Sosial şəbəkədə biz:
Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb
Xəbər Şəkli

Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb

01 March 2026, 11:06
Kriminal

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən "Narketing163" adlı qruplaşmanın Azərbaycana qarşı təşkil etdiyi kiberhücum cəhdləri aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, qurum tərəfindən həyata keçirilən texniki araşdırmalar və indikatorlar əsasında aparılan korrelyasiya təhlilləri zamanı, sözügedən hücumların əvvəllər də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

Hücum kampaniyası zamanı müxtəlif dövlət qurumlarına və özəl şirkətlərə ünvanlanan elektron məktublarda məşhur təşkilatların adlarından, loqolarından və rəsmi üslubundan saxta məqsədlə istifadə edilib. Buradakı əsas hədəf istifadəçilərin inamını qazanmaq və məktuba əlavə olunmuş zərərli faylın işə salınmasını təmin etmək olub.

Kiberhücum ssenarisində xüsusi diqqət çəkən məqamlardan biri, zərərli kodun müəyyən hissəsinin .az domen zonasındakı resurs vasitəsilə yayılmasıdır. Sosial mühəndisliyin klassik nümunəsi hesab edilən bu metod, texniki boşluqlardan ziyadə, psixoloji təsir yolu ilə istifadəçiləri zərərli əməliyyatları yerinə yetirməyə təhrik etmək məqsədi daşıyır.

Xidmət tərəfindən aparılan araşdırma nəticəsində .az domen zonasında yerləşən həmin resurs müəyyənləşdirilib, dərhal operativ addımlar atılaraq zərərli faylın ölkə daxilində yayılması dayandırılıb.

İnsidentlə əlaqədar məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi "İnsident Məlumatlarının Mübadiləsi Platforması"nda (https://misp.cert.az) paylaşılıb.