Sosial şəbəkədə biz:
Bakıda 11 yaşlı uşağın ölümündə günahlandırılan həkimə elektron qolbaq taxıldı
Xəbər Şəkli

Bakıda 11 yaşlı uşağın ölümündə günahlandırılan həkimə elektron qolbaq taxıldı

06 July 2026, 08:18
Kriminal

Bakı Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən G.M-in (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, təqsirləndirilən şəxs hadisə zamanı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasının təcili yardım şöbəsində növbətçi pediatr-həkim kimi fəaliyyət göstərib.


2022-ci ilin oktyabrında gecə saat 01:14 radələrində 11 yaşlı H.Hüseynov valideynləri tərəfindən qarın nahiyəsində güclü ağrılar şikayəti ilə xəstəxanaya gətirilib.


Növbətçi həkim tibbi yardım göstərilməsi barədə qərar vermək səlahiyyətinə malik vəzifəli şəxs olmasına baxmayaraq, uşağın vəziyyətini tam və hərtərəfli qiymətləndirməyib, laborator və instrumental müayinələr təyin etməyib, düzgün differensial diaqnostika aparmayıb və xəstəliyin əsl səbəbini müəyyən etməyib.


İstintaq orqanının qənaətinə görə, həkim G.M. yalnız simptomatik müalicə ilə kifayətlənib. Belə ki, azyaşlıya "No-Şpa" və "Dimedrol" inyeksiyası vurulub, həmçinin imalə edilib. Bununla yanaşı, hər iki ağciyərdə inkişaf etmiş pnevmoniyanın vaxtında aşkarlanması üçün zəruri müayinələr aparılmayıb.


İttihamda qeyd olunub ki, xəstənin vəziyyəti təxirəsalınmaz hospitalizasiya tələb etdiyi halda, o, stasionara yerləşdirilməyib, yüksək texnologiyalı tibbi yardım göstərən ixtisaslaşmış şöbəyə göndərilməyib və müalicəsi gecikdirilib. Tibbi yardımın vaxtında və lazımi qaydada göstərilməməsi nəticəsində azyaşlının vəziyyəti daha da ağırlaşıb. Sonradan hər iki ağciyərin total hemorragik pnevmoniyası fonunda inkişaf edən kəskin tənəffüs çatışmazlığı səbəbindən uşaq xəstəxananın reanimasiya şöbəsində vəfat edib.


Məhkəmə hesab edib ki, baş vermiş ölüm ilə həkim G.M.-in xidməti vəzifələrini vicdansız və laqeyd şəkildə yerinə yetirməməsi arasında səbəbli əlaqə mövcud olub və bu səbəbdən onun əməlində Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş səhlənkarlıq cinayətinin tərkibi yaranıb.


Birinci instansiya məhkəməsində ifadə verən təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib.


O deyib ki, uzun illər pediatr və reanimatoloq kimi çalışıb və hadisə baş verən gecə xəstəxanada növbədə olub. Həmin vaxt şöbədə kadr çatışmazlığı yaşandığını, növbədə iki həkim və beş tibb işçisi olmalı olduğu halda, faktiki olaraq yalnız özü və iki tibb bacısının xidmət göstərdiyini deyib.


Onun sözlərinə görə, həmin gecə şöbəyə təxminən 100-ə yaxın xəstə müraciət edib və iş yükü olduqca ağır olub.


Təqsirləndirilən şəxs bildirib ki, azyaşlı xəstə xəstəxanaya yalnız qarın ağrısı şikayəti ilə gətirilib. Valideynləri əvvəlcədən cərrahın uşağa baxdığını və cərrahi patologiya aşkar etmədiyini söyləyiblər.


Həkim qeyd edib ki, müayinə zamanı uşağın hərarəti 36,6 dərəcə, oksigen saturasiyası isə 98 faiz olub. Ağciyərləri dinləyərkən yalnız sərt tənəffüs eşidib, lakin öskürək, yüksək hərarət və ya pnevmoniyanı düşündürəcək digər klinik əlamətlər müşahidə etməyib.


G.M. qarın ağrısını azaltmaq məqsədilə uşağa "No-Şpa" və "Dimedrol" inyeksiyası etdiyini, valideynlərin bir həftəyə yaxındır qəbizlik olduğunu bildirmələrindən sonra isə imalə tətbiq etdiyini deyib.


Təqsirləndirilən şəxsin sözlərinə görə, prosedurlardan sonra uşağın vəziyyəti yaxşılaşıb. Valideynlər uşağı evə aparmaq istədiklərini, sonradan öz həkimlərinə göstərəcəklərini deyiblər.


Həkim iddia edib ki, əslində uşağın bir müddət müşahidə otağında saxlanılmasını tövsiyə edib, lakin digər xəstələrlə məşğul olduğu vaxt valideynlərin onun xəbəri olmadan xəstəxananı tərk etdiklərini sonradan öyrənib.


Təqsirləndirilən şəxs bildirib ki, xəstəyə ilkin olaraq "kəskin qastrit" diaqnozu qoyulub və mövcud klinik əlamətlər pnevmoniyaya əsas vermədiyi üçün əlavə laborator və instrumental müayinələrin aparılmasına ehtiyac görməyib.


O vurğulayıb ki, əgər pnevmoniyaya dair hər hansı əlamət müşahidə etsəydi, dərhal rentgen, laborator analizlər və digər zəruri müayinələri təyin edər, həmçinin müvafiq ixtisaslaşmış həkimləri dəvət edərdi.


Təqsirləndirilən şəxs bildirib ki, uşağı evə yazmayıb, əksinə, müşahidə altında qalmasını istəyib və sonradan onun vəziyyətinin ağırlaşaraq vəfat etməsini yalnız prokurorluqda aparılan istintaq zamanı öyrənib.


O, öz hərəkətlərində cinayət tərkibi olmadığını bildirərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.


Nəsimi Rayon Məhkəməsinin hökmü ilə G.M. Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 1 il müddətinə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, eləcə də hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsini tətbiq edərək, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı saxlanıldığı bir günü iki gün hesabı ilə cəzadan çıxıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası saxlayıb. pravda.az