Latviyada azərbaycanlı tələbəyə “Starlink” avadanlıqlarını Rusiyaya çatdırmaq ittihamı ilə 11 il həbs verilib
Latviyada təhsil alan Azərbaycan vətəndaşı Əli Xəlilov barəsində Riqanın Şəhər Məhkəməsi hökm çıxarıb.
Latviya dövlət televiziyasının məlumatına görə, məhkəmə ona 11 il həbs və 3 il probasiya nəzarəti təyin edib; əlavə cəza kimi Latviyadan deportasiya və 5 il müddətinə ölkəyə giriş qadağası da tətbiq olunub.
Prokuror Roberts Urdziņş Xəlilova maksimal cəza – 12 il həbs tələb etmişdi. Xəlilov isə ittihamları qəbul etməyib.
Hadisə nədən ibarətdir?
Ehtimal olunan təşkilatlanmış qrup 2024-cü ilin iyunundan oktyabrın ortalarınadək Latviya ərazisində fəaliyyət göstərib. Bu dövrdə internet üzərindən 60-dan çox “Starlink Mini Kit” sifariş edilib. Oktyabrın ortasında isə Xəlilov saxlanılıb və axtarışlar zamanı hələ satılmamış “Starlink” avadanlıqları götürülüb.
Prokurorluq bildirir ki, sxem tək Latviyadakı şəxslərlə məhdudlaşmayıb və müxtəlif ölkələrdə əlaqələri olub. Malların pul qarşılığında yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücüləri ilə gizli şəkildə Rusiyaya keçirilməsi və bu işin mənfəət məqsədi ilə qurulması iddia edilir.
Dövlət televiziyasının xəbərinə görə, prokurorluq Xəlilovun sifariş məhdudiyyətlərini aşmaq üçün ən azı 85 öncədən ödənişli sim-kart aldığı, ən azı 42 elektron poçt hesabı yaratdığı və uydurma identikliklərdən istifadə etdiyi qənaətindədir. Bildirilir ki, o, başqa şəxslərin bank hesabları ilə 60-dan çox “Starlink” sifariş edib.
Prokuror məhkəmədə “Starlink Mini” qurğularının döyüş dronlarına yerləşdirilə biləcəyini də vurğulayıb.
İttihamın əsas epizodlarından biri Moskvadakı “Qorbuşka” bazarıdır: prokurorluğa görə, 45 “Starlink” cihazı həmin bazara çatıb və Rusiya ordusunu dəstəkləyən “Axmat” bölməsi ilə əlaqəli şəxsə satılıb. Avadanlığın Luqansk istiqamətinə göndərilməsi və bəzi giriş məlumatlarının ötürülməsi də ittihamda yer alır.
Latviya mediası vurğulayır ki, şəbəkənin bütün iştirakçıları müəyyənləşdirilməyib: işdə təxminən 20-yə yaxın müəyyən edilmiş, bir neçə müəyyən edilməmiş şəxsdən bəhs edilir və prokurorluq əlavə epizodlar üzrə istintaqın davam etdiyini bildirir.
“Starlink”dən başqa, Rusiyaya hərbi məqsədlərə yararlı çantalar, silah hissələriı, optik nişangah, kalibrator, mərminin sürətini ölçən xronoqraflar və ballistik kalkulyatorlu hava ölçən cihazlar gətirildiyi, hətta Polşadan güllə və patron gilizlərinin alınmasının da təşkil edildiyi iddia olunur. Prokurorluq sifariş edilən malların ümumi dəyərini təxminən 200 min avro kimi qiymətləndirib.
Bu avadanlığın niyə “hərbi məqsədlərə yararlı” sayıldığı belə izah edilir: ballistik kalkulyatorlu hava ölçən cihazlar küləyin istiqaməti və gücü kimi amilləri ölçərək uzaq məsafəyə atəş üçün nişan düzəlişlərini hesablamağa kömək edir; xronoqraflar isə mərminin sürətini ölçür.
Arxa plan və kontekst
“Starlink” – ABŞ şirkəti Speys iksin (SpaceX) peyk internet xidmətidir: yerüstü terminal (anten) dəsti vasitəsilə internet bağlantısı verir. Orbitdə peyklərin sayının son illərdə sürətlə artmasına ən çox təsir edən layihə məhz “Starlink”dir və bu sistemin təxminən 7 min peyki var.
“Starlink Mini/Starlink Mini Kit” kimi portativ modellər demək olar ki, istənilən yerdən internetə çıxış verdiyi üçün həm mülki, həm də hərbi istifadədə cəlbedici sayılır. Bu cihazlar bir neçə yüz avro dəyərində ola bilir.
Ukraynada müharibə fonunda “Starlink” strateji rabitə vasitəsi kimi ön plana çıxıb. Rusiyanın Ukraynadakı tammiqyaslı işğal cəhdindən sonra Speys iks Ukraynaya peyk interneti verməyə başlayıb. Ukrayna hərbi kəşfiyyatı isə 2024-cü ilin əvvəlində Rusiyanın işğal olunmuş ərazilərdə “Starlink”dən istifadə etdiyini təsdiqləyib.
Rusiyada “Starlink”in rəsmi statusu ayrıca həssas mövzudur. Speys iks şirkəti Rusiya hökuməti və silahlı qüvvələri ilə əməkdaşlıq etmədiyini bildirib və “Starlink” xidmətinin Rusiyada əlçatan olmadığını qeyd edib.
Eyni zamanda bu işdə əsas hüquqi çərçivə Aİ sanksiyalarıdır. Avropa İttifaqı Rusiyaya “Starlink Mini” kimi peyk internet sistemlərinin verilməsini qadağan edib. Sanksiyaların pozulması maddəsi üzrə 10 ilə qədər həbs riski var.
Bu qadağanın məntiqi sadədir: müharibə gedən şəraitdə rabitə, dron idarəetməsi və uzaqmənzilli atəş üçün “mülki” görünən texnologiyalar da hərbi üstünlük yarada bilər. Elə buna görə də Latviya müstəntiqləri bu işi təkcə sanksiya pozuntusu kimi deyil, həm də “Rusiya tərəfinə Ukraynaya qarşı fəaliyyətdə yardım” maddəsi ilə qiymətləndiriblər.
Latviyada həmin qadağaların icrası Latviya Dövlət Təhlükəsizlik Xidmətinin (VDD) istintaqı, prokurorluğun ittihamı və məhkəmənin qərarı ilə həyata keçirilir.
VDD müvafiq iş üzrə cinayət icraatını 2024-cü ilin 9 oktyabrında açdığını, 2025-ci ilin 5 martında isə dörd nəfərə qarşı cinayət təqibinə başlanmasını prokurorluqdan istədiyini açıqlamışdı.
Proses necə irəliləyib
İstintaq 9 oktyabr 2024-cü ildə VDD tərəfindən başladılıb. VDD 5 mart 2025-də prokurorluqdan dörd nəfərə qarşı iki istiqamət üzrə təqib tələb edib: birincisi Rusiyanın Ukraynaya qarşı fəaliyyətinə yardım, ikincisi isə Aİ sanksiyalarının qrup halında pozulması. Məhkəmə prosesi 2025-ci ilin sentyabrında başlayıb, hökm isə 17 martda açıqlanıb.
VDD-nin 2025-ci ilin martında yaydığı məlumatda qeyd olunurdu ki, şübhəlilər barəsində qətimkan tədbiri kimi həbs seçilib və təqsirsizlik prezumpsiyası qüvvədədir. Sentyabr 2025-də keçirilən ilk məhkəmə iclaslarında isə Xəlilov prosesin əvvəlində vəkildən imtina edib.
Şəxslər və əlaqələr
Dövlət TV-sinin məlumatına görə, Əli Xəlilov Latviyaya təhsil üçün gəlib, hazırda isə barəsində seçilmiş qətimkan tədbiri kimi Riqa Mərkəzi Həbsxanasında saxlanılır. Prokurorluq onu sxemin əsas təşkilatçısı sayıb.
Digər üç nəfər – Danila Qoculaks, Alens Navickas və Mariya Mihejeva isə bank hesablarının açılması, çatdırılmaların izlənməsi və avadanlığın qəbulunda iştirakda ittiham olunur. İstintaq materiallarında isə ümumilikdə təxminən 20-yə yaxın şəxs qeyd olunur. JAMnews