Hazırda həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barədə istintaqı aparılan cinayət işinə cəlb edilib.
Bu barədə Həsənovun saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindəki mənbədən Meydan TV-yə məlumat verilib.
Verilən məlumatda bildirilir ki, bir aya yaxındır o, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasına köçürülüb.
Aidiyyatı qurumlar bu barədə hələlik heç bir açıqlama verməyiblər.
2001-2012-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsində çalışmış Eldar Həsənov 2020-ci il avqustun 13-də Bakıda DTX əməkdaşları tərəfindən saxlanıb.
Prezident onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda fərman imzalayıb.
Eldar Həsənov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittiham edilib..
O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması və s. layihələrin icrası zamanı yeyintilərə yol verməkdə təqsirli bilinib.
Həsənov 2022-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir.