd olunur ki, həmin saxta təqdimatlardan sonra zərərçəkmiş şəxs qalan 35 000 manatı da Şahlar Bədirova verib.
 

Beləliklə, əvvəlcədən razılaşdırılmış plan əsasında ümumilikdə 67 500 manat dələduzluq yolu ilə ələ keçirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Bədirov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun barəsində əvvəllər çıxarılmış hökm də nəzərə alınaraq Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəzalar qismən toplanılıb və Şahlar Bədirova qəti olaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Eyni hökmlə cinayət işi üzrə digər təqsirləndirilən Natiq Kərimov da azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Hökmdən sonra Baş prokurorun müavini Heydər Məmmədov apellyasiya protesti verib. Həmçinin hər iki məhkum və onların müdafiəçiləri də hökmdən apellyasiya şikayətləri təqdim ediblər.


Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və birinci instansiya məhkəməsinin hökmünü qismən dəyişdirib. Qərara əsasən, Şahlar Bədirovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb, lakin onun cəzasını artıq ümumi deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Kollegiya digər təqsirləndirilən şəxs barəsində də yekun cəzanı müəyyən edərək ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.


Məhkəmə birinci instansiya hökmünün qalan hissəsini dəyişdirmədən saxlayıb, məhkumların və müdafiəçilərinin verdiyi apellyasiya şikayətlərini isə təmin etməyib. Pravda.az