Sosial şəbəkədə biz:

Bakıda yarım milyondan çox dələduzluq edən şirkət rəhbərinə hansı cəza verildi?

Bakıda yarım milyondan çox dələduzluq edən şirkət rəhbərinə hansı cəza verildi?
Xəbər Şəkli
11 August 2026, 08:48
Kriminal

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hüseyn Hüseynovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, təqsirləndirilən şəxs təsisçisi və direktoru olduğu, əsas fəaliyyət istiqamətləri təcrübə-tikinti işləri və bununla əlaqədar fəaliyyətlər olan MMC-dəki qulluq mövqeyindən istifadə edib.


Belə ki, Hüseyn Hüseynov tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü təmir-tikinti sahəsində geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib.


O, 2019-cu ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 112 ünvanında yerləşən “Güclü Xırdavat” mağazasından hissə-hissə tikinti materialları alıb. Təqsirləndirilən şəxs, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) aldığı malların dəyərini qısa müddət ərzində tam ödəyəcəyinə dair vəd verib. Beləliklə, drel, tol, mismar, məftil, əlcək, qır, paspayı, reduktor, vibrator və digər təmir-tikinti materialları olmaqla ümumilikdə 25 527,6 manat dəyərində məhsul əldə edib.
 

Hüseyn Hüseynov cinayət əməlinin ifşa olunmasının qarşısını almaq və qarşı tərəfdə etimad yaratmaq məqsədilə malların 16 900 manatlıq hissəsinin ödənişini həyata keçirib. Lakin nəticədə 8 627,6 manatlıq əmlakın dəyərini ödəməyib. Həmin malların icra etdiyi tikinti işlərində istifadə edildiyi, daha sonra isə onların dəyərinin tam şəkildə əldə olunmasına baxmayaraq verilən vədə əməl edilmədiyi bildirilib.


Bununla o, S.S.-ə 8 627,6 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.


Təqsirləndirilən şəxsin digər epizodu “German Industrial and Medical Consulting” MMC ilə bağlı olub.


İttihama əsasən, o, zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək həmin şirkətin icarəyə götürdüyü binanın ilk iki mərtəbəsində 2023-cü ilin yanvar-aprel aylarında ümumilikdə 201 541,63 manat dəyərində təmir-tikinti işlərini tam həyata keçirib sifarişçiyə təhvil verəcəyinə dair vəd verib. Cinayət niyyətini pərdələmək məqsədilə Hüseyn Hüseynov “German Industrial and Medical Consulting” MMC ilə rəhbəri olduğu şirkət arasında montaj, təmir və quraşdırma xidmətlərinin göstərilməsi ilə bağlı formal podrat müqaviləsinin bağlanmasına nail olub. Lakin təqsirləndirilən şəxs götürdüyü öhdəliyi tam yerinə yetirməyib və işləri yekunlaşdırmaqdan imtina edib.


Həmin şirkətin bank hesabından onun MMC-sinin bank hesabına köçürülmüş 201 541,63 manat vəsaitin görülmüş xidmətlərə görə zərərçəkmiş şəxsə ödənilməli olan 34 525,9 manatlıq hissəsini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edib. Nəticədə zərərçəkmiş şəxsə 34 525,9 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etdiyi göstərilib.
 

İttihamın digər epizodu daşıma və qazma işləri ilə bağlı olub.


Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin iyun-dekabr aylarında zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) məxsus yük avtomobilləri vasitəsilə daşıma, ekskavator vasitəsilə isə qazma işləri gördürüb. O, görülən işlərin, eləcə də istifadə edilmiş yük avtomobilləri və ekskavatorun yanacaq və ehtiyat hissələrinin dəyərini işlərin yekununda tam ödəyəcəyinə dair vəd verib.


2023-cü ilin iyun ayından dekabr ayınadək onun rəhbərlik etdiyi şirkətin bank hesabına həmin layihələr üzrə ümumilikdə 167 762 manat pul vəsaiti köçürülüb.


Təqsirləndirilən şəxs göstərilən xidmətlərin və istifadə edilmiş əmlakın 50 864 manatlıq hissəsinin ödənişini həyata keçirib. Lakin zərərçəkmiş şəxsə ödənilməli olan 116 898 manat məbləğində pul vəsaitini ələ keçirərək tikinti işlərinə və şəxsi ehtiyaclarına sərf edib.
 

Beləliklə, zərərçəkmiş şəxsə 116 898 manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etdiyi qeyd olunub.


Cinayət işinin ən böyük epizodlarından biri isə zərərçəkmiş R.R.-ə (adı, soyadı şərtidir) məxsus MMC-yə məxsus tikinti materialları ilə bağlı olub.


İttihama əsasən, təqsirləndirilən şəxs həmin MMC-nin direktor müavini olan nümayəndənin etibarından sui-istifadə edərək metal materialların alınması ilə bağlı formal alqı-satqı müqaviləsinin bağlanmasına nail olub.

 

 

2023-cü ilin aprel ayından 2024-cü ilin fevral ayınadək Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 105 ünvanında yerləşən “Dərnəgül tikinti materialları bazarı”nda hissə-hissə armatur, armatur yayması və yanmış məftil olmaqla ümumilikdə 1 070 889,94 manat dəyərində tikinti materialları əldə edib.

 

Hüseyn Hüseynov həmin malların dəyərinin 738 097,15 manatlıq hissəsini ödəyib. Nəticədə 332 792,79 manat dəyərində tikinti materialının ödənişi həyata keçirilməyib. Həmin materiallar təqsirləndirilən şəxsin icra etdiyi tikinti işlərində istifadə olunub və sonuncu bu işlərdən gəlir əldə etsə də, verdiyi vədə əməl etməyib.
 

Bununla MMC-yə 332 792,79 manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etdiyi bildirilib.
 

Təqsirləndirilən şəxsin digər epizodu üzrə isə zərərçəkmiş T.T. (adı, soyadı şərtidir) ilə rəhbəri olduğu MMC arasında müxtəlif tikinti mallarının alqı-satqısı ilə bağlı müqavilə bağlandığı göstərilir.
 

İttihama əsasən, 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 105 ünvanında yerləşən “Dərnəgül tikinti materialları bazarı”ndan hissə-hissə ümumilikdə 56 307,42 manat dəyərində sement, gips, izolyasiya materialları, yapışdırıcı və digər təmir-tikinti materialları alınıb. Həmin malların 26 925,42 manatlıq hissəsinin ödənişi həyata keçirilsə də, 29 382 manatlıq hissəsinin dəyəri ödənilməyib.


İttihamda həmin əmlakın da icra olunan tikinti işlərində istifadə edildiyi və Hüseyn Hüseynovun verilən vədə əməl etmədiyi qeyd olunur.


Nəticədə zərərçəkmiş şəxsə 29 382 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etdiyi bildirilib.
 

Beləliklə, ittihama əsasən, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda tikinti materialları, təmir-tikinti xidmətləri, daşıma və qazma işləri üzrə bir neçə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onların pul və əmlaklarını ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Hüseynova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.